Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2181/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən aparılmış monitorinq-ölçmə zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında "xxxx" MMC-yə məxsus əlvan metalların əridilməsi (qurğuşun külçə) sahəsindən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən normativlərdən artıq olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə öz izahatında bildirmişlər ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə çoxsaylı vətəndaş şikayətləri daxil olmuşdur ki, Sumqayıt şəhərində havadan kəskin iy-qoxu gəlir. Bununla bağlı Sumqayıt şəhərində fəaliyyət göstərən müəssisələrdə monitorinqlər aparılmışdır. X1 Monitorinq İdarəsi tərəfindən xx.xx.2024-cü ildə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında "xxxx" MMC-yə məxsus əlvan metalların əridilməsi (qurğuşun külçə) sahəsində də monitorinq aparılmış, monitorinq zamanı ərazidə kəskin iy-qoxu müşahidə edilmiş, zavodun fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyənləşdirmək üçün “Ankat-64M3-04” cihazı vasitəsi ilə ölçmə aparılmış, ölçmə nəticəsində zərərli CO (dəm qazı) miqdarı 9,0 mq/m3 (norma 5,0 mq/m3) müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır. Göstərilən halları nəzərə alaraq "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan ayrı-ayrı vətəndaşların Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanlanmış müraciətlərindən görünür ki, Sumqayıt şəhərinin müxtəlif yerlərində havadan kəskin iy gəlir. Buna görə müvafiq araşdırılma aparılmasını xahiş edirlər. İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 28 avqust 2024-cü il tarixli 002301 №li aktın surətindən görünür ki, "xxxx" MMC-yə məxsus obyektdə monitorinq aparılmış, monitorinq zamanı ərazidə kəskin iy-qoxu müşahidə edilmiş, zavodun fəaliyyəti zamanı atmosfer havasına atılan zərərli qaz qarışıqlarının miqdarını müəyənləşdirmək üçün “Ankat-64M3-04” cihazı vasitəsi ilə ölçmə aparılmış, ölçmə nəticəsində zərərli CO (dəm qazı) miqdarı 9,0 mq/m3 (norma 5,0 mq/m3) müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır. Zavodun işçisi Xalıqov Loğman adlı şəxs iştirak etsə də imza etəməkdən imtina etmişdir. Həmçinin MMC-nin digər əməkdaşı Abbasov Ayxanla da telefon vasitəsi ilə əlaqə saxlanılmışdır (tel: ***-***- **-**). İş materialında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 06 sentyabr 2024-cü il tarixli 86428 №li aktdan görünür ki, X1 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən aparılmış monitorinq zamanı "xxxx" MMC-yə məxsus əlvan metalların əridilməsi sahəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarından CO (dəm qazı) miqdarı 9,0 mq/m3 (norma 5,0 mq/m3) müəyyən edilmişdir ki, bu da ətraf mühit üçün yol verilən həddən artıqdır. Ölçmə “Ankat-64M3-04” cihazı vasitəsi ilə aparılmış, cihazın xx.xx.2024-cü il tarixli OMS K08666 saylı kalibrləmə sertifikatı mövcuddur. İdarə tərəfindən "xxxx" MMC-nin direktoru Elxan Sadıqova bildiriş göndərilərək aparılan inzibati araşdırmada iştirak etməsi üçün dəvət edilsə də araşdırmada iştirak edən olmamışdır. Elxan Sadıqovla mobil nömrə ilə əlaqə saxlanılaraq dəvət edilsə də (***-***-**-**) o gələ bilməyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkildə olan “Ankat-64M3-04” cihazının ekranında olan göstəricilərdən görünür ki, CO (dəm qazı) miqdarı 9,0 mq/m3 müəyyən edilir. İş materiallarına əlavə edilmiş OMS K08666 saylı kalibrləmə sertifikatının surətindən görünür ki, “Ankat-64M3-04” cihazının xx.xx.2024-cü il tarixli sertifikatı mövcuddur. Tövsiyə edilən kalibrləmə müddəti - xx.xx.2024. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə məxsus Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi 55 ünvanında yerləşən əlvan metalların əridilməsi (qurğuşun külçə) sahəsində aparılmış monitorinqlər nəticəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarından CO (dəm qazı) miqdarı 9,0 mq/m3 (norma 5,0 mq/m3) müəyyən edilmişdir. Bununla bağlı 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış və yekunda xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində aparılan araşdırma zamanı "xxxx" MMC-nin səlahiyyətli şəxsləri lazımi qaydada məlumatlandırılsalar da araşdırma prosesində iştirak etməmişlər. Göründüyü kimi "xxxx" MMC-nin fəaliyyəti zamanı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin pozulması, yəni ətraf mühitə atılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması iş materialında olan akt, protokol və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi və məsuliyyətdən azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. Belə ki, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən müəssisələrin, qurğuların və başqa obyektlərin istismarı ətraf mühitin mühafizəsi üzrə layihədə göstərilmiş bütün ekoloji tələblərin tam həcmdə yerinə yetirilməsi şərti ilə həyata keçirilir. Son hədləri yol verilən normativlər səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdiriləsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqlarla təmin edilməyən, təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadıqda müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsi qadağan edilir. “Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı maddəsinə əsasən yeni salınan və ya yenidən qurulan təsərrüfat obyektlərində atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin atılmanın texniki normativlərindən və yol verilən həddindən, zərərli fiziki təsirlərin yol verilən həddindən artıq olmaması təmin olunmalıdır. Həmin Qanunun 27.1.1-ci maddəsinə əsasən atmosfer havasına atılan zərərli maddələrin stasionar mənbələri olan hüquqi və fiziki şəxslər atmosfer havasına atılan zərərli maddələrin inventarlaşdırılmasının keçirilməsini və atmosfer havasına atılan zərərli maddələrin və onların fiziki təsirlərinin yol verilən həddinə dair normativlərə əməl olunmasını təmin etməyə borcludurlar. Həmin Qanunun 28.0.1-ci maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş zərərli maddələrin atılmasını və zərərli fiziki təsirlərin normativləri və hədlərini aşdıqda qanunvericiliklə nəzərdə tutulmuş qaydada təqsirkar hesab edilən hüquqi və fiziki şəxslər, habelə vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-in 233.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10.500 (on min beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2181/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2181/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver