Məhkəmə qərarları › İş №3(060)-2195/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2195/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2195/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də direktor işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP7338147 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli biləməyərək izahatında göstərmişdir ki, “Vaz 21074” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olmuş və həmin küçədə olan “Sultan” marketin qarşısından keçib getmişdir. Lakin, o həmin yolda hər hansı yol-nəqliyyat hadisəsi törətməmiş, belə bir halı xatırlamır. Əgər hər hansı hadisə törətdiyini hiss etsəydi avtomobili dərhal saxlayaraq zərərçəkmişə yardım edərdi və hadisə yerindən yayınmazdı. Qaranlıq vaxtı olduğu və ola bilsin ki, piyada avtomobilin arxa hissəsinə dəydiyi üçün bunu hiss etməmişdir. Hadisə zamanı “Vaz 21074” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün etibarnaməsi olmamışdır. Hadisədən bir gün sonra onu polisə dəvət edərək yol nəqliyyat hadisəsi törətdini bildirmişlər. O, zərərçəkmiş şəxsin yaxınları ilə əlaqə saxlamış və xəsatəxanda müayinə xərclərini ödəmişdir. Daha sonra ondan böyük məbləğdə pul tələb etdikləri üçün barışıq əldə edilməsi mümkün olmamışdır. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstrəmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində azyaşlı uşağı ilə birlikdə Sumqayıt şəhəri, Bulvar küçəsində “Sultan” marketin qarşısında olan piyada keçidindən keçərkən bir avtombil saxlayaraq onlara yol vermiş, uşağı özündə bir qədər arxada əlindən tutub saxlamaqla həmin avtomobilin qarşısından keçmiş və əlavə avtomobilin də olmadığına əmin olduqdan sonra bir qədər də irəli gedərkən anidən bir avtomobil onun sol dizindən vurmuş və sol ayaq pəncəsinin üzərindən keçmişdir. Hadisənin təsirindən özünü itirmiş və geriyə yıxılmışdır. Həmin vaxt tam özündə olmamış, ona görə də onu vuran avtomobilin markasını və dövlət qeydiyyat nişanını tam görməmiş, yalnız onu görmüşdür ki, onu vuran avtomobil bir qədər öndə tormozlayaraq saxlamış, daha sonra isə ona yardım göstərmədən hadisə yerindən yayınaraq getmişdir. Həmin avtomobilin sürücüsü bu günə kimi də onun tibbi xərclərinin ödənilməsində iştirak etməmişdir. Göstərilən halları nəzərə alaraq hadisəni törətmiş şəxs Şəxs barəsində ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X2 Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsində işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli İXP7338147 nömrəli nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs “Vaz 21074” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 23:15-də Sumqayıt şəhəri Bulvar küçəsində idarə edərkən yol hərəkət qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şəxs barəsində cinayət işinin başlanması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8 və 332.2ci maddələri ilə tədbir görülməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X2 Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş məhəkəmə-tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli 1106 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol pəncənin hərəkət məhdudluğu ilə müşayət olunmuş əziyi, sol dizin və sol dirsəyin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yaranmışdırlar, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etməsi üçün etibarnamə olmadan “Vaz 21074” markalı **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2025-ci il tarixdə saat 23:15-də Sumqayıt şəhəri Bulvar küçəsində idarə edərkən piyada keçidini keçməkdə olan piyada Zərərçəkmiş şəxs yol verməmiş, nəticədə idarə etdiyi avtomobillə piyada Zərərçəkmiş şəxs vurmaqla yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid xəsarət almış və Şəxs yol-nəqliyyat hadisəsi yerindən yayınmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edilməmiş və zərərçəkmiş şəxs Şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə birgə həmin Məcəllənin 332.1-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İXM-in 332.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir. Həmin Qanunun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, həmçinin hadisənin hallarını, yəni yol-nəqliyyat hadisəsi törədilən vaxt idarə etdiyi nəqliyyat vasitəsinə görə etibarnmənin olmamasını, hadisə yerindən yayınmasını və hazırda zərərçəkmiş şəxslə barışıq əldə edilməməsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar