Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2180/2024 01.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 271-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində 04 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC tərəfindən idarə olunan Sumqayıt şəhər məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyin tələblərinə uyğun utilizasiya edilməməsi nəticəsində tullantıların yanması və atmosfer havasına atılan zərərli maddələrin yol verilən norma həddindən artıq olması müəyyən edilmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 233.1 və 271-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X8 bildirdi ki, qaynar xətt mərkəzinə vətəndaş Rövşən Bağırov tərəfindən olunmuş şikayətə əsasən araşdırılma aparılmış, həmin şikayətin məzmunu axşam radələrində kəskin iy-qoxunun və tüstünün müşahidə olunması ilə bağlı olmuşdur. Araşdırma zamanı Ekosum MMC tərəfindən idarə olunan Sumqayıt şəhəri bərk məişət tullantıları poliqonunda beş ayrı-ayrı ocaqda yanğın hadisəsi baş verdiyi aşkar olunur, bununla bağlı 04 sentyabr 2024-cü il tarixdə akt tərtib olunur. X7 Monitorinq İdarəsi əməkdaşları ilə birlikdə aparıln araşdırma zamanı 22 avqust 2024-cü il tarixdə monitorinq aktı tərtib olunub. Həmin aktla poliqon ərazisindən atmosferə atılan zərərli maddələrin normadan artıq olması faktı müəyyən olunmuşdur. Həmin monitorinq aktı əsasında inzibati araşdırma başlanılıb. Ekosum MMC-nin qanuni təmsilçisi idarəyə dəvət olunub, iş materialları ilə tanış olub və özünün iştirakı ilə 04 sentyabr 2024cü il tarixində 86430 nömrəli akt tərtib olunmuşdur. Toplanmış materiallar əsasında Ekosum MMC hüquqi şəxs qismində İXM-nin 233.1 və 271-ci maddələri ilə protokol tərtib edilib məhkəməyə göndərilmişdir. Əlavə olaraq bildirir ki, bundan əvvəl X3 barəsində vəzifəli şəxs qismində protokol tərtib olunub və eyni maddələr üzrə cərimə məbləği ödənilmişdir. Lakin təkrar vətəndaş müraciətləri əsasında hazırki inzibati iş başlanılmışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, orada tüstü ocaqları vardır. Buna görə də Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Onlarda olan məlumata əsasən ümumi poliqonda problemlər öz həllini tapmışdır. Odur ki, məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 bildirdi ki, heç bir yerdə yanğın baş verməmişdir, zibillikdən qoxu gəlir. Həftədə həmin əraziyə torpaq verir, həmin protokol tərtib edilən ərazi icarə müqaviləsi əsasında başqa şəxsə verilmişdir, ayrı-ayrı şəxslərə subpodrata vermişdir. Həmin sənədləri məhkəməyə də təqdim edir. Ərazidə bir balaca tüstü olub, yanğın olmamışdır. Gündə 200-300 maşın zibil gəlir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X9 Monitorinq İdarəsi tərəfindən Sumqayıt şəhəri Şəxs MMC ünvanında aparılmış monitorinq zamanı 002229 nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolu kənarı, Sumqayıt məişət tullantıları poliqonunda aparılmış monitorinq zamanı 86430 nömrəli, xx.xx.2024-cü il tarixli akt tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 271-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında 110 ha poliqon ərazisində Sumqayıt şəhəri, ətraf qəsəbə və rayonlardan, eləcə də müəssisə və təşkilatlardan gətirilən bərk məişət, istehsalat, istifadəyə yararsız olan qida və qeyri-qida məhsullarının müvafiq qaydada məhv edilməsi və çeşidləmə işlərinin aparılması məqsədi ilə icarəyə verilməsi haqqında 01 nömrəli, 26 fevral 2024-cü il tarixli müqavilə bağlanmışdır. Hüquqi şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş müqavilələrdən görünür ki, Şəxs MMC ilə fiziki şəxs X2 arasında Sumqayıt şəhəri, zərərsizləşmə poliqonunda torpaqlama xidmətləri göstərilməsi ilə bağlı C 08T nömrəli, 20 noyabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Göründüyü kimi hadisənin baş verdiyi Sumqayıt şəhəri, zərərsizləşmə poliqonunda torpaqlama xidmətlərinin həyata keçirilməsi müqavilə əsasında digər fiziki şəxsə həvalə edilmiş, protokol tərtib edilərkən qeyd olunan xüsusat araşdırılmamış, Şəxs MMC-nin qeyd olunan inzibati xətaya aidiyyatı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 271-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Haciyev
Məhkəmə qərarları › İş №3(060)-2180/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2180/2024
01.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver