Məhkəmə qərarları › İş №3(060)-2175/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2175/2024

27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2175/2024 27.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 333.1-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:00 radələrində Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Sumqayıt ŞPİ-nin X1 Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü inzibati xətanın törədilməsində təqsirli bilərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E 240” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsi ərazisində hərəkətdə olan zaman yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış, xüsusi texniki vasitə alkotesterlə yoxlanış zamanı sonuncunun alkoqol sərxoşluğu vəziyyətində olması bildirilmişdir. Bildirir ki, saxlanılmamışdan öncə yaşadığı evin yaxınlığında iki bokal pivə içmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman özü spirtli içki qəbul etməsini etiraf etmiş, həmçinin alkotester vasitəsilə müayinədən keçirilmiş, həqiqətən alkoqol sərxoşluğu vəziyyətində olduğu öz təsdiqini tapmışdır. Bildirir ki, o, 17 il 06 ay hərbidə xidmət etmiş, İ Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır. Qazax, Ağdərə, Tovuz və digər cəbhə boyu ərazilərdə xidmət etmiş, Ağdərə rayonunun Qlobus adlanan ərazisindəki döyüşdə yaralanmışdır. Əməlindən peşmandır. Bir daha belə qayda pozuntusuna yol verməyəcəyinə söz verir. Qeyd olunanlara əsasən inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işin davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında təqdiqi edilmiş, Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə kalibrlənmiş “Alcoviser-Jupiter X” modelli xüsusi texniki vasitə olan alkotesterlə müayinənin nəticəsini özündə əks etdirən çıxarışdan görünür ki, sürücü xx.xx.2024-cü il tarixdə saat 21:23-də müayinə edilmiş, sürücüdə aşkar edilmiş alkoqolun miqdarı 1.217 % promil olmuşdur. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 02260 nömrəli protokoldan görünür ki, “Mercedes Benz E 240” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs alkotesterlə yoxlanılmış və nəticəsi ilə razı olduğunu bildirmişdir. İş materiallarında olan 27 avqust 2024-cü il tarixli Şəxs izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə alkotesterdən istifadə edilməklə aparılan müayinə zamanı alkoqol sərxoşluğu vəziyyətində olduğunu, həmin gün spirtli içki qəbul etdiyini, törətdiyi xətaya görə məsuliyyət daşımağa hazır olduğunu bildirmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs müharibə veteranıdır, 80 manat pensiya alır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi, sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolla, alkotesterin nəticəsini özündə əks etdirən protokolla, iş materiallarında olan digər sənədlərlə, o cümlədən məhkəmə iclasında etirafedici izahatı ilə öz təsdiqini tapır. Odur ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə İXM-nın 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin Qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, Şəxs aşkar edilmiş alkoqolun miqdarı 1.217 promil olduğundan o, İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib, tənbeh edilməlidir. İXM-nın 96.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Bundan başqa "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli qərarının 2.7-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. İş materiallarına əlavə edilmiş “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında” 02260 nömrəli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul etdiyini özünün müvafiq qeydi ilə protokolda təsdiq etmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla, müharibə veteranı olmasını onun şəxsiyyətini müsbət qiymətləndirməyə əsas verən ən ümdə hal kimi qəbul edərək İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, şəxsin əməlindən peşman olmasını, davranışını, törədilən inzibati xətanın xarakterini, onun Azərbaycan respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirakını, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar