Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2176/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4cü Polis Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1959-cu ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X2 Ramiz Fehruz oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə 28 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-ci Polis Bölməsinin sahə rəisi X7 izahatında bildirmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs xx.xx.2025-ci ildə DİN-nin 102 xidmətinə şikayət edərək, həmçinin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək 05 avqust 2025-ci il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri, Meyvəli Bazarının qarşısında öz avtomobilini saxlaması, alış-veriş edərək avtomobilinə yaxınlaşan zaman qəfildən tanımadığı şəxsin onun üzərinə hücum çəkərək onu döyməsini və söyüb təhqir etməsini bildirmişdir. Bununla bağlı 4-cü Polis Bölməsində araşdırma aparılmış, şikayətçinin, hadisəni törətməkdə təqsirli olan şəxsin və şahidin izahatı alınmış, Zərərçəkmiş şəxs avtomobilinə baxış keçirilərək protokollaşdırılmış, həmçinin Zərərçəkmiş şəxs barəsində məhkəmə-tibbi ekspertiza təyin edilərək müvafiq rəy alınmışdır. Alınmış rəyə əsasən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarətlər alması öz təsdiqini tapmışdır. Ona görə də 20 avqust 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti ona göndərilmişdir. Təhqiqat materialları əsasında tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Evinin çıxışı Meyvəli bazrı istiqamətindədir. Onun həyat yoldaşı xəstə olduğu üçün tez-tez evlərinə təcili yardım avtomobili gəlir, lakin bəzən bazara gələn avtomobillər orada saxladıqda təcili yardım avtomobilinə maneə yaradır. 05 avqust 2025-ci il tarixdə səhər saatlarında evindən küçəyə çıxan zaman qapılarının yaxınlığında “Mercedes” markalı avtomobilin saxlamasını görmüş və həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs irad bildirərək avtomobilini oradan kənara çəkməsini, evlərinə gələn təcili tibbi yardım avtomobilinə maneə yaratdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs əsassız olaraq özü səs-küy salmış, qazi olduğunu və lazım gələrsə onun evinə belə girə biləcəyini demişdir. Zərərçəkmiş şəxs bu sözlərinə öz iradını bildirmiş və bazara getmişdir. Bir müddət sonra geri qayıtdıqda qapılarında polis əməkdaşlarının olmasını görmüş və ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan şikayət etmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə arasında yalnız sözlə qısa müddətdə mübahisə olmuş, o Zərərçəkmiş şəxs vurmamış və ya onunla arasında hər hansı formada fiziki təmas olmamışdır. Aralarında olan sözlü münbahisə zamanı oraya bazarda və ətrafda olan çoxsaylı insanlar toplaşmışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə təxmini saat 10 radələrində özünə məxsus “Mercedes” markalı **- UV-*** dövlət qeydiyyat nişanlı avtomobilini Sumqayıt şəhəri, Betonzavod ərazisi, Tovuz kafesinin yanında yolun kənarında saxlayıb meyvə-tərəvəz bazarına daxil olaraq alış-veriş edib geri qayıdan zaman avtomobilini saxladığı yerin yaxınlığında olan evin sahibi Şəxs və onun ailə üzvləri, yəni çoxsaylı şəxslər onun üzərinə hücum çəkərək onu döyərək təhqir etmişlər, şərəf və ləyaqətini alçaltmışlar, avtomobilinə təpik və yumruq zərbələri endirmişlər. Şəxs təpiklə onun aşağı hissəsini vurmuş və boğazından sıxmışdır. Hesab edir ki, hazırki iş cinayət xarakterlidir, Şəxs barəsində xuliqanlığa görə cinayət işi başlanmalı idi. Lakin, onun barəsində yüngül formada inzibati xəta haqqında protokol tərtib etmişlər. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində 03 ay müddətində həbs tətbiq edilməsini və ya cinayət işi başlanması üçün materialların aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 izahatında bildirmişdir ki, o taksi fəaliyyəti ilə məşğul olur və Sumqayıt şəhəri, Betonzavod ərazisi, Tovuz kafesinin yaxınlığında özünə məxsus avtomobillə dayanaraq müştəri qəbul edir. Şəxs evi həmin kafenin yanında yerləşir və sonuncunu uzun müddətdir ki, tanıyır. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Tovuz kafesində olan zaman səs-küy eşidərək yola çıxmış və həmin vaxt Şəxs bir nəfər şəxslə avtomobil saxlamağa görə sözlə mübahisə etdiyini görmüşdür. Belə ki, həmin şəxs avtomobilini yolun kənarında Şəxs evinin qabağında saxlamış və bu Ramizin evinə gələn avtomobillərə maneə yaratmışdır. Mübahisə təxmini 10 dəqiqə davam etmişdir və yalnız sözlə olmuşdur. Mübahisə zamanı Ramiz həmin şəxsi vurmamış və ya onun avtomobilinə hər hansı zərbə endirməmişdir. Həmin şəxs yüksək səslə qazi olmasını və harda istəyir avtomobil saxlaya biləcəyini demişdir. Mübahisəyə görə oraya ətrafda olan çoxsaylı insanlar da toplaşmışdır. Bundan sonra Ramiz oradan uzaqlaşaraq bazara germişdir. Sonradan polisdə aparılan araşdırma zamanı həmin şəxsin Zərərçəkmiş şəxs olması ona məlum olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan 28 avqust 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 10:00 radələrində Meyvəli bazarın yaxınlığında Zərərçəkmiş şəxs döyərək bədən xəsarəti yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1169 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyunun, sol qasıq nahiyyəsinin qançırları. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əl və təpiklə vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir günə qədər olmaqla xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. İş materiallarında olan baxış keçirilmə barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Mercedes” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə əl və ya ayaq zərbələri nəticəsində əmələ gələ biləcək izlər və zədələr aşkar edilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, məhkəmə-tibbi ekspertizasının rəyi və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında zərərçəkmiş şəxslə yalnız sözlə mübahisə etməsini, onu vurmamasını bildirsə də, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə zərərçəkmiş şəxsin bədən səhti üzərində xəsarətlərin olması, həmin xəsarətlərin məhz mübahisə olan xx.xx.2025-ci il tarixə uyğun gəlməsi, xəsarətləri şəxsin özü-özünə yetirməsinin inkar edilməsi göstərilmişdir. Bundan əlavə zərərçəkmiş şəxs izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin onun boğazından tutaraq sıxmasını və aşağı hissələrinə təpiklə vurmasını bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının rəyində xəsarətlərin əmələ gəlmə mexanizmi kimi xəsarətlərin məhz kənar şəxs tərəfindən əl və təpiklə vurulmaqla əmələ gələ bilməsi də qeyd edilmişdir. Məhkəmə zərərçəkmiş şəxsin hazırki iş üzrə əməldə cinayət tərkibinin olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə alınmış məhkəmə-tibbi ekspertizasının rəyində zərərçəkmiş şəxsin dərəcəsi təyin edilməyən xəsarətlər alması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin yüngül, az ağır və ya ağır bədən xəsarəti alması halında təqsirkar şəxsin əməlində cinayət tərkibinin əlamətlərinin olması qənaətinə gəlinə bilərdi. Digər tərəfdən işin halları ilə müəyyən edilir ki, tərəflər arasında avtomobilin düzgün yerdə saxlanılmaması məsələsi ilə mübahisə olmuş və həmin mübahisənin gedişində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxsi döyərək ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməllərində Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin əlamətləri də müəyyən edilməmişdir. Qeyd edilən səbəbdən də, yəni törədilmiş əməldə hər hansı cinayətin əlamətləri müəyyən edilmədiyindən məhkəmə Azərbaycan Respublikası İXM-in 85-ci maddəsinə müvafiq olaraq materialların ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini məqsədə müvafiq hesab etmir. Belə ki, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair xərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, onun hazırda 65 yaşını keçməsini, bu səbəbdən də İXM-in 30.2-ci maddəsinin tələbinə əsasən onun barsində inzibati həbs tətbiq edilməsinin qadağan edilməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 04 saata görə 44 (qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2176/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2176/2025
02.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver