Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-222/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, “Aldoors” qapı şirkətində cilalayıcı işləyən, ünvan 1 ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-1692/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclu Şəxs hər ay 200 (iki yüz) manat tələbkar X9 ödənilməli olsa da, üzürsüz səbəbdən borclu 800 (səkkiz yüz) manat borc yığılmışdır və məhkəmə qərarını icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8 bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-1692/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 27 oktyabr 2017-ci ildən başlayaraq hər uşaq üçün ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub 19 oktyabr 2014-cü ildə doğulmuş X3 və 07 dekabr 2015-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X9 verilməlidir. Borclu son 4 aydır aliment ödəmir və bu vaxtadək 800 (səkkiz yüz) manat aliment borcu yaranmışdır. Borclu işləyir və 287 (iki yüz səksən yeddi) manat əmək haqqı alır. Sonuncu dəfə 2025-ci ilin yanvar ayında borclu barəsində axtarış elan olunmuş və qərar icra olunması üçün Sumqayıt ŞPİ-yə göndərilmişdir. Borclu özü İcra İdarəsinə gəlmiş, izahatı alınmış və aliment məbləğini ödəməyə imkanının olmadığını bildirmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə müraciət edilmişdir. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, hazırda 3-cü dəfə ailə qurmuş və həmin nikahdan 01 (bir) azyaşlı uşağı vardır. Digər nikahlardan 04 (dörd) uşağı vardır və həmin uşaqlara görə 400 (dörd yüz) manat aliment ödəyir. İşləyir və hər ay 300-350 manat məbləğində əmək haqqı alır. Hazırda maddi imkanı zəif olduğu üçün bir neçə aydır ödəniş edə bilməmişdir. Yığılan aliment borcunu hissə-hissə ödəyəcəkdir. İcra məmuru tərəfindən ona bildiriş və mobil nömrəsinə SMS göndərildiyi deyilsə də, ona bildiriş və SMS gəlməmişdir. Onun məlumatı olan kimi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi Şəxs 2 ayrı tələbkara 200 (iki yüz) manat məbləğində aliment ödədiyini bildirmişdir. Protokoldan da göründüyü kimi ödənilməmiş aliment məbləği çox olmamasını, ödəniş etməməsinin qərəzli olmamasını və maddi imkanının zəif olduğu üçün bir neçə ay ödəniş etməməsini nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 2(031)-1692/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 27 oktyabr 2017-ci ildən başlayaraq hər uşaq üçün ayda 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutulub 19 oktyabr 2014-cü ildə doğulmuş X3 və 07 dekabr 2015-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X9 verilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin 2(031)-1692/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərarla tanış edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il və xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarlardan görünür ki, X6 barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmurunun, Şəxs izahatlarından və iş materiallarından göründüyü kimi icra sənədi üzrə borclu tərəfindən ödənişlərin gecikdirilməsi halları olsa da, həmin hallar onun qərəzli münasibətindən irəli gəlməmişdir. Borclunun barəsində axtarışı haqqında qərar qəbul edilsə də, telefon zəngi ilə özü icra idarəsinə yaxınlaşmışdır. Borclu əvvəllər ödənişlər etmiş, bu günədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən 800 (səkkiz yüz) manat borcu yaranmışdır. Qeyd edilən hallar isə borclunun qərəzli olmamasını təsdiq edir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra sənədinin icrası zamanı olan gecikmələrə Şəxs münasibəti qərəzli olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 04 saata görə 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-222/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-222/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver