Məhkəmə qərarları › İş №3(060)-2236/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2236/2024

16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2236/2024 16.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1, Protokolu tərtib edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X7 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: 4 saylı Gegional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.1-ci maddəsi ilə MN ******* seriya №-li, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, aparılan monitorinq zamanı Sumqayıt şəhəri, Sumqayıt çayın sahilində Şəxs MMC-yə məxsus işlənmiş akkumlyator batareyalarının əridilməsi (qurğuşun külçə) sahəsində atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olmuşdur. Məhkəmə iclasında protokolu tərtib edən 4 X7 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9 tərtib edilmiş protokola uyğun izahat verərək bildirdi ki, protokolun tərtib olunmasına əsas xx.xx.2024-cü il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X10 Monitorinq İdarəsi tərəfindən aparılan monitorinqin ölçmə nəticəsi olmuşdur. Həmin monitorinqin nəticəsində müəssisədə atmosfer havasına atılan dəm qazının miqdarının 9.1 mq/m3 olduğu (norma 5.0 mq/m3) müəyyən edilmişdir. Fakt üzrə inzibati araşdırma başlanılmış və MMC barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Monitorinqdə iştirak edən X11 X2 İdarəsinin, Elvin Səlimov isə 4 X7 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları olmuşlar. İnzibati araşdırmada iştirak etdən olmamışdır. Qeyd edir ki, həmin ünvanda araşdırma aparılmasına səbəb “Baxça Şəhər” yaşayış kompleksində yaşayan sakinlər tərəfindən edilmiş şikayətlər olmuşdur. Belə ki, küləyin istiqaməti müəyyən vaxtlarda dəyişdiyi üçün zavod ərazisindən gecə saat 9-10 radələrində “Baxça Şəhər” yaşayış kompleksi istiqamətinə iy-qoxu gəlir. Foto şəkillərdən müəssisədən çıxan tüstünü vizual müşahidə yolu ilə görmək mümkündür. Həmçinin foto şəkildə cihaz və cihazın üzərində olan göstəricilər də görünür. Taleh Əzizov məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi “atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə” barədə xx.xx.2023-cü il tarixli sənəddə karbon oksidin il ərzində atıla bilən miqdarı kimi 10.500 ton göstərilmişdir. Birdəfəlik baxış milliqram bölünsün kubmetrlə hesablanır. Birdəfəlik baxışla il ərzində atılmanı müəyyən etmək qeyri mümkündür. Bu məsələyə dair məhkəmə tərəfindən gönədərilən sorğuya cavab verilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən cavab verilməsi mümkün deyildir. Müəssisə tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarı su, hava və digər basdırılan maddələrin 2TG Statistik hesabatı aparılır və aparılmalıdır. Həmin statistik hesabat hər il fevral ayının 15dək Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış formada yerli Statistika İdarəsinə təqdim olunmalı, həmin statistik hesabatda icazə verilən hədd rəqəmləri uyğunlaşdırılır və bundan sonra oradan nəticə almaq lazımdır ki, müəssisə il ərzində nə qədər atmosfer havasına zərərli maddə atır. Onu bir gün və ya bir neçə gün ölçməklə müəyyən etmək mümkün deyildir. Çünki zavod fəaliyyətdə olduqda belə hər gün ölçmə aparılarsa müxtəlif nəticə əldə oluna bilər. Verilən hesabatlara uyğun hədd müəyyənləşdirilir və sonra nəticə əldə olunur. Həmin ünvanda yoxlama yalnız bir gün 28 avqust 2024-cü il tarixdə aparılmışdır. Qeyd edir ki, hətta gün ərzində müəssisədə ölçmə aparılarsa, fərqli nəticələrin əldə edilməsi mümkündür. X10 Monitorinq İdarəsi hüquqi şəxsdən 2TG hesabatını tələb etməmişdir. 2024-cü ildə adı çəkilən müəssisə barəsində İXM-nin 239-cü maddəsinə uyğun olaraq protokol tərtib edilməmişdir. Şəxs MMC-nin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 izahatında bildirdi ki, 4 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Şəxs MMC barəsində İXMnin 233.1-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. İnzibati orqan inzibati protokolda belə qənaətə gəlmişdir ki, aparılmış monitorinq zamanı Sumqayıt şəhəri, Sumqayıtçayının sahilində hüquqi şəxsə məxsus işlənmiş akkumlyator batareyalarının əridilməsi (qurğuşun külçə) sahəsindən atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, aşağıdakılara əsasən həmin protokol əsassız və qanunsuzdur: Əvvəla, Şəxs MMC-nin ərazisi Sumqayıt çayın sahili deyil, Sumqayıt Kimya Sənaye Parkının daxilində yerləşir. Monitorinq keçirilən zaman protokoldan da görsənir ki, monitorinq zavodun sərhədləri daxilində deyil, digər sahədə, yəni Sumqayıt çayın sahilində aparılmışdır. Bundan başqa müəssisənin istehsalat normaları ilə bağlı bütün xüsusi icazələri, o cümlədən FHN-dən xüsusi icazəsi, Ekologiya Nazirliyindən atmosferə atılan zərərli tullantıların xüsusi icazəsi, həmçinin istehsalatla bağlı beynəlxalq sertifikat və lisenziyaları mövcuddur. Qeyd etmək istəyir ki, monitorinq keçirildiyi vaxtda müəssisənin hər hansı bir işçisi monitorinqin keçirilməsində iştirak etməmişdir. Digər bir tərəfdən, müəssisənin yerləşdiyi ərazi sənaye zonasıdır və ətrafda onlarla istehsalat müəssisəsi, zavodlar fəaliyyət göstərir. Monitorinqin keçirildiyi ərazi zavoda, müəssisəyə məxsus olmadığından ölçmənin nəticəsinin müəssisələrinə heç bir adiyiyyatının olmadığnı bildirir. Hesab edir ki, qanunsuz və əsassız olduğundan və Şəxs MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, o cümlədən ümumiyyətlə inzibati xəta hadisəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “İnzibati xəta haqqında” MN ******* saylı, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, aparılan monitorinq zamanı Sumqayıt şəhəri, Sumqayıt çayın sahilində Şəxs MMC-yə məxsus işlənmiş akkumlyator batereyasının əridilməsi (qurğuşun külçə) sahəsində atmosferə atılan zərərli maddələrin miqdarı yol verilə bilən norma həddindən artıq olduğuna görə Şəxs MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X10 Monitorinq İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli və 4 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktlardan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt çayın sahilində Şəxs MMC-yə məxsus işlənmiş akkumlyator batereyalarının əridilməsi (qurğuşun külçə) sahəsində atmosfer havasına atılan zərərli qaz qarışıqlarında CO (dəm qazı) – 9.1 mq/kub metr (norma – 5.0 mq/kub metr) müəyyən olunmuşdur. “Təhlükəli tullantıların pasportları” barədə xx.xx.2024-cü il tarixli sənədddən görünür ki, təhlükəli tullantıların pasportları Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilimiş və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 Xidməti tərəfindən qəbul edilmişdir. Həmin sənəddə müəssisədə qurğuşun əritmə sobalarının qaztoztutucu filtirlərlə təchiz edildiyi, toztutma qabiliyyətinin 99.5% təşkil etdiyi göstərilmişdir. Toztutucu filtirlə tutulmuş tozlar yenidən istehsala qaytarılır. İstehsal zamanı formalaşan toz, şlam, plasmas, məişət mənşəli tullantı aidiyyatı üzrə təhvil verilir. “Ekoloji pasport”dan görünür ki, Ekoloji pasport Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyi ilə razılaşdırılaraq Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. Ekoloji pasportun müəssisə barədə qısa məlumat bölməsində qeyd edilir ki, müəssisədə atmosfer havasını çirkləndirən əsas mənbələrə qurğuşun əritmə, saflaşdırma, şlak sobaları aid edilmişdir. Yanma zamanı atmosfer havasına qeyri- üzvi toz, qurğuşun və onun qeyri-üzvi birləşmələri, azot oksidləri, karbon oksidi atılır ki, bu sobalar qaztoztutucu filtirlərlə təchiz edildiyi, toztutma qabiliyyətinin 99.5% olduğu bir daha bu sənəddə də öz təsdiqini tapmışdır. “Atıla bilən tullantı həddi (ABTH) layihəsi”-dən görünür ki, atıla bilən tullantı həddi (ABTH) layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi X6 Agentliyi ilə razılaşdırılaraq Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmişdir. “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə” dair xx.xx.2023-cü il tarixli İcazə sənədindən görünür ki, korbon oksidin il ərzində atıla bilən miqdarı 10.500 ton təşkil edir, icazə 3 il ərzində qüvvədədir. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş, çıxarışdan görünür ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin əvvəlki adı “X14” MMC olmuş, qurumun hazırki adı Şəxs MMC-dir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. İXM-nin 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materiallarını araşdırıb, protokol tərtib etmiş 4 X7 və Təbii Sərvətlər İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndələrini dinləyib, iş materialına əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, adı çəkilən MMC barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarında görünür ki, 4 X7 və Təbii Sərvətlər İdarəsi aktda qeyd olunan hallarla bağlı əsaslı araşdırma aparmadan, Şəxs MMC-nin təqsirli olması qənaətinə gəlmək üçün sübutları tam toplamadan, formal mülahizərə əsaslanmaqla inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd edilənlərə əsasən təhlil etməyi zəruri hesab edir. Məhkəmə ilk olaraq qeyd edir ki, Şəxs MMC-nin fəailiyyət göstərdiyi ərazi Sumqayıt Kimya Sənaye Parkıdır, həmin parka kifayət qədər çoxlu sayda istehsal müəssisələri vardır ki, onların əksər hissəsi eyni zamanda işləyir və həmin ərazidə yerləşən zavod və ya müəssisələrdən eyni zamanda atmosfer havasına zərərli maddələr, tullantılar atılır. Bu səbəbdən məhkəmə iş materialına əlavə edilmiş fotoşəkillə atmosfer havasını həmin anda məhz Şəxs MMC-nin çirkləndirməsini ağlabat hesab etmir. Məhkəmə digər xüsusata diqqəti yetirməyi zəruri hesab edir. Göründüyü kimi yoxlayıcılar həmin müəssisədə yalnız bir dəfə yəni xx.xx.2024-cü il tarixdə xüsusi cihazla ölçə aparmış və həmin nəticəyə uyğun 4 saylı RETSİ tərəfindən müvafiq protokol tərtib edilmişdir. Halbuki müvafiq protokol tərtib edilməmişdən öncə müəssisə tərəfindən təqdim edilməli olan 2TG hesabatları əldə edilməli, “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə” dair İcazə sənədinin olub-olmaması dəqiqləşdirilməli, təlimata uyğun olaraq monitorinqlər aparılmalı və bu müqayisəli təhlillərin nəticəsindən asılı olaraq müvafiq protokol tərtib edilməliyidi. Lakin görünən odur ki, protokolu tərtib edən orqan bu hallara əməl etmədən formal mülahizələrə əsaslanmaqla protokol tərtib etmişdir. Məhkəmə hesab edir ki, birdəfəlik ölçmə nəticəsində müəssisənin həqiqətən atmosfer havasını çirkləndirməsi qənaətinə gəlmək qəbul edilən hesab edilməməlidir. Bu hal inzibati orqanının nümayəndəsi tərəfindən bir daha təsdiq edilmişdir. Nümayəndə qeyd etmişdir ki, hətta gün ərzində müxtəlif vaxtlarda ölçmə aparılarsa belə ölçmənin nəticələri fərqli ola bilər. Bundan başqa məhkəmə digər hala əsasən mövcud əməldə inzibati xəta tərkibinin olmaması qənaətinə gəlmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş, hallarından görünür ki, adı çəkilən müəssisəyə X6 İdarəsi tərəfindən 3 il ərzində qüvvədə olma müddəti göstərilən “Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə” dair xx.xx.2023-cü il tarixli İcazə sənədi verilmişdir. Həmin sənəddə korbon oksidin il ərzində atıla bilən miqdarı 10.500 ton təşkil etdiyi göstərilmişdir. Halbuki, bu sənədin olub-olmaması 4 saylı RETSİ tərəfindən araşdırılmamış, və tələb edilmədən protokol tərtib edilmişdir. Məhkəmə digər bir halı da xüsusi olaraq vurğulamağı zəruri hesab edir. Belə ki, məhkəməyə təqdim edilmiş “Təhlükəli tullantıların pasportları” barədə xx.xx.2024-cü il tarixli sənədddən və xx.xx.2024-cü il tarixli “Ekoloji pasport”dan bir daha müəyyən edilmişdir ki, həmin sənədlərdə müəssisədə qurğuşun əritmə sobaları qaztoztutucu filtirlərlə təchiz edildiyi, toztutma qabiliyyətinin 99.5% təşkil etdiyi, toztutucu filtirlə tutulmuş tozlar yenidən istehsala qaytarıldığı, istehsal zamanı formalaşan toz, şlam, plasmas, məişət mənşəli tullantı aidiyyatı üzrə təhvil verildiyi göstərilmişdir. Ekoloji pasportun müəssisə barədə qısa məlumat bölməsində müəssisədə atmosfer havasını çirkləndirən əsas mənbələrə qurğuşun əritmə, saflaşdırma, şlak sobaları aid edildiyi, yanma zamanı atmosfer havasına qeyri-üzvi toz, qurğuşun və onun qeyri-üzvi birləşmələri, azot oksidləri, karbon oksidinin atıldığını, bu sobaların qaztoztutucu filtirlərlə təchiz edidiyi, toztutma qabiliyyətinin 99.5% təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi Şəxs MMC-də quraşdırlmış sobalarda qaztoztutucu filtirlər olmuş, həmin filtirlərin toztutma qabiliyyəti 99.5% təşkil etmişdir. Məhkəmə belə olan halda hesab edir ki, belə filtirlərlə təchiz edilmiş müəssisənin atmosfer havasına normadan artıq tullantı atması heç də ağlabatan qəbul edilməməli, birdəfəlik ölçmə vaxtı həmin ərazidə yerləşən və eyni zamanda fəaliyyət göstərən digər zavodların atmosfer havasını çirkləndirməsi istisna edilməməlidir. Odur ki məhkəmə hesab edir ki, Şəxs MMC barəsində qeyd edilən maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması hərəkətlərinə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarıda qeyd edildiyi kimi Şəxs MMC tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmamışdır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X12” MMC-nin əməlində İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar