Məhkəmə qərarları › İş №3(060)-22/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-22/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-22/2025 06.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli, 00800-01071/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2265/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şəxs barədə tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin və barəsində protokol tərtib edilmiş Şəxs səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 00800-01071/24 nömrəli protokoldan görünür ki, 3-33- 3100/021/028770 nömrəli, xx.xx.2024-cü il tarixli raporta əsasən "STP Global Cable” MMC tərəfindən ixrac edilən malların müqabilində valyuta vəsaitlərinin müvəkkil bankın hesabına köçürülməsi haqqında hüquqi şəxsin ünvanına 3-33-3100/2-004253/2024 nömrəli xx.xx.2024-cü il tarixli bildiriş göndərilmişdir. Lakin, cəmiyyət tərəfindən Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Cəmiyyətin hüquqi ünvanına (AZ5022, ünvan 1 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, həmçinin *** *** ** **, 050 *** ** ** və 055 *** ** ** mobil telefon nömrələri ilə əlaqə saxlanılmış və səlahiyyətli nümayəndəsinin izahat verməsi xahiş olunmuşdur. Hüquqi şəxsin hər hansı nümayəndəsi üzürlü səbəb bildirmədən çağırış üzrə gəlməmişdir. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat" bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, "STP Global Cable” MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli, **********7977 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 682,95 ABŞ dolları təşkil edir. Beləliklə, "STP Global Cable” MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən hüquqi şəxs Şəxs MMC-yə ünvanlanmış “alqı-satqı yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-004334/2024 nömrəli xəbərdarlıq və xx.xx.2024-cü il tarixli, 3-33-3100/2-004253/2024 nömrəli bildirişdən görünür ki, ixrac edilmiş malların müqabilində müvəkkil bank hesablarına köçürülməmiş xarici valyutada pul vəsaitlərinin köçürülməsi tələb edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 682 (altı yüz səksən iki) ABŞ dolları 95 (doxsan beş) sent valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 204 (iki yüz dörd) ABŞ dolları 885 (səkkiz yüz səksən beş) sent məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar