Məhkəmə qərarları › İş №3(060)-2230/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2230/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2230/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30275571 nömrəli inzibati tənbeh vermə haqqında qərarından Baba-zadə Kərim Cəbrayıl oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Baba-zadə Kərim Cəbrayıl oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30275571 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 29 avqust 2025-ci il tarixində saat 10:21 radələrində Sumqayıt şəhəri, Lermontov küçəsində idarə etdiyi “Mercedes BenzE220 CDİ minik markalı, 99TG153 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən qarşısındakı avtobus dayanacaq olmayan ərazidə qanunsuz şəkildə sərnişin düşürmək üçün dayanmıdşır. Bu səbəbdən yolun hərəkət zolağında maneə yaranmış və o, məcburiyyət qarşısında qalaraq zolağı tapdalamış və avtobusu ötmüşdür. Qeyd olunan vəziyyət onun iradəsindən asılı olmayaraq yol hərəkəti şəraitindən irəli gələn zərurətdən yaranmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şikayətçi Baba-zadə Kərim Cəbrayıl oğlu bildirmişdir ki, “Mercedes BenzE220 CDİ minik markalı, 99TG153 dövlət qeydiyyat nişanlı avtomobili idarə edilməsi üçün mülkiyyətçi atası tərəfindən ona etibarnamə verilmişdir. Lakin, hadisə baş verən zaman aavtomobili o yox atası idarə etmişdir. Lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən onun barəsində inizbati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30275571 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30275571 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Mercedes Benz E220 CDİ” minik markalı 99TG153 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü xx.xx.2025-ci ildə saat 10:21-də Sumqayıt şəhəri, Lermontov küçəsində əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozduğu üçün sürücü Baba-zadə Kərim Cəbrayıl oğlu Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, “Mercedes BenzE220 CDİ minik markalı, 99TG153 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisidir, həmin nəqliyyat vasitəsini Baba-zadə Kərim Cəbrayıl oğlu deyil, onun özü idarə etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, “Mercedes BenzE220 CDİ minik markalı, 99TG153 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xətaya görə şikayətçi Baba-zadə Kərim Cəbrayıl oğlu təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, inzibati xəta qeydə alınarkən həmin nəqliyyat vasitəsi onun tərəfindən deyil avtomobilin mülkiyyətçisi X2 tərəfindən idarə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması kimi qiymətləndirilməli, Baba-zadə Kərim Cəbrayıl oğlunun barəsində qəbul edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30275571 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Baba-zadə Kərim Cəbrayıl oğlunun şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ30275571 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar