Məhkəmə qərarları › İş №3(060)-2196/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2196/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2196/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X9, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə “Azərbaycan Kağız və X8” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən “Azərbaycan Kağız və X8” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 06 sentyabr 2024cü il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərbaycan Kağız və X8” MMC-nin kağız X8nda keçirilən plan üzrə YTM-də YTQ № 01-2001, bənd 3.1, 4.6-4.8 və 6.1, 8.4 tələbləri pozulmuşdur. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru Ramil Musayev tərtib edilmiş protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ramil Musayev ona verilən suallara cavab olaraq bildirmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış əsasında xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolu, Yağ fabrikinin yanında yerləşən “Azərbaycan Kağız və X8” MMC-yə məxsus sahədə planlı X12 keçirilmiş, müayinə zamanı bir sıra yanğın təhlükəsizlik qaydalarının pozulması halları aşkar olunmuşdur. Belə ki, obyektin ərazisi quru otlardan və yanar taxta tullantılarından təmizlənməmiş, anbar sahəsində boya və yağ məhsulları normaya uyğun şəkildə saxlanmamış, obyektin elektrik kabellərinin sınaq protokolları təqdim olunmamış, obyektin daxili yanğın su kranlarının qarşısı taxta konstruksiyalarla tutulmuşdur. Bu barədə fot şəkillər də protokola əlavə edilmişdir. Yanğın-Texniki Müayinənin aparılması haqqında qərarda X10, X4 və X7 adları yoxlama aparan şəxslər kimi göstərilsə də və ərazinin kuratoru Elçin Rzayev olsa da, AR Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda səhvən onun adı yazılmış, ona görə də, yoxlamanı o aparmış, aktı da o yazmamışdır. “Azərbaycan Kağız və X8” MMC-nin barəsində İXM-nin 518.1-ci maddəsinə əsasən protokol tərtib edilmiş və baxılması üçün aidiyyatı üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Əvvəlki məhkəmə iclasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru Elçin Rzayev tərtib edilmiş protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Elçin Rzayev məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Bakı-Quba yolu, Yağ fabrikinin yanında yerləşən “Azərbaycan Kağız və X8” MMC-yə məxsus sahədə planlı X12 keçirilmiş, müayinə zamanı bir sıra yanğın təhlükəsizlik qaydalarının pozulması halları aşkar olunmuşdur. Belə ki, obyektin ərazisi quru otlardan və yanar taxta tullantılarından təmizlənməmiş, anbar sahəsində boya və yağ məhsulları qaydalara uyğun şəkildə saxlanılmamış, obyektin elektrik kabellərinin sınaq protokolları təqdim olunmamış, obyektin daxili yanğın su kranlarının qarşısı taxta konstruksiyalarla tutulmuşdur. Anbar sahəsində saxlanılan məhsulların çeşidləri fərqli olsa da, alışma təhlükəsi olan məhsullara dair tələblər pozularaq bütün məhsullarla bir yerdə saxlanılmışdır. Lakin anbarda olan olan bidonlara baxış keçirilməmiş, yəni içərisində hansı tərkibdə maddələr olması barədə məlumatları olmamış, vizual baxmaqla bu qənaətə gəlmişdir. O, həmin ərazinin inspektoru olduğu üçün yoxlama zamanı ora dəvət olunaraq əməkdaşları ərazi ilə tanış etmişdir. Yoxlama da iştirak etsə də, X12 aktında onun adı qeyd edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, FHN Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1242335 saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Səlahiyyətli orqan Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN №1242335 saylı inzibati xəta haqqında protokolda hüquqi şəxs “Azərbaycan Kağız və X8” MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyi qeyd edilmiş və bu faktı təsdiq etmək məqsədilə iş materiallarına bəzi sənədlər (xx.xx.2024-cu il tarixli, 2104 saylı X6 və X1 Baxılmasının Nəticələri üzrə xx.xx.2024-cü il tarixli, 2104 saylı Qərar) əlavə edilmişdir. Aşağıdakılara əsasən, hesab edir ki, MMC-nin hərəkətlərində İXM-nin 518.1-ci maddəsi üzrə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir, bu səbəbdən xx.xx.2024-cü il tarixli MN №:1242335 saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Hüquqi şəxsin heç bir vəzifəli şəxsi tərəfindən yanğın təhlükəsizliyi qaydaları pozulmamış, səlahiyyətli orqan tərəfindən “X2”, “X1 baxılmasının nəticələri üzrə qəbul edilmiş qərarda” və nəhayət inzibati xəta haqqında protokolunda qeyd olunan pozuntular faktiki cəhətdən mövcud olmamış və hüquqi cəhətdən protokol əsassızdır. Qeyd edir ki, ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri barədə qeyd edilmiş pozuntu əsassızdır. Belə ki, müəssisənin əraziləri, bina, tikililərin əraziləri vaxtında yanar tullantılardan, quru otlardan, tökülmüş yarpaqlardan və digər yanar materiallardan mütəmadi təmizlənir. Yanar və digər tullantılar xüsusi ayrılmış, yanmayan yeşiklərə (konteyner) toplanır, daha sonra ixtisaslaşmış təşkilatla bağlanmış müqavilə əsasında nəzərdə tutulmuş tullantı poliqonuna daşınır. Bu barədə müvafiq təşkilatla bağlanmış müqavilə etiraza əlavə edilir. İnzibati xəta haqqında protokola sübut qismində əlavə edilmiş fotoşəkillərə də nəzər yetirdikdə aydın olur ki, müəssisədə ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbləri heç bir halda pozulmamışdır. Digər pozuntu kimi qeyd edilmiş obyektin elektrik kabellərinin sınaq protokolları təqdim edilməməsinə münasibətdə qeyd edir ki, bu pozuntu ilə ilə əlaqədar göstərilənlər əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 30 dekabr tarixli 520 nömrəli Qərarı ilə “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”nın təsdiq edilməsi haqqında” qaydanın 1.2.12.17. bəndinə əsasən Stasionar avadanlığın və qəza və iş işıqlandırılması elektrik şəbəkəsinin vəziyyətinin yoxlanılması, simlərin, kabellərin və torpaqlama qurğuların izolyasiya müqavimətini sınaqdan keçirilməsi və ölçülməsi elektrik işıqlandırma şəbəkəsinin istismara verilməsi zamanı, gələcəkdə isə - lakin üç ildə 1 dəfədən az olmayaraq İstehlakçının elektrik təsərrüfatına görə məsul olan şəxs tərəfindən təsdiq edilmiş qrafik üzrə aparılmalıdır. Ölçmə nəticələri elektrik avadanlığının sınaq normalarına uyğun olaraq akt (protokol) ilə rəsmiləşdirilir (müvafiq qurumların qəbul etdiyi normativ sənədlərin tələblərinə uyğun). Qeyd edir ki, təmsil etdiyi müəssisə 2023-2024-cü ildə ixtisaslaşmış və akkreditasiya olunmuş təşkilat tərəfindən kabellərin və torpaqlama qurğuların izolyasiya müqavimətini sınaqdan keçirərək protokollaşdırmışdır. Həmin işlər plan qrafik üzrə hər il icra edilməkdədir. Bu barədə protokolları da etiraza əlavə etmişlər. Bundan başqa binaların, tikililərin və otaqların saxlanılmasına dair yanğın təhlükəsizliyi tələblərinin guya pozulmasına münasibətdə də bildirir ki, bu barədə gəlinən nəticə də əsassızdır. Belə ki, respublikada qüvvədə olan ГОСТ 30333-95 ((Паспорт безопасности вещества (материала.)) material təhlükəsizlik məlumat vərəqinin 5-ci maddəsinə əsasən yanıcı deyil. Anbarda saxlanılan NALCO ACT 52214, Nex Guard 22371 və PERMATREAT PC-191 kimyəvi maddələri istehsalçı tərəfindən təqdim olunmuş material təhlükəsizlik məlumat vərəqələrinin 5-ci bəndi üzrə yanıcı deyildir. Bu barədə olan müvafiq təsdiqedici sənədləri də yazılı etirazlarına əlavə etmişdir. Qeyd edir ki, hüquqi şəxsin təqsirsizlik prezumpsiyası hüququ qorunmalı və iş üzrə sübut edilməyən - şübhəli (natamam) məqamlar onun xeyrinə həll edilməlidir. İnzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərlə MMC-nin İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi təsdiq olunmur. Hüquqi şəxsin yazılı izahatı ilə ortaya çıxan şübhəli, ziddiyyətli və natamam məqamlar hər biri barəsində icraat aparılan hüquqi şəxsin xeyrinə həll edilməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlardan da göründüyü kimi, iş materialları ilə barəsində icraat aparılan “Azərbaycan Kağız və X5” MMC tərəfindən İXMnin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmadığından, hüquqi şəxsin əməllərində inzibati xəta tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Odur ki, inzibati xəta hadisəsi olmadığına görə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN №: ******* saylı inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “Azərbaycan Kağız və X8” MMC-də plan üzrə xx.xx.2024 il tarixdən xx.xx.2024-cü il tarixədək yoxlama müddəti müəyyən olunmuşdur. 2104 nömrəli, xx.xx.2024-cü il tarixli “X6”-dan və həmin tarixli “X1 baxılmasının nəticələri üzrə qərar”-dan görünür ki, obyektin ərazisi quru otlardan və yanar taxta tullantılarından təmizlənməmiş, anbar sahəsində boya və yağ məhsulları normaya uyğun şəkildə saxlanmamış, obyektin elektrik kabellərinin sınaq protokolları təqdim olunmamış, obyektin daxili yanğın su kranlarının qarşısı taxta konstruksiyalarla tutulmuşdur. “Yanğın-Texniki Müayinənin aparılması haqqında” 2104 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “Azərbaycan Kağız və X8” MMC-də yoxlama aparan şəxslər qismində X10, X4 və X7 adları qeyd olunmuşdur. “Azərbaycan Kağız və X8” MMC ilə "xxxx" MMC arasında bağlanmış 89/SL/22 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, müqaviləyə əsasən "xxxx" MMC sifarişçinin sifarişi əsasında elektrik avadanlıqlarının test-sınaq işlərini yerinə yetirmək öhdəliyini öz üzərinə götürmüşdür. "xxxx" MMC tərəfindən tərtib olunmuş protokollardan görünür ki, "xxxx" MMC “Azərbaycan Kağız və X8” MMC-də xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə elektrik avadanlıqlarının test-sınaq işlərini yerinə yetirmişdir. “NALCO WATER” AN EKOLAB COMPANY tərəfindən verilmiş xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məlumatlardan görünür ki, “Nalco ACT” 52214, “NexGuard TM” 22371 və “Permatreat” PC-191 kimyəvi maddələri yanıcı tərkibli deyildir. “Azərbaycan Kağız və X8” MMC ilə "xxxx" MMC arasında bağlanmış 02 nömrəli, 18 yanvar 2023-cü il tarixli müqavilənin və elektron qəbzlərin surətindən görünür ki, müqaviləyə əsasən sifarişçi, yəni "xxxx" MMC Sumqayıt şəhəri, ətraf qəsəbə və rayonlardan, eləcə də müəssisə və təşkilatlardan gətirilən bərk məişət, istehsalat, istifadəyə yarasız olan qida və qeyri-qida məhsullarının müvafiq qaydada məhv edilməsi və çeşidləmə işlərinin aparılması məqsədi ilə xidmətləri göstərməyi öhdəsinə götürmüş, “Azərbaycan Kağız və X8” MMC tərəfindən isə xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə göstərilən həmin xidmətlərin haqqı ödənilmişdir. Məhkəmə protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, “Azərbaycan Kağız və X8” MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 518.1-ci maddəsinə görə Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, “Azərbaycan Kağız və X8” MMC barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsi kimi hərəkətlərə yol verilməli idi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin MMC tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə 06 sentyabr 2024-cü il tarixli “Akt”-da qeyd edilən hər bir pozuntu ilə bağlı gəldiyi qənaəti qeyd etməyi zəruri hesab edir. İlk olaraq obyektin ərazisi quru otlardan və yanar taxta tullantılarından təmizlənmədiyi göstərilsə də, adı çəkilən müəssisə ilə "xxxx" MMC arasında bağlanmış 02 nömrəli, 18 yanvar 2023-cü il tarixli müqavilənin və elektron qəbzlərin surətindən görünür ki, müqaviləyə əsasən sifarişçi, yəni "xxxx" MMC Sumqayıt şəhəri, ətraf qəsəbə və rayonlardan, eləcə də müəssisə və təşkilatlardan gətirilən bərk məişət, istehsalat, istifadəyə yararsız olan qida və qeyri-qida məhsullarının müvafiq qaydada məhv edilməsi və çeşidləmə işlərinin aparılması xidmətləri göstərməyi öhdəsinə götürmüş, müəssisə tərəfindən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə göstərilən həmin xidmətlərin haqqı ödənilmişdir. Belə olan halda yoxlayıcı tərəfindən müəssisə ərazisində bir küncə qoyulmuş taxta yeşiyin və bir neçə taxta qalığının qoyulmasını məhkəmə yuxarıda göstərilən əsaslara görə qayda pozuntusu kimi qiymətləndirmir. Anbar sahəsində boya və yağ məhsulları normaya uyğun şəkildə saxlanmaması barədə məhkəmə qeyd edir ki, iş materiallarında olan “NALCO WATER AN EKOLAB COMPANY” tərəfindən verilmiş xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli məlumatlardan görünür ki, “Nalco ACT” 52214, “NexGuard TM” 22371 və “Permatreat” PC-191 kimyəvi maddələri yanıcı tərkinli olmamışdır. Halbu ki, yoxlayıcı özünün də etiraf etdiyi kimi anbarda yığılmış bidonlara və digər xırda çəlləklərə ümumiyyətlə baxış keçirməmiş, yəni onların dolu və ya boş olması, seçmə üsulu ilə hər hansı birinin qapağını açaraq onun içəsində hansı maddə olduğunu müəyyən etməmiş və formal mülahizələrə əsaslanmaqla müəssisənin bu hissəsə də qayda pozuntusu etməsi qənaətinə gələrək aktda bu barədə müvafiq qeyd aparmışdır. Lakin məhkəmə araşdırması zamanı bu fakt da öz təsdiqini tapmamış, bidonlarda yanıcı tərkibli maddələrin olmadığı müəyyən edilmişdir. Məhkəmə obyektin elektrik kabellərinin sınaq protokollarının təqdim olunmamasına münasibətdə aşağıdakıları qeyd etməti zəruri hesab edir. Belə ki, məhkəmə iclasında barəsində protokol tərib edilmiş müəssisənin nümayəndəsi təmsil etdiyi MMC ilə "xxxx" MMC arasında müvafiq müqavilənin olduğunu eyni zamanda vaxtlı vaxtında bu qaydalara əməl etdiklərini bildirmiş və "xxxx" MMC ilə aralarında olan 19 sentyabr 2022-ci il tarixli müqaviləni təqdim edərək xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərdə elektrik avadanlıqlarının test-sınaq işlərinin yerinə yetirildiyini bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İXM-nin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞ-nin inspektoru Ramil Musayevin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin “Azərbaycan Kağız və X8” MMC-nin İXM-nin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, protkolda və müvafiq aktda göstərilənlər məhkəmə iclasında öz təsdiqni tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, “Azərbaycan Kağız və X8” MMC-nin əməlində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: “Azərbaycan Kağız və X8” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar