Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2239/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs Ağamalıyev Cəlal Çapay oğlunun, Qərarından şikayət verilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Ağamalıyev Cəlal Çapay oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə təqsirləndirilməsinə dair 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ağamalıyev Cəlal Çapay oğlu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 29 avqust 2024-cü il tarixli, MN ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 271-ci madəsi ilə təqsirli bilinib, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan Cəlal Ağamalıyev şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 4 X4 və Təbii Sərvətlər İdarəsinin 29 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 4 saylı RETSİ tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı əsasında İXM-nin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi istinad edilərək 2000 manat cərimə edilmiş və o, qərardan narazıdır. Qeyd edir ki, o, ünvan 1 ünvanında yerləşən 0.1746 ha torpaq sahəsində, ümumi sahəsi 561.6 kv/m olan əmlak kompleksi kimi müəssisənin tam mülkiyyət üzrə mülkiyyətçisi X2 məxsus 95 kv/m qeyri-yaşayış sahəsini, № ********** VÖEN şəhadətnaməsi əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün xx.xx.2024-ci il tarixdə icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür. Həmin ərazidə ondan əvvəl də kəsim işləri aparılmış, və həmin obyektdə o, da mebel istehsalı ilə məşğul olacaqdı. Fəaliyyətə başlamadan əvvəl ərazidə təmizlik işləri aparıb, kəsilmiş və toz halına salınmış laminat hissələrini qara rəngli kisələrə toplayıb, obyekt ərazisi daxilində bir tərəfdən toplanmışdır. Qeyd edir ki, həmin kəsilmiş və toz halına salınmış laminat hissələri heyvandarlıqda və digər təsərrüfatlarda istilik enerjisi əldə etmək məqsədilə istifadə edilməkdədir. Demək olar ki, qeyd edilən məhsulları yandırmadıqca ekologiya üçün heç bir zərərli tərəfi yoxdur. Lakin, 4 X4 və Təbii Sərvətlər İdarəsi xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərar qəbul edərək, həmin məhsulların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərini pozdmasına dair qərəzli olaraq qənaətə gəlmiş, kisələrə toplanmış laminat kəsikləri idarənin əməkdaşları tərəfindən müayinə edilərkən obyektin ərazisində olmuş və o, bu faktı videogörüntü vasitəsi ilə sübut edə bilər. Yəni, həmin vaxt İXM-nin 271-ci maddəsinin dispozisiyasında, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi kimi hərəkətlərlə ifadə olunan əməlləri törətməmişdir. Göstərilənləri nəzərə alaraq 4 saylı RETSİ tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə və barəsində tətbiq edilmiş 2000 manat cərimə tənbehinin silinməsinə, həmçinin barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi Ağamalıyev Cəlal Çapay oğlu şikayətini müdafiə edərək bildirdi ki, 4-5 gün olar ki, ünvan 1 ünvanında yerləşən mebel sexini icaryə götürmək məqsədi ilə işlətmiş, lakin kredit almaq üçün banka müraciət etdiyi üçün sənədləri bankda olduğu üçün mülkiyyətçi ilə icarə müqaviləsi bağlaya bilməmişdir. Sexi əvvəllər başqa şəxslər işlətmiş və sexdə onlardan qalma tullantılar olmuş, onun tapşırığı ilə işçilər həmin tullantıları sellofan torbalara yığaraq sexin ərazisin səliqəli şəkildə yığmışdır. xx.xx.2024-cü il tarixdə 4 saylı RETSİ-nin əməkdaşları sexə gələrək tullantıların idarə olunması üçün müqaviləsinin olub-olmadığını soruşmuş, o da sənədlərinin bankda olduğunu və götürdükdən sonra müqavilə bağlayıb həmin idarəyə yaxınlaşacağını bildirmişdir. Lakin 4 saylı RETSİ-nin əməkdaşları narazılıq edərək obyektdən çıxıb getmişlər. Həmin gün sənədlərini bankdan götürərək mülkiyyətçi ilə icarə müqaviləsi bağlamışdır. Bundan sonra ona məktub göndərilmiş, 4 saylı RETSİ-nə dəvət edilmişdir. O, məktubda yazılan saatda idarəyə getmiş, onun hüquq şöbəsinə Taleh müəllimin yanına getməsini bildirmişlər. Taleh müəllimin yanına yaxınlaşmış və o, ona barəsində inzibati qərar qəbul ediləcəyini və 2000 manat cərimə olunacağını demişdir. Bildirmək istəyir ki, protokol onun yanında tərtib olunmamış, idarədə olan zaman idarənin əməkdaşı tərəfindən ağ kağıza “aradan qaldırılacaq” ifadəsini yazmağını bildirmiş, o da boş vərəqə həmin ifadəni yazmaqdan imtina etmişdir. Məhkəmə iclasında çıxış edən 4 X4 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 göstərdi ki, idarə əməkdaşları tərəfindən Sumqayıt ərazisində ətraf mühitin çirkləndirilməsi ilə əlaqədar müvafiq reydlər keçirilir. Reyd keçirilən zaman xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 46-cı məhəllə ərazisində yerləşən mebel kəsim sexinə baxış keçirilmiş, həmin sexin qarşısında çoxlu sayda kütləvi şəkildə kisələrdə tullantıların qalaqlanması müəyyən olunmuşdur. Cəlal Ağamalıyev həmin sexin icarədarı kimi özünü təqdim edərək müvafiq sənədlər təqdim etmiş, lakin müəssisədə tullantıların hansı formada idarə olunması haqqında müqavilə təqdim edə bilməmişdir. Müəssisə istehsalat sahəsidir, istehsalatda formalaşan tullantılar və orada işləyən işçilərin məişət tullantıları vardır. Bunlar hər bir halda “Tullantılar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq qaydada zərərsizləşdirilməlidir. Sumqayıt şəhərində "xxxx" MMC fəaliyyət göstərir, həmin MMC Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində yaradılmışdır. Tullantılar müqavilə əsasında Sumqayıt şəhərində yerləşən Poliqona təhvil verilir. Həmin müqavilə olmadığına və ətraf mühiti çirkləndirildiyinə görə Cəlal Ağamalıyev barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bildirir ki, Cəlal Ağamalıyev barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra ona məktub göndərilərək xx.xx.2024-cü il tarixə saat 11:30 radələrində İdarədə olması və yazılmış inzibati xəta haqqında protokol əsaında qərar qəbul olunacağı bildirilmiş, həmin gün sonuncu İdarəyə gəlmiş, lakin yenə də tullantıların idarə olunması haqqında müqavilə təqdim etməmiş, ona görə də, toplanmış material əsasında rəhbərlik tərəfindən belə qənaətə gəlinmişdir ki, sözügüdən inzibati xəta Cəlal Ağamalıyev tərəfindən törədilmiş və bu səbəbdən barəsində inzibati cərimə tətbiq olunacağı bildirilmişdir. Cəlal Ağamalıyev İdarədə onun yanında olanda sexi xx.xx.2024-cü il tarixdə icarəyə götürdüyünü, tullantıların çox hissəsinin ondan əvvəlki icarədardan qaldığını bildirmişdir. Ümumilikdə Sumqayıt Təmizlik Departamenti dəfələrlə 4 saylı RETSİ-nə müraciət edərək bir sıra müəssisələr və iaşə obyektləri tullantıların idarə olunması ilə bağlı müqavilə bağlamırlar və müəssisə rəhbərləri həmin tullantıları başqa üsulla, yəni işçi tutaraq tullantıları başqa avtomobilə yüklətdirərək daşıtdırlar ki, bu zaman həmin avtomobilin sürücüsü həmin tullantıları Sumqayıt poliqonuna deyil, yol kənarlarına atırlar nəticədə ərazilər çirklədirilir. Bu səbəbdən hesab edir ki, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin edilməməsini xahiş edir. İş materillarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 16 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli protokola görə Sumqayıt şəhəri, 46-cı məhəllədə yerləşən Cəlal Ağamalıyevin rəhbəri olduğu mebel hissələrinin doğranması sexində formalaşan qalıq tullantıların zərərsizləşdirilməsi üçün daşınmaması, kisələrdə və açıq şəkildə ərazidə qalaqlanması səbəbi ilə, sonuncu barəsində İXM-nin 271-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. 29 avqust 2024-cü il tarixli MN № ******* saylı qərarına görə 16 avqust 2024-cü il tarixli, MN № ******* nömrəli protokol əsasında Cəlal Ağamalıyev İXM-nin 271-ci maddəsində göstərilən inzibati xətanın törədilməsinə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. 15-16 avqust 2024-cü il tarixli, № 86394 saylı “Aktda” Cəlal Ağamalıyev tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” qanunun 47-ci maddəsinin, “Tullantılar haqqında” qanunun 11-12-ci maddələrinin tələbləri pozulmuşdur. 4 saylı RETSİ tərəfindən Cəlal Ağamalıyeva ünvanlanmış məktublardan görünür ki, barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolu xx.xx.2024-cü il tarixdə, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı isə xx.xx.2024-cü il tarixdə almışdır. 15 avqust 2024-cü il tarixli “İcarə müqaviləsindən” görünür ki, icarəçi Cəlal Ağamalıyevlə icarəyə verən Eldəniz Əmrahov arasında ünvan 2 ünvanında 0.1726 ha torpaq sahəsində yerlşən ümumi sahəsi 561.6 kv.m əmlak kompleksinin 95 kv.m hissəsinin icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. Fotoşəkillərdən görünür ki, sex ərazisində çoxlu sayda qara rəngli sellofan torbalara yığılmış sənaye tulantıları qalaqlanmışdır. Fiziki şəxsin vergi uçoti haqqında Şəhadətnamədən görünür ki, Cəlal Ağamalıyev fərdi sahibkardır. VÖEN **********-dir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İXM-də inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” İXM-nin 237.1-ci maddəsinə görə tullantıların qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. “İstehsalat və məişət tullantıları haqqında” AR qanunun 1-ci maddəsinə əsasən istehsalat tullantıları - istehsal, yaxud işlərin (xidmətlərin) yerinə yetirilməsi prosesində əmələ gələn və ilkin istehlak xüsusiyyətlərini tam və ya qismən itirən xammal, material, maddə, yarımfabrikat, əşya və digər məhsulların qalıqları, habelə istehsal obyekti olmayan və öz istifadə olunma xüsusiyyətlərinə görə texnoloji prosesə daxil olmayan, yenidən əmələ gələn eyni mənşəli əşya və maddələr hesab edilir. Həmin Qanunun 1-ci maddəsinə əsasən məişət tullantıları dedikdə (bərk məişət tullantıları) - əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallar, təhlükəli tullantılar dedikə- tərkibində təhlükəli xüsusiyyətlərə malik partlayıcı, yanma qabiliyyətli, oksidləşdirici, toksiki, infeksion, korroziya təsirinə malik və ekotoksiki maddələr olan, əhalinin sağlamlığı və ətraf mühit üçün bilavasitə və ya potensial təhlükə yaradan tullantılar, təhlükəsiz tullantılar dedikdə - ətraf mühitə bilavasitə təhlükəli təsir göstərməyən tullantılar hesab olunur. Həmin Qanunun 1-ci maddəsinə əsasən tullantıların identifikasiyası - pasport məlumatları və ya yoxlama sınaqları əsasında konkret təhlükəli tullantıların hansı tullantı növünə və xüsusiyyətinə aidiyyətinin müəyyən edilməsi proseduru hesab olunur. Həmin qanunun 12-ci maddəsinı əsasən zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, 4 X4 və Təbii Sərvətlər İdarəsinin 29 avqust 2024-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin idarəyə göndərilməlidir. Məhkəmə tərəfindən Cəlal Ağamalıyevin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Cəlal Ağamalıyev ünvan 3 ünvanda ümumi sahəsi 561.6 kv.m olan əmlak kompleksi kimi müəssisəsinin tam mülkiyyət hüququ üzrə sahibi X1 həmin əmlak kompleksinin 95 kv.m olan hissəsini aylıq 250 manat olmaqla 1 il müddətinə 15 avqust 2024-cü il tarixdə icarəyə götürmüşdür. Şikayətə əlavə edilmiş 16 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokoldan müəyyən edilmişdir ki, həmin protokol elə həmin tarixdə 4 saylı RETSİ-si tərəfindən tərtib edilmiş “Akt” əsasında yazılmış, nəticədə Cəlal Ağamalıyev inzibati qaydada cərimə edilmişdir. Şikayətə və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, sexin ərazisində həqiqətən də çoxlu sayda qara rəngli sellofan torbalara yığılmış, istehsalat və məişət tullantısı qalaqlanmışdır. Lakin məhkəmə hesab edir ki, bu faktla bağlı fotoşəkillərin mövcudluğu özü-özlüyündə həmin qalaqlanmanın məhz Cəlal Ağamalıyev tərəfindən edilməsi nəticəsinə gəlmək üçün yetərli sübut və faktiki əsas kimi qəbul edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış “İcarə müqaviləsi”-dən görünür ki, həmin müqavilə 15 avqust 2024-cü il tarixdə bağlanmış, 4 saylı RETSİ-si tərəfindən isə “Akt” 16 avqust 2024-cü il tarixdə tərtib edilmiş, həmin tarixdə də protokol tərtib edilmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Cəlal Ağamalıyev özü də bildirmişdir ki, icarə müqaviləsi bağlanan günün səhərisi barəsində protokol tərtib edilmişdir. Halbuki, bildirir ki, ərazidə olan kisələrə yığılmış istehsalat tullantısı onun tərəfindən qalaqlanmamışdır. Tərəflər arasında “Akt” tərtib edilməmişdən bir gün öncə icarə müqaviləsi bağlandığı nəzərə alınarsa, fiziki cəhətdən fotoşəkildə görsənən həcmdə sənaye tullantısının Cəlal Ağamalıyev tərəfindən bir gün ərzində qalaqlanması ağlabatan qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin qalaqlanmanın məhz kim tərəfindən həyata keçirilməsi protokol tərtib etmiş orqan tərəfindən yenidən araşdırılmalı, araşdırma nəticəsində qanunamüvafiq qərar qəbul edilməlidir. İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu məcəllənin 134.1.1-ci və 135.1.6-cı maddələri müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana göndərilməsi haqqında qərar qəbul edilir. Həmin məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması həmin qərarın ləğv edilməsi əsaslarında biridir. Göründüyü kimi, 4 X4 və Təbii Sərvətlər İdarəsi tərəfindən yekun nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, formal mülahizələrə əsaslanmaqla Cəlal Ağamalıyev barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən qismən təmin edilməli, 4 X4 və Təbii Sərvətlər İdarəsinin 29 avqust 2024-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilərək yenidən baxılması üçün həmin idarəyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.4, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 29 avqust 2024-cü il tarixli MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X4 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2239/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2239/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver