Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2207/2024 13.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Protokolu tərtib etmiş şəxs- Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3, Zərərçəkmiş şəxs- X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, X1 iştirakları ilə xx.xx.1997-ci ildə Cəlilabad rayonu, Göytəpə kəndində anadan olmuş, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs xx.xx.2024-cü il tarixdə həyat yoldaşı X8 aralarında yaranmış mübahisə zamanı döyərək xəsarət yetirməsi ilə əlaqədar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə MN ******* №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuş və toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X7 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Aralarında mətbəxdə yeməklə bağlı mübahisə olmuşdur, bu zaman Fidan onu təhqir etmişdir. Bunun ardından Fidanı döydüyünü qəbul edir. Ağız nahiyəsi və baş nahiyəsinə zərər yetirdiyini bildirir. Ailənin dağılmasını istəmir və əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirdi ki, hadisə mətbəxdə olarkən baş vermişdir. Əvvəla hazırladığı yeməyi bəyənmədiyi üçün üstünə qışqıraraq başına vurmuşdur. Bundan sonra o, Şəxsı təhqir etmişdir. Bundan qəzəblənən Şəxs onu üzü üstə yerə uzatmış, bel hissəsində oturaraq baş nahiyəsinə dəfələrlə yumruq atmışdır. Bundan əlavə, Şəxs bacısı oğlu onu bıçaqla hədələmişdir. Şəxs şikayətçidir, barışmaq fikri yoxdur, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, zərərçəkmiş şəxs Fidan onun qızıdır. Qızı o ailəyə adət-ənənəyə uyğun olaraq gəlin getmişdir. Aralarında xırda münaqişələr olurdu. Hazırkı mübahisə ilə bağlı onu qeyd etmək istəyir ki, hadisə zamanı qudası tərəfindən zəng edilərək evə çağrılmışdır. Telefonda ona Sərdarın Fidanı öldürəcəyi bunun üçün tez gəlməsi bildirilmişdir. Fidanın olduğu evə gedən yolda Sərdarın bacısı oğlu ona zəng edərək mübahisənin azaldığını, gəlməməsini bildirmişdir. Bu zəngdən şübhələnərək evə getmişdir. Fidan otağında ağlayırdı və Sərdar da əsəbi idi. Sərdarın bacısı ilə Fidan arasında mübahisə zamanı söz dalaşı olmuş, Fidan Sərdarın bacısını təhqir etmişdir. Bu səbəbdən Sərdarın bacısı oğlu o evə girdikdən sonra bıçaqla hücuma keçmişdir. Bu halları gördükdən sonra Fidanı götürüb evə aparmışdır. Halı düzəlməyən qızını həkimə aparmışdır. Məhkəmə inzibati xətaya dair materialları barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, zərərçəkmiş şəxsin izahatları, şahidin ifadəsi ilə birlikdə araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İşdə olan 5-ci Polis Bölməsinin təhqiqatçısı polis kapitanı Fərhad Bayramov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və X10” X14 daxil olmuş 1445 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən aydın olur ki, X6 bədəni üzərində sol gicgah-ənsə nahiyyəsinin, təpə-ənsə nahiyyəsinin, sağ üst göz qapağının və sağ almacıq nahiyyəsinin qançırı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bər küt əşyanın (əşyaların) təsirindən yaranmışlardır, Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərardad göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin vətəndaş X6 özü-özünə yetirməsi az inandırıcıdır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirildiyindən, o, həmin maddə ilə təqsirli bilinərək qanunvericiliklə müəyyən olunmuş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə-üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. -43.1-ci maddəsinə əsasən İXM-nin 157-ci inzibati tənbeh tətbiq edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. - 38.3-cü maddəsinə əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. - 39.1-ci maddəsinə əsasən Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirdi ki, o, Şəxs şikayətçidir, barışmaq istəmir. Məhkəmə tərəfindən Şəxsn məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: -146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş 5-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X3 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati Xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, törədilən inzibati xətanın xarakterini, yaşını, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva
Məhkəmə qərarları › İş №3(060)-2207/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2207/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver