Məhkəmə qərarları › İş №3(060)-2223/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2223/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2223/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X9 oğlunun katibliyi, qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin nümayəndəsi Nümayəndə1, şikayət vermiş şəxs X2, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nümayəndə2 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin MN ******* saylı, 08 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin MN ******* saylı, 08 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 (bundan sonra – qərar qəbul etmiş orqan) tərəfindən "xxxx" Tikinti Firmasının direktoru X5 barəsində inzibati tənbehvermə haqqında 08 sentyabr 2023cü il tarixli, MN ******* nömrəli qərar qəbul edilmişdir. Eyni zamanda "xxxx" Tikinti Firması (bundan sonra – Tikinti Firması) barəsində də həmin orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2113/2023 saylı iş üzrə 13 sentyabr 2023-cü il tarixli qərarı ilə inzibati xəta haqqında protokolun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Əmək müfəttişliyi ümumilikdə tikinti-quraşdırma və layihələndirmə işlərinin fərqini bilmədiyi üçün yalnış mülahizələr əsasında protokol tərtib etmişdir. Belə ki, layihəçilər texniki sənədlər toplusunu kağız və elektron variantda hazırlayır. Tikinti şirkəti isə tikinti obyektində obyekti tikir, təmir edir, rekonstruksiya edir. Qərarı qəbul etmiş orqan X4 şikayət məktubunu tikinti firmasına göndərmişdir və müvafiq sənədləri müfəttişliyə təqdim etməyi tələb etmişdir. Qartal Tikinti Firması X6 Xidməti Abşeron X11nə 25 iyul 2023-cü il tarixli 257 saylı məktubla rəsmi olaraq bildirmişdir ki, fiziki şəxs X7 ilə Tikinti Firması arasında əmək münasibətləri mövcud deyil. Tərəflər arasında münasibətlər mülki-əqd faktiki xidmət müqaviləsi əsasında həyata keçirilmişdir. Bu səbəbdən, tərəflər arasındakı münasibətlərə Əmək qanunvericiliyinin normaları tətbiq edilə bilməz. Fiziki şəxs X7 və Tikinti Firması arasında 11 aprel 2023-cü il tarixli xidmət müqaviləsi imzalanmışdır. Müqavilə əsasında 2023-cü ilin aprel, may, iyun aylarında X7 tərəfindən yerinə yetirilən xidmət işlərinin dəyəri xidmət müqaviləsində razılaşdırılmış 1 listin konstruksiya sxeminin kompüterdə işlənməsi üçün 170 manat olmaqla, təhvil-təslim aktı ilə sənədləşdirilib, X7 Tikinti Firmasına elektron qaimə göndərib və ödənişlər fiziki şəxsə və vergi orqanlarına ödənilib. Qərarı qəbul etmiş orqanının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, X3 Tikinti Firmasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Tikinti Firması şəxslə əmək müqaviləsi bağlamalı olduğu halda xidmət müqaviləsi bağlamış və bununla Əmək Məcəlləsinin tələblərini pozmuşdur. Nəticədə hüquqi şəxs kimi Tikinti Firması barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nümayəndə1 qeyd olunanların nəzərə alınmaqla şikayətin əsassız və qanunsuz olduğu üçün təmin olunmaması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin məsləhətçi-əmək müfəttişi Nümayəndə2 izahatında göstərdi ki, vətəndaş X3 Tikinti Firmasında əmək hüquqlarının pozulması ilə bağlı şikayətinə baxılmış və X3 Tikinti Firmasında Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı iş və ya xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Nəticədə hüquqi şəxs kimi Tikinti Firması barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında qərardan şikayət vemiş şəxs X5 məhkəmə iclasında şikayətini müdafiə edərək onunla oxşar məzmunlu izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə qərardan şikayət vemiş şəxsin, qərarı qəbul etmiş orqanın nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, X7 qərarı qəbul etmiş orqana şikayət ərizəsi ilə müraciət edərək tikinti firmasında xx.xx.2023-cü il tarixində işə qəbul edildiyini, onunla əmək müqaviləsi deyil, xidmət müqaviləsi bağlandığını, xx.xx.2023-cü ildə əsassız olaraq işdən azad edildiyini bildirmişdir. X7 ilə tikinti firması arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən Emil Məmmədli layihəçi mühəndis xidmətinin göstərilməsini, tikinti firması isə xidmətin dəyərinin ödənilməsini öz öhdələrinə götürmüşlər. İş materialların yerinə yetirilmiş işlərin təhvil aktları əlavə edilmişdir. Elektron qaimələrə əsasən tikinti şirkəti tərəfindən Emil Məmmədliyə müqavilə üzrə ödənişlər edildiyi müəyyən edilir. Göründüyü kimi qərarı qəbul etmiş orqanın əməkdaşı Nümayəndə2 tərəfindən tikinti firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən inziabti xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin rəisi X8 tərəfindən Qartal Tikinti Firmasının direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 08 sentyabr 2023-cü il tarixdə ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.4-cü bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2-ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2-ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (bundan sonra – Əmək Məcəlləsi) əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (3.5). Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz (42.1). Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir (42.2). Əmək müqaviləsi yazılı formada bağlanır (44.1). Əmək müqaviləsi bu Məcəllənin 54cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır (46.1). Bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır (81.2). Qeyd edilən normaların məzmunundan göründüyü kimi əmək müqaviləsi əmək münasibətlərinə daxil olan işəgötürən və işçi arasında bağlanan müqavilədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Bu fəslin qaydalarında və müqavilələrin ayrıayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir (389.3.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Göründüyü kimi Emil Məmmədli ilə tikinti firması arasında əmək münasibətləri mövcud olmamışdır. Onlar arasında mülki-hüquqi əqd olan xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilə Emil Məmmədli tərəfindən könüllü olaraq imzalanmış, müqavilə üzrə xidmət haqqı ödənilmiş və qəbul edilmişdir. Belə olan halda tikinti firmasının direktrorunun əmək müqaviləsi bağlanmadan işçinin işə cəlb edilməsi ilə bağlı inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas yoxdur. Emil Məmmədli tikinti firması ilə bağladığı xidmət müqaviləsinin firma tərəfindən əsassız pozulduğunu və ya müqavilə şərtlərinə əməl edilmədiyini iddia edirsə, bununla bağlı mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.4 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin olunsun. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1nin ******* №li, 08 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar