Məhkəmə qərarları › İş №3(060)-2187/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2187/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2187/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, subay, Sumqayıt şəhəri, X6 qəsəbəsi, Hərbi Polis Qarnizonunda qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)– 3322/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs 3650 manat aliment borcu yaranmışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X4 izahatında bildirdi ki, borcludan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–2659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs 3650 manat aliment borcu yaranmışdır. xx.xx.20224-cü ildə həmin icra sənədi onun icraatına daxil olmuşdur. Hazırkı inzibati xəta haqqında iş üzrə icraat digər icra məmurunun icraatında olub və Şəxs barəsində 1800 manat aliment borcu olduğu üçün inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmiş və Şəxs borcundan 750 manat ödədiyi üçün iş üzrə icraata xitam verilmişdir. Borclu tələbkara hər ay 600 manat ödəməli olduğu halda, hər ay 250-300 manat ödəniş etmiş və buna görə də 3650 manat aliment borcu yığılmışdır. Tələbkar borcunu tələb edir. Borclu isə müharibədə iştirak etdiyinə görə aldığı pensiyasının dayandırıldığını və bərpa olunan kimi borcunu ödəyəcəyini bildirmişdir. Beləliklə, Şəxs ödənilməmiş 3650 manat aliment borcu olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsiylə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, müharibədə iştirak etdiyinə görə aldığı pensiyası 10 aydır ki, dayandırılıb. Bununla bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və iş halhazırda məhkəmənin icraatındadır. Həmin iş sentyabrın 30-u yekunlaşacaq və pensiyası bərpa olunduğu halda borcunu ödəyəcəyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, borcunu ödəməkdən qərəzli şəkildə yayınmır və boyun qaçırmır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sonuncu ödənişini iyul ayında etmişdir. Növbəti ödənişi isə tələbkara sentyabrın 5-6-ı ödəyəcək. Borcundan qərəzli şəkildə yayınmadığını və dayandırılmış pensiyası bərpa olunan kimi borcunu ödəyəcəyini nəzərə alınaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, tərtib olunmuş protokol əsassızdır. Eyni zamanda borclunun barəsində axtarış qərarının verilməyi qanunsuzdur. Borclu borcundan qərəzli şəkildə yayınmır və boyun qaçırmır. Borclunun borcunu ödəyəcəyini nəzərə alaraq barəsində tərtib olunmuş inzibati xəta haqında protokolun təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–3322/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Şəxs 3650 manat aliment borcu yaranmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)–3322/2024 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs xx.xx.2024-cü il tarixindən etibarən 18 iyul 2017-ci il təvəllüdlü X8, 12 fevral 2023-cü i təvəllüdlü X9 və 30 noyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində aliment tutulut iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)–3322/2024 saylı nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu xx.xx.2024-cü ildə tələbin könüllü icrası haqqında bildirişlə tanış olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarılması barədə qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, Məmmədov X1 (Məmmədova) Səmanının kart hesabına 300 manat ödəmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi əlilliyə görə aldığı pensiyasının 3 aydır ki, kəsilməyidir. Noyabr ayına qədər bütün ödənişləri edib. Həmçinin bildirmişdir ki, fevral ayına olan məhkəmə prosesində müharibədə iştirak etdiyinə görə aldığı pensiyası bərpa olunarsa, borclarını tam şəkildə ödəyəcək. Bərpa olunmadığı halda isə hər ay 200 manat ödəyə bilər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsiylə başlanmış inzibati xəta haqqında iş üzrə icrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-290/2025 nömrəli, 31 yanvar 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs izahatından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–3322/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə ondan 3 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 600 manat aliment tutulmalıdır. Hal-hazırda hər ay 250-300 azn məbləğində aliment ödəyir və indiyə qədər 3650 manat aliment borcu yığılmışdır. Buna səbəb müharibədə iştirak etdiyinə görə aldığı pensiyasının 10 aydır ki, dayandırılmağıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, sonuncu məhkəmə iclasında Şəxs 2 aylıq güzəşt olunaraq aliment borcunu 600 manat olsa da, 250 manat ödəməsinə razılaşmışdır. Buna baxmayaraq Şəxs hələ də eyni məbləği hər ay ona ödəyir. Aliment borcunun tam ödənilməsini təmin edilməsini xahiş edir. Borclu məhkəmənin təyin etdiyi məbləği ödəməkdən boyun qaçırır və onun axtarışının təmin olunmasını xahiş edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona 6 ay öncə 3 uşağa görə 599 manat aliment ayrılıb. Həmin məbləğ 3 ay qarşı tərəfin aldığı müavinətindən tutularaq balansına köçürülmüşdür. Lakin son 3 aydır ki, o qarşı tərəfdən 1 manat da olsun köməklik almamışdır. İcra idarəsinin əməkdaşı ilə dəfələrlə əlaqə saxlayıb məsələni yoluna qoymaq istəsə də, lakin qarşı tərəf Şəxs İcraçı əməkdaşın zənglərinə məhəl qoymamış və ödənişdən boyun qaçırmışdır. Himayəsində 2 məktəbli və 2 yaşı tamam olmamış 1 azyaşlı övladı var. Onların bütün xərclərini tək başına bir qadın olaraq çatdırmadığını və 3 azyaşlı övladının 3 aylıq aliment borcunun ödənilməsindən ötrü ona kömək edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib qərara gəlir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni Sumqayıt Şəhər Məhkəməsinin 2(060)–3322/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməməsi Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixində Şəxs 1800 manat aliment borcunun ödənilməməsi səbəbi ilə barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş, məhkəmə iclasında 750 manat ödəniş həyata keçirməsi, Vətən müharibəsi iştirakçısı olması və 3 qrup müharibə əlilliyinin ləğv olunmasından sonra borcun yaranması halları nəzərə alınmış, borclunun qərəzli olmaması səbəbindən icraata xitam verilmiş, həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsində dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin qərarından 8 ay müddət keçməsinə baxmayaraq borclu tərəfindən ödənişlər natamam həyata keçirilmiş, bu səbəbdən borcun məbləği artaraq 3650 manat olmuşdur. Hazırda Şəxs 3-cü qrup müharibə əlilliyinin ləğv edildikdən sonra aliment borclarının yaranması nəzərə alınmalı hal olsa da, onu məsuliyyətdən azad edən əsas deyil. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün icra məmurunun qanuni tələblərini şəxs tərəfindən üzrsüz səbəbdən icra etməməsi faktının müəyyən olunması zəruridir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Konstitusiya və beynəlxalq hüquq aktlarının tələblərinə görə ədalət mühakiməsi məhkəmə qərarlarının effektiv icrası nəticəsində hüquqların səmərəli şəkildə bərpa olunmasını təmin etməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32 və 33-cü maddələrinə əsasən məhkəmə Şəxs Vətən müharibəsi iştirakçısı olması, məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar