Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-221/2025 28.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25493561 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25493561 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində ona məxsus “Hyundai Sonata minik” markalı 99KJ211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Sumqayıt şəhəri, Nərimanov küçəsində sağladığı üçün SMS Radar vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixində 80 manat məbləğində cərimə yazılması ilə bağlı sms göndərilmişdir və həmin nəqliyyat vasitəsinə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ25493561 saylı elektron qərar qəbul edilmişdir. Həmin qərar qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 346.4-ci maddəsi ilə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə xx.xx.2025-ci il tarixli EQ25493561 saylı elektron qərar qəbul edilərək 80 manat məbləğində cərimə növü tətbiq edilmişdir. O bu cərimə növü ilə razı deyil, cəriməni qanunsuz və əsassız hesab edir. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin maiyyətinə uyğun çıxış edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ25493561 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Hyundai Sonata minik” markalı 99KJ211 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 Azərbaycan Respublikasının İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında əlavə edilmiş “SMS Radar” mobil tətbiqindən xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdən çıxarışlardan görünür ki, “Hyundai Sonata minik” markalı 99KJ211 dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağında birinci zolaqda park etmiş, həmin yerdə isə dayan və ya durmanı qadağan edən hər hansı yol nişanı mövcud deyil. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 barəsində hazırda mübahisələndirilən elektron inzibati tənbeh tətbiq etmə barədə qərar ona görə qəbul edilmişdir ki, o idarə etdiyi “Hyundai Sonata minik” markalı 99KJ211 dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə saxlamışdır. Lakin, məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Belə ki, elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş fotoşəkillərdə “Hyundai Sonata minik” markalı 99KJ211 dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağında birinci zolaqda park etməsi müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həmin yerdə dayanma və ya durmanı qadağan edən hər hansı yol nişanı da mövcud deyil. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə hər hansı inzibati xəta hadisəsi mövcud olmamışdır. Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya sistemində X2 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli, EQ25493561 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-221/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-221/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver