Məhkəmə qərarları › İş №3(060)-218/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-218/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-218/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Mustafayeva (Zeyni) Səmayə Rasim qızı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2022-ci il tarixində “Quşçuluq üçün tük yolan avadanlıq” əldə etmək məqsədi ilə 10531.00 avro məbləğində pul vəsaitini "xxxx" ASC-dəki bank hesabından xaricə köçürmə etmişdir. Məhsul sonradan ona göndərilmişdir. Məhsulun çatması ilə bağlı olaraq ondan aslı olmayan səbəblərə görə banka məlumat verə bilməmişdir. Bu səbəblə də, "xxxx" ASC bununla bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat göndərmişdir. Mərkəzi Bank 04 sentyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmiş, xx.xx.2024-cü il tarixdə həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Həmin qərarda onun “məhsula görə xaricə ödəniş etdiyi vaxtdan 2 il müddət keçməsinə baxmayaraq məhsul ölkəyə idxal edilməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır” qeyd edilmişdir. Bununla da, guya onun tərəfindən xx.xx.2024-cü il tarixində inzibati xətanın törədildiyi qeyd edilmişdir. Onun barəsində tətbiq edilən tənbeh növünə əsasən, xətanın biləvasitə obyekti olan 10531.00 avro valyuta vəsaitinin 10 faizi miqdarında yəni 1,053.10 avro məbləğində cərimə olunmuşdur. Qeyd edilən inzibati xəta haqqında protokol və inzibati tənbeh haqqında qərarı yeni əldə etmiş və əvvəlcədən həmin sənədlər barədə məlumatı olmamışdır. Hazırda əlində olan Gömrük bəyannaməsi (invoys) barədə sənəd təsdiq edir ki, xx.xx.2022-ci il tarixində həmin məhsul gömrüyə daxil olmuşdur. Həmin sənəddə olan "xxxx" ASC-nin möhürü də təsdiq edir ki, invoys məhz onun tərəfindən ödənilmiş olan 10531.00 avro məbləğə aiddir. Yəni, əslində onun tərəfindən heç bir pozuntu halı olmamışdır. Sadəcə texniki səbəblərdən sənədlər vaxtında tərtib edilməmiş və müvafiq instansiyalara təqdim edilməmişdir. Araşdırılma aparıldığı təqdirdə köçürülmüş məbləğlərin əvəzində malların gömrük ərazisinə, oradan da ölkəyə idxal edildiyi məlum olacaq idi. Məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, **********9708 sorğu nömrəli X7 baxış keçirilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixli, 10531 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Odur ki, iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə etmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, X8 10531.00 avro məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 10531.00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə törədilmişdir. xx.xx.2022-ci il tarixli **********9708 sorğu nömrəli X5 görünür ki, xx.xx.2022-ci il tarixli, 10531 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Beləliklə müəyyən edilmişdir ki, Mustafayeva (Zeyni) Səmayə Rasim qızı tərəfindən xx.xx.2022-ci il tarixli, 10531 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal olunmuşdur. Bu hal müvafiq gömrük bəyannaməsi ilə öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə Mustafayeva (Zeyni) Səmayə Rasim qızının hərəkətlərində inzibati xəta tərkibi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mustafayeva (Zeyni) Səmayə Rasim qızının şikayəti təmin olunsun. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar