Məhkəmə qərarları › İş №3(060)-2176/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2176/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2176/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X5 və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi R.Hüseynovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs oğlunun, Zərərçəkmiş şəxslər – Azerconnet MMC-nin etibarnamə üzrə nümayəndəsi X6, X1 və X3, Sumqayıt şəhər 1 saylı vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair 21 iyun 2021-ci il tarixli MN ******* saylı, 24.06.2021-ci il tarixli MN ******* saylı, 24.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 03.06.2021-ci il tarixdən 04.06.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 27/7 saylı binanın dəhliz hissəsində quraşdırılmış sayğaclara gedən 4+10 tipli təxminən 5- 6 metr uzunluğunda kabeli, 14.06.2021-ci il tarixdə Vaz 21072 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd maqnitafonu, Vaz 21015 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd “Pioner” markalı maqnitafonu oğurlamışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş R.Hüseynov protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs 03.06.2021-ci il tarixdən 04.06.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 27/7 saylı binanın dəhliz hissəsində quraşdırılmış sayğaclara gedən 4+10 tipli təxminən 5- 6 metr uzunluğunda kabeli oğurlamaqla Azerconnet MMC-yə 69 manat 60 qəpik məbləğində maddi ziyan vurmuşdur. Qeyd olunan faktla bağlı Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, onun törətdiyi əməllərdə AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş X10 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs 14.06.2021-ci il tarixdə Vaz 21072 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd maqnitafonu oğurlamaqla X7 100 manat, Vaz 21015 markalı **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd “Pioner” markalı maqnitafonu oğurlamaqla X4 100 manat maddi ziyan vurmuşdur. Qeyd olunan faktlarla bağlı Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmiş, onun törətdiyi əməllərdə AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, 03.06.2021-ci il tarixdən 04.06.2021-ci il tarixə keçən gecə Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən 27/7 saylı binanın dəhliz hissəsindən təxminən 5-6 metr uzunluğunda kabeli oğurlamışdır. Oğurladığı kabeli tanımadığı şəxsə satmışdır. Bundan başqa 14.06.2021-ci il tarixdə Vaz 21072 markalı **- NO-*** dövlət qeydiyyat nişanlı və Vaz 21015 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sağ tərəf ön yan şüşələrini sındırmaqla həmin avtomobillərin hər birindən 01 ədəd maqnitafonu oğurlamışdır. Törətdiyi əməllərdən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs Azerconnet MMC-nin etibarnamə üzrə nümayəndəsi X11 izahat verərək göstərdi ki, Azerconnet MMC-yə dəymiş maddi ziyan ödənilməmişdir. Odur ki, şikayətçidir. Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X8 ona dəymiş ziyanın ödənildiyini bildirərək Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X9 ona dəymiş ziyanın ödənildiyini bildirərək Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs tərəfindən 2 epizod üzrə dəymiş maddi ziyan ödənildiyindən onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər X1 və X3 məhkəmə iclas zalında təqdim etdikləri ərizələrindən görünür ki, Şəxs tərəfindən dəymiş maddi ziyan ödənildiyindən onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edirlər. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Azerconnet MMC-nin etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, Azerconnet MMC-yə dəymiş maddi ziyan ödənilmədiyindən şikayətçidir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 23 iyun 2021-ci il tarixdə, saat 18:35-də tutulmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, zərərçəkmiş şəxslərin, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxslərin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirinin olması onun özünün etirafı, inzibati xəta haqqında protokollarla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs 24.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Vaz 21072 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd maqnitafonu oğurlaması epizodu və 24.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Vaz 21015 markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd “Pioner” markalı maqnitafonu oğurlaması epizodu üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməli, 21.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azerconnet MMC-yə dəymiş maddi ziyan epizodu üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində inzibati qaydada həbs tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs 24.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Vaz 21072 markalı **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd maqnitafonu oğurlaması epizodu və 24.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Vaz 21015 markalı **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəf ön yan şüşəsini sındırma yolu ilə salondan 01 ədəd “Pioner” markalı maqnitafonu oğurlaması epizodu üzrə icraata Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin, 21.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Azerconnet MMC-yə dəymiş maddi ziyan epizodu üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib 23 (iyirmi üç) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni 23 iyun 2021-ci il tarixdən, saat 18:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar