Məhkəmə qərarları › İş №3(060)-2235/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2235/2024

08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2235/2024 08.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs Ağayev Anar Nəriman oğlunun iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarından X6 Nəriman oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 Nəriman oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın ləğv edilməsini və inzibati xətaya dair işə xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsindən görünür ki, Sumqayıt şəhərində yerləşən “Xanın Bağı” restoranını işlədir. İşlədikləri dövrdə bütün qaydalara və qanunlara riayət etmişlər və bu günə kimi heç bir dövlət orqanı tərəfindən hər hansısa səbəbə görə cəzalandırılmamışlar. Amma cavabdeh orqanın əməkdaşları tam qanunsuz və əsassız yoxlama aparmış və 30 iyul 2024-cü il tarixli il 86153 nömrəli AKT və 30 iyul 2024-cü il tarixli MN ******* saylı PROTOKOL tərtib etmişlər. Adı çəkilən orqan da həmin akt və protokola əsasən xx.xx.2024-cü il tarixli MN- №1785238 nömrəli QƏRAR qəbul etmişlər. Hesab edir ki, tərtib edilmiş akt, protokol və onlara əsasən çıxarılmış qərar əsassızdır və ləğv edilməlidir. Belə ki, restoranları uzun müddət işləsə də, bu yaxınlarda bəzi yenidənqurma işləri aparılmışdır. Belə ki, otaqlar və mətbəx yenilənmiş, havalandırma probleminin həlli və keyfiyyətli xidmətin təşkili məqsədi ilə təmir-tikinti işləri təzəcə yekunlaşdırılmışdır. Bu səbəbdən də, bəzi əlavələr etməyə hələ də ehtiyac qalıb. Bəzi görüləcək işlərdən biri də tüstü bacasına təmizləyici qurğunun qoyulmasıdır. Təəssüf ki, cavabdeh qurumun əməkdaşları qeyd edilən tarixdə restorana gələrək heç bir rəsmi sənəd təqdim etmədən, yoxlama məqsədi ilə gəldiklərini bildirmədən belə obyektə gözəyarı baxış keçirdərək gediblər. İşçilərinə bildirilib ki, heç bir narahatçılığa ehtiyac yoxdur. Onların gəldiyi vaxt müəyyən səbəbdən obyektdən kənarda olmuşdur. Sonradan ona məlum olub ki, qurumun əməkdaşları obyektə baxış keçirdikdən sonra protokol tərtib ediblər. İnzibati xətalar haqqında işlər üzrə BİLDİRİŞ sənədini (əlavə olunur) o, 12 avqust 2024-cü il tarixdə poçt vasitəsi ilə (zərf əlavə olunur) əldə etmişdir. Bildirişdə isə qeyd olunur ki, o, 9 avqust 2024-cü il tarixdə inzibati xəta ilə bağlı işə baxılması üçün quruma dəvət olunmuşdur. Məktubu o, dəvət tarixindən sonra əldə etmişdir. Bundan başqa orqanın qəbul etdiyi qərarı ona nə poçt nə də elektron ünvan vasitəsi ilə göndərilməmişdir. Nəticə etibarilə rəsmi olaraq yoxlamanın aparılmasına imkan verən heç bir sənədin olmaması, bu sənədlər var idisə belə tərəflərinə təqdim edilməməsi, xüsusilə də inzibati işə baxılmasında şəxsən iştirakının təmin edilməməsi və s. halları aktın, protokolun və qərarın əsassız olduğunu bir daha təsdiq edir. Həmçinin mütləq nəzərə alınmalıdır ki, “Sahibi sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanunu hələ də qüvvədədir. Belə olan təqdirdə yuxarıdakı halları nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 30 iyul 2024-cü il tarixli il 86153 nömrəli AKT və 30 iyul 2024-cü il tarixli MN ******* saylı PROTOKOLA əsasən verilmiş xx.xx.2024-cü il tarixli MN- №1785238 QƏRAR və inzibati xətaya dair işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi Ağayev Anar Nəriman oğlu şikayət ərizəsində qeyd olunanları müdafiə edərək şikayətin təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş qərarından şikayət verilən orqanın etibarnamə üzrə nümayəndəsi X5 bildirmişdir ki, COP 29 tədbirləri çərçivəsində Sumqayıt şəhərində yerləşən ictimai iaşə obyektlərində yoxlamalar aparılmış, həmin obyektlərdən biri də “Xanın Bağı” restoranı olmuş, yoxlama zamanı orada təmizləyici qurğunun quraşdırılmaması müəyyən olunmuşdur. Həmin faktla bağlı akt, protokol və daha sonra inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-nin 541-ci maddəsi ilə şəxsə nöqsanların arada qaldırılması üçün bir ay müddət verilmiş, bir aydan sonra yenidən yoxlama keçirilərək müvafiq qərar qəbul ediləcəkdir. Lakin hazırki işdə inzibati xəta faktı ortadadır. İnzibati araşdırma aparılacağı barədə bildirişin şəxsə çatdırılmasını dəqiqləşdirəcəkdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixdə icarəyə verən X2 ilə icarəçi Ağayev Anar Nəriman oğlu arasında bağlanmış icraə müqaviləsinə əsasən Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən qeyri-yaşayış sahəsi icarəçiyə icarəyə verilir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 30 iyul 2024-cü il tarixli, MN ******* saylı protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarla Ağayev Anar Nəriman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 2000 (iki min) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İXM-nin 237.1-ci maddəsi ilə inzibati xəta ilə bağlı işə xx.xx.2024-cü il tarixdə saat 11:00-da 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baxılacaqdır. İş materiallarında olan zərfin surətindən görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli bildirişi xx.xx.2024-cü il tarixdə Ağayev Anar Nəriman oğlu tərəfindən qəbul edilmişdir. Məhkəmə şikayətçinin və nümayəndənin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati araşdırma zamanı şəxsin iştirakı təmin edilməmiş, izahatı alınmamışdır. İnzibati araşdırmanın aparılması barədə xx.xx.2024-cü il tarixli bildiriş Ağayev Anar Nəriman oğlu tərəfindən xx.xx.2024-cü il tarixdə, yəni artıq inzibati tənbeh vermə haqqında qərar qəbul edildikdən sonra qəbul edilmiş, Ağayev Anar Nəriman oğlu barəsində aparılmış inzibati xəta haqqında iş barədə məlumatsız olmuş və barəsində tərtib edilmiş protokola dair öz etirazlarını bildirmək, izahat vermək və s. digər hüquqlarını həyata keçirmək imkanı təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, şikayətdə göstərilən halların mövcud olub-olmamasını müəyyən etmədən iş üzrə yekun nəticəyə gəlmək mümkün olmadığından, şikayət qismən təmin edilməli, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ağayev Anar Nəriman oğlunun şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar ləğv edilsin və yenidən araşdırılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar