Məhkəmə qərarları › İş №3(060)-2179/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2179/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2179/2025 09.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs Yusifova (Məmmədova) Xanım Sadıq qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 29 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. 29 avqust 2025-ci il tarixli məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-4464/2024 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Yusifova (Məmmədova) Xanım Sadıq qızına ödənilməlidir. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-4464/2024 saylı digər icra sənədinə əsasən Ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat və dövlət rüsumunun əvəzi 50 manat Şəxs tutularaq Yusifova (Məmmədova) Xanım Sadıq qızına ödənilməlidir. Tələbkar Yusifova (Məmmədova) Xanım Sadıq qızının "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə götürdüyü kreditə görə borclu Şəxs 2024-cü ilin avqust ayından başlayaraq 2027-ci ilin noyabr ayı daxil olmaqla hər ay 80,2 manat tutularaq Yusifova (Məmmədova) Xanım Sadıq qızına ödənilməlidir. Qeyd edilən icra sənədləri üzrə icraata başlamaq haqqında qərarlar qəbul edilmiş, tələbin könüllü icrası haqqında bildirişlər borcluya təqdim edilmişdir. Borclu indiyədək aliment üzrə qismən ödənişlər etmiş və onun hazırda 680 manat ödənilməmiş aliment borcu qalmışdır. Digər icra sənədi üzrə isə heç bir ödəniş olmamış və həmin icra sənədi üzrə bu günə 1.062,40 manat borc yaranmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, maddi imkanı olmadığı üçün borcu tam ödəyə bilməmişdir. Lakin, məhkəmənin icraatında olan zaman hər iki icra sənədi üzrə yaranmış borcu tam ödəmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Yusifova (Məmmədova) Xanım Sadıq qızı izahatında bildirmişdir ki, borclu əvvəllər ödənişləri tam etmədiyi üçün 680 manat aliment borcu, 1.062,40 manat isə kreditə görə olan borcu yaranmışdır. Hazırda iki icra sənədi üzrə yaranmış borc tam şəkildə ödənilmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X5 icra sənədi yaranmış borcların tam ödənilməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-4464/2024 saylı icra sənədindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Şəxs tutularaq Yusifova (Məmmədova) Xanım Sadıq qızına ödənilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)- 4464/2024 saylı digər icra sənədindən görünür ki, ödənilmiş mediasiya xərcinin əvəzi 50 manat və dövlət rüsumunun əvəzi 50 manat Şəxs tutularaq Yusifova (Məmmədova) Xanım Sadıq qızına ödənilməlidir. Tələbkar Yusifova (Məmmədova) Xanım Sadıq qızının "xxxx" ASC-dən xx.xx.2023-cü il tarixli müqavilə üzrə götürdüyü kreditə görə borclu Şəxs 2024-cü ilin avqust ayından başlayaraq 2027-ci ilin noyabr ayı daxil olmaqla hər ay 80,2 manat tutularaq Yusifova (Məmmədova) Xanım Sadıq qızına ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbkar Yusifova (Məmmədova) Xanım Sadıq qızının ərizələrindən görünür ki, borclu Şəxs 680 manat aliment borcunu və 1.062,40 manat kreditə görə olan borcunu tam şəkildə ödəmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(060)-4464/2024 saylı iki icra sənədi üzrə tələbi icra etmədiyinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə izzibati xəta haqqında prptokol tərtib edilərək məhkəməyə təqdim edilmiş, iş məhkəmənin icraatında olan zaman borclu hər iki icra sənədi üzrə bu günə qədər yaranmış borcu tam ödəmişdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə bu günə qədər yaranmış borc tam ödənildidiyi üçün Şəxs inzibati məsuliyyətdən azad edilməsi və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur.https://e-qanun.az/framework/46960 Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə vəkil X2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 05 saata görə 55 (əlli beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar