Məhkəmə qərarları › İş №3(060)-221/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-221/2024

13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-221/2024 13.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 1, ev 4A, mənzil 47 olan hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 10 yanvar 2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC 14.000,00 ABŞ dolları məbləğində vəsaiti 09 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X2 protokola etiraz edərək izahatında bildirmişdir ki, Şəxs MMC tərəfindən 14.000,00 ABŞ Dolları məbləğində vəsait 09 dekabr 2021-ci il tarixində xaricə köçürülmüş, lakin 2 il müddət keçmədən müvafiq mallar ölkəyə idxal edilmiş, bununla bağlı xx.xx.2022-ci il tarixli **********3090 nömrəli və xx.xx.2022-ci il tarixli **********3341 nömrəli gömrük bəyannamələri də mövcuddur. Qeyd edilən bəyannamələr bank tərəfindən də təsdiq edilmiş və müvafiq məktub da verilmişdir. Anlaşılmazlığa səbəb Bank Respublika tərəfindən müvafiq məlumatların Mərkəzi Banka gec göndərilməsi olmuşdur. X5 da məlumatlarında həmin məslələr öz əksini tapmışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində tərtib edilmiş inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; - inzibati xəta haqqında protokoldan görünür ki, 14.000,00 ABŞ dolları məbləğində vəsaiti 09 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 14.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 10 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında, yəni Sumqayıt şəhəri, məhəllə 1, ev 4A, mənzil 47 ünvanında baş vermişdir. - xx.xx.2022-ci il tarixli **********3090 nömrəli və xx.xx.2022-ci il tarixli **********3341 nömrəli gömrük bəyannamələrindən görünür ki, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq Çin Xalq Respublikasında fəaliyyətdə olan X3 and Garments CO LTD tərəfindən Şəxs MMC-yə mallar göndərilmişdir. - Bank Respublika ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1648 saylı məktubdan görünür ki, Şəxs MMC tərəfindən Çin Xalq Respublikasında fəaliyyətdə olan X3 and Garments CO LTD-yə 09 dekabr 2021-ci il tarixdə 14.000,00 ABŞ dolları avans ödənişi edilib. xx.xx.2023-cü il tarixdə 2 YGB əsasında bağlanıb. **********3341 nömrəli gömrük bəyannaməsi əsasında 4.368,80 ABŞ dolları, **********3090 nömrəli gömrük bəyannaməsi əsasında 9.631,20 ABŞ dolları bağlanmışdır. Bununla da Şəxs MMC-nin 09 dekabr 2021-ci il tarixdə 14.000,00 ABŞ dolları avans köçürməsi üzrə bank qarşısında heç bir öhdəliyi qalmamışdır. Beləliklə müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 09 dekabr 2021-ci il tarixdə xaricə Çin Xalq Respublikasında fəaliyyətdə olan X3 and Garments CO LTD-nin hesabına köçürülmüş vəsaitlərə görə alınan mallar xx.xx.2022-ci il tarixli **********3090 nömrəli və xx.xx.2022-ci il tarixli **********3341 nömrəli gömük bəyannamələrinə əsasən ölkəyə idxal edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta hadisəsi mövcud deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə xx.xx.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik xx.xx.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Qeyd edilən səbəbdən də məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18,4, 40, 43, 53.1.1, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar