Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2185/2023 09.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Firmasının etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "xxxx" Firması barəsində inzibati xəta haqqında 30 avqust 2023-cü il tarixli, EP № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, "xxxx" Firması 396.000,00 ABŞ dolları məbləğində olan vəsaiti 19 avqust 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 198.272,01 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 20 avqust 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İnzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 14 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 27 sentyabr 2023-cü il tarixə təyin edilmiş, lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və sübutların təqdim olunması ilə bağlı işin baxılması 09 oktyabr 2023-cü il tarixə təxirə salınmışdır. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq təkrar olaraq nümayəndəsinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" Firmasının nümayəndəsi Nümayəndə təmsil etdiyi hüquqi şəxsi inzibati xətanın törədilməsində təqsirli bilməyərək bildirdi ki, hazırkı iş üzrə gömrük bəyannamələrində texniki səhv olaraq tarix 06.07 əvəzinə 07.06 qeyd edilmiş, bununla bağlı gömrük orqanına 2 dəfə müraciət etmişlər. Hal-hazırda 198.272,01 ABŞ dolları məbləğində vəsaiti köçürülməli olduqları Bank BTB-dən arayış təqdim olunmuş və qeyd olunan arayışda göstərilmişdir ki, "xxxx" Firmasının xx.xx.2021-ci il tarixdə 396.000,00 ABŞ dolları köçürülmüş pul vəsaitinin 198.272,01 ABŞ dolları məbləğini xx.xx.2023-cü il tarixli N **********1558, N **********1820, N **********1486, N **********1839, N **********1681, N **********1606 və N **********1825 gömrük bəyannamələri ilə bağlanmışdır. Sözü gedən arayışı və 198.272,01 ABŞ dolları məbləğində vəsaitin ölkəyə qaytarılmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan düzəliş edilmiş gömrük bəyannamələrindən görünür ki, "xxxx" Firması tərəfindən 198272,01 ABŞ dolları məbləğində vəsait xaricə köçürülmüş və həmin 198.272,01 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə qaytarılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" Firmasının xx.xx.2021-ci il tarixində 396000 ABŞ dolları xaricə köçürülmüş pul vəsaiti üzrə YBG-lə 720 gün tamam olmadan banka təqdim olunmuşdur. YBG-lərdə qeyd olunan müqavilə tarixi vəsaitin köçürüldüyü müqavilənin tarixi ilə eyniləşmədiyi üçün həmin YBG-lər bank tərəfindən icra olunmamışdır. Qalan 198272,01 ABŞ dolları məbləğinə vəsait hesabına alınan mallara dair sənədlərə düzəliş edildikdən sonra xx.xx.2023-cü il tarixdə aşağıdakı YBG-lər ilə bağlanılmışdır: **********1558, **********1820, **********1486, **********1839, **********1681, **********1606, **********1825 Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" Firması barəsində 30 avqust 2023-cü il tarixli, EP № ******* saylı protokolla başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, yuxarıda göstərildiyi kimi məhkəməyə "xxxx" Firmasının nümayəndəsinin təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş 198.272,01 ABŞ dolları dəyərində mallar ölkəyə idxal edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, "xxxx" Firması tərəfindən inzibati xətanın törədilməsi təsdiq edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1, 53.1.2 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: "xxxx" Firması barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 avqust 2023-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-2185/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2185/2023
09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver