Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2183/2025 18.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İXM-nin 353.2-ci maddəsi ilə cərimə edilmişdir. Həmin qərarı tam qanunsuz hesab edilməsi barədə müvafiq orqana şikayət verilsə də, hər hansı nəticə əldə olunmamışdır. O, “DAF XF 105.460” yük markalı, 99SL392 dövlət qeydiyyat nişanlı iri qabaritli yük maşını ilə yükdaşıma fəaliyyətini həyata keçirdiyi üçün yükdaşıma qaydaları ilə tanışdır. Onun barəsində cərimə edildiyi gündə avtomobilin yük ilə birgə çəkisi qaydalara uyğun olaraq 40.000 kq olmuşdur. Bununla bağlı qəbz də mövcuddur. O, yola çıxmamışdan əvvəl avtomobil yüklərin qəbulu məntəqəsində rəsmi lisenziyası olan tərəzilərdə ölçülür. Ona görə də onun kütlə parametrlərini aşmağı mümkün deyil. Belə ki, bu yük “Sea Breeze” yaşayış kompleksindən daşınmış və həmin yük avtomobilə yüklənərkən 29 nömrəli tərəzi postunun lisenziyalı tərəzisində ölçülmüşdür Həmin tərəzi postundan ona yükə dair arayış təqdim edilsə də, orada giriş-çıxış saatlarında texniki səhvə yol verilmişdir. O, daha sonra həmin arayışda yol verilən səhvin aradan qaldırılması üçün müraciət etsə də, bunun mümkün olmadığını və yalnız məhkəmə sorğusu əsasında ümumi cavab verilə biləcəyi qeyd edilmişdir. Ona isə şifahi olaraq həmin vaxtı ümumi sistemdə texniki xəta olduğu bildirilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “DAF XF 105.460” yük markalı, 99SL392 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 22:56-da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətidə (M-2 47.9-cu km-də) hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün sürücü X3 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmişdir. Çəki limiti 40.000 kq (40 ton) olsa da, avtomobilin fatiki çəkisi 43.500 kq olmuşdur. İş materiallarında olan tərəzi qəbzlərindən görünür ki, X2 idarə etdiyi “DAF XF 105.460” yük markalı, 99SL392 dövlət qeydiyyat nişanlı iri qabaritli yük maşının kütləsi müvafiq olaraq 40.000 və 39.900 kiloqram təşkil etmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “DAF XF 105.460” yük markalı, 99SL392dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 22:50da Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətidə (M-2 47.9-cu kmdə) hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması öz təsdiqini tapmışdır. Bu hal xüsusi texniki vasitə ilə aşkar edilmiş və X3 barəsində elektron inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayətçi barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın əsassız olmasını nəqliyyat vasitəsini icazə verilən çəki həddini aşmamaqla idarə etməsi ilə əlaqələndirsə də, yük maşınında daşıdığı yükün icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Şikayətçinin məhkəməyə təqdim etdiyi qəbzlər isə onun normadan az yük daşıdığını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin qəbzlərdən birinin tarixi ilə inzibati xətanın qeydə alınma tarixi ilə fərqlidir, həmçinin həmin qəbzlərin müvafiq sertifikatı olan olan tərəzilərə aid olması barədə hər hansı sənəd təqdim edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 52-ci bəndinə görə iriqabaritli nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş qabarit parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Həmin Qanunun 57-ci maddəsinin 1-ci bəndinə əsasən daşınan yükün kütləsi və yüklərin oxlar üzrə paylanması istehsalçı müəssisənin həmin nəqliyyat vasitəsinin növü üçün müəyyən etdiyi kəmiyyətlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarı ilə təqsdiq edilmiş “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkət etməsi və onların hərəkətinə xüsusi icazənin verilməsi” qaydasının 1.3-cü bəndinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qaydalara əlavə 2 nömrəli cədvəlin 3.1-ci bəndinə əsasən nəqliyyat vasitəsinin icazə verilən ümumi kütləsi (çəkisi) aşağıdakı hədləri aşmamalıdır: yəhərli avtoqatarlar üçün: ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,3 və ya daha çox, lakin 1,8 m-dən çox olmayan 36 ton, ikioxlu dartıcı ikioxlu yarımqoşqu ilə yarımqoşqunun oxları arasında məsafəsi 1,8-dən çox olduqda 38 ton, ikioxlu dartıcı üçoxlu yarımqoşqu ilə 40 ton, üçoxlu dartıcı ikioxlu yanmqoşqu ilə 40 ton, üçoxlu dartıcı üçoxlu yanmqoşqu ilə 40 ton. Məhkəmə qeyd edir ki, normadan artıq yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti yol örtüyünün vaxtından əvvəl zədələnməsinə, deformasiyasına və infrastrukturun dağılmasına səbəb olur. Bu, yalnız yolun keyfiyyətinə deyil, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə birbaşa təhdid yaradır. Belə ki, həddindən artıq yüklənmiş nəqliyyat vasitələrinin əyləc məsafəsi uzanır, manevr qabiliyyəti zəifləyir və qəza riski artır. Eyni zamanda, körpü və digər mühəndis qurğularına əlavə yük düşdüyündən, onların daşıma qabiliyyəti azalır və qəza halları baş verə bilər. Buna görə də, icazə verilən çəki hədlərinə riayət edilməsi, həm yol infrastrukturunun qorunması, həm də ümumi hərəkət təhlükəsizliyinin təmin olunması baxımından vacibdir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ28603848 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-2183/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2183/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver