Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-225/2025 22.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə müvafiq olaraq baxılması üçün hazırlanması zamanı müəyyən etmişdir ki, inzibati xəta haqqında iş üzrə materiallar natamamdır və işə baxılarkən onu tamamlamaq mümkün deyil. Belə ki, Şəxs barəsində inzibati xəta haqqında protokol ona görə tərtib edilmişdir ki, o icra sənədində olan tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Lakin, icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilməmişdən öncə borclunun icra tələbini üzrsüz səbəbdən icra etməməsi və icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi təsdiq edən yetərli sübutlar toplanmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş iş materiallarına əsasən müəyyən edilir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 mart 2018-ci il tarixli 2(001)-2903/2018 saylı qətnaməsi ilə həmin vaxtdan aliment ödəyir, Sumqayıt Şəhər Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli 2(060)-4277/2023 saylı qətnaməsi ilə aliment miqdarı artırılaraq hər ay 220 manat müəyyən edilmişdir. İş materiallarında olan çıxarışlara əsasən borclu tərəfindən hər ay hissə-hissə olmaqla mütamadi ödənişlər həyata keçirilmiş və onun hazırda icra sənədi üzrə 750 manat aliment borcu yaranmışdır. Eyni zamanda İcrsa məmurunun təqdim etdiyi çıxarışda borclunun əmək müqaviləsinin tapılmadığı qeyd edilsə də, elektron məhkəmə sistemindən çıxarışlara əsasən müəyyən edilir ki, borclu rəsmi qaydada işləyir və əmək haqqı alır. Həmçinin ayda 220 manat pensiya alır. Lakin, icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş heç bir məcburi icra tədbiri həyata keçirilmədən, yəni tam araşdırma aparılmadan borclu barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, indiki halda mövcud materiallar əsasında borclu Şəxs icra sənədini icra etməməsinin səbəbinin üzrlü və ya üzrsüz səbəbdən olmasını müəyyən etmək mümkün deyil. İcra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müvafiq tədbirlər görüldükdən sonra şəxsin icra sənədini üzrsüz səbəbdən icra edib-etməməsi məsələsi araşdırılaraq müvafiq qiymət verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən m əcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-225/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-225/2025
22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver