Məhkəmə qərarları › İş №3(060)-2245/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2245/2023

19.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2245/2023 19.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhər Polis İdarəsi 1ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı, xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş materiallar xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsinə daxil olmuşdur. Protokoldan görünür ki, vət.Şəxs xx.xx.2023-cü il tarixində saat 18:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Həmid” avtosalonda olmuş, həmin vaxt avtosalonda Vüsalə adlı xanımla söz mübahisəsi etmiş, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də onlar tabe olmamışdırlar. İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, vət.Şəxs xx.xx.2023-cü il tarixində saat 18:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Həmid” avtosalonda olmuş, həmin vaxt avtosalonda Vüsalə adlı xanımla söz mübahisəsi etmiş, polis əməkdaşları onları nizam-intizama dəvət etsələr də onlar tabe olmamışdırlar. Hadisə ilə bağlı raport tərtib edilmiş, post patrul əməkdaşı bildirmişdir ki, şəxs avtopatrula əyləşmək, bölməyə getmək istəməmiş, etiraz etmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, dostu onu Sumqayıta dəvət etmiş, o da Nabrana getdiyini bildirmiş, dostuna məxsus avtomobili almaq istədiyindən qayıtdıqdan sonra dostuna avtosalona gedib onun nə qədər borcu qaldığını öyrənmək istəmiş, avtosalonda olarkən xanımdan nə qədər borc qaldığını soruşsa da xanım cavab verməmiş, mübahisə yaranmış, mübahisə zamanı xanım onu təhqir etmiş, daha sonra polis əməkdaşları gəlmiş, o da avtopatrula əyləşərək polis bölməsinə getmişdir. Həmin vaxt polis əməkdaşlarl tərəfindən ona qarşı heç bir təzyiq olmamış, o da polis əməkdaşlarına qarşı müqavimət göstrəməmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid X3 bildirmişdir ki, Orxan adlı şəxsə avtomobil icarəyə vermişdir. Orxan icarənin pulunu vermədiyindən avtomobil ondan alınmış, o da bu barədə DİN-nin 102 xidmətinə şikayət etmişdir. Polis bölməsində bununla bağlı araşdırma aparılmış, izahatları alınmış və mülki mübahisə olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə Orxan Rəfael ilə birlikdə avtosalona gəlmiş, Rəfael içkili olmuşdur. Ondan Orxanın avtomobilə nə qədər borcu qaldığını soruşmuş, o da Rəfaelə bu barədə məlumat verə bilməyəcəyini, Orxanın özünə məlumat verildiyini bildirmişdir. Rəfael söhbəti uzadaraq mübahisə yaratmış, onu təhqir etmiş, ona əl qaldırmışdır. O da polis çağırmış, polis əməkdaşları gəlib Rəfaeli avtopatrula mindirməyə çalışmışlar, lakin o minməmiş, polis əməkdaşları əlavə dəstək çağırmış, onu məcburi avtopatrula əyləşdirib aparmışlar. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İş materillarında olan A/1695 saylı, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vardır. İş materillarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 18:25-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 15:00-da azad edilmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2023-cü il tarixdə polis qanuni tələbinə tabe olmaması müəyyən edilmir və sübuta yetirilmir. Belə ki, iş materiallarına əlavə edilmiş videogörüntülərdən görünür ki, biri qadın olmaqla bir neçə şəxs mübahisə edir, polis əməkdaşları müdaxilə edərək onları ayırır və şəxslərdən biri polis əməkdaşı ilə avtopatrula doğru gedir. Göründüyü kimi şəxsin əməlində polisin qanuni tələbinə tabe olmama kimi hər hansı hərəkətlə müşahidə edilmir. Eyni zamanda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidin izahatı, iş materiallarına əlavə edilmiş raportun məzmunu Şəxs hazırki material üzrə törədilməsi istinad olunan inzibati xətanın doğruluğunu təsdiq etmir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Şəxs polisin qanuni tələbinə əməl etməməsi iş materialları ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar