Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2251/2024 30.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə , DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23608027 saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23608027 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Rəsul Əliyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 23608027 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Rəsul Əliyev şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus olan “Toyota Prius” markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2024-cü il tarixdə saat 16:56 radələrində Sumqayıt şəhəri, Sülh prospektində qırıq-qırıq xətti keçərək sola dönmüş, bu zaman həmin ərazidə quraşdırılmış kamera vasitəsilə qayda pozuntusuna yol verdiyi səbəb göstərilərək barəsində İXM-nin 327.2-ci maddəsinə əsasən elektron qaydada EQ23608027 nömrəli inzibati tənbeh vermə haqqında 100 (bir yüz) manat məbləğində cərimə qərarı tərtib edilmişdir. Bildirir ki, inzibati işə əlavə edilmiş fotolardan açıq-aydın görünür ki, o, avtomobillə 1.1 üfüqi nişanlanma xəttin tələbini pozmamış, həmin vaxtı 1.5 qırıq-qırıq xətti kəsərək sola geriyə hərəkətini davam etdirmişdir. Məhkəmə iclasında Rəsul Əliyev şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, BDYPİ tərəfindən tərtib olunmuş EQ 23608027 saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin idarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, Rəsul Əliyev tərəfindən 1.1 üfüqi nişanlanma xəttinin tələbinə riayət etmədən sola dönmə əməliyyatı həyata keçirsəydi onun qanunun həmin maddəsi ilə məsuliyyəti yarana bilərdi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi əsası kimi çıxış etməli idi. Belə ki, “X3” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin Vİ hissəsinə görə Üfüqi nişanlanma xətlərindən biri olan 1.1-əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin Maddənin Vİ hissəsinə görə Üfüqi nişanlanma xətlərindən biri olan 1.5-iki və ya üç zolağı olan yollarda əks istiqamətli nəqliyyat axınlarını ayırır, bir istiqamətdə hərəkət üçün iki və daha çox zolaq olduqda, hərəkət zolaqlarının sərhədlərini göstərir. Məhkəmə istintaqı zamanı tədqiq edilən, hadisənin baş vermə yerinin fotoşəkillərini özündə əks etdirən 01 ədəd DVD diskə baxış zamanı həmin yerdə asfalt örtüyünün üzərində 1.1 deyil, məhz 1.5 üfüqi nişanlanma xəttinin olması, bəzi hissədə isə ümumiyyətlə üfüqi nişanlanma xəttinin pozulduğu, görünmədiyi müşahidə olunmuşdur. Məhkəmə hesab edir ki, qeyd olunan hallar şikayətçinin iştirakı təmin edilməklə, törədilməsi iddia edilən qayda pozuntusu şəxsə izah edilməklə qərar qəbul edilməli, şikayətçidə şübhə yarada biləcək hallar aradan qaldırılmalıdır. Belə ki, həmin faktın araşdırılması ilə bağlı DİN Baş X5 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərardır. İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş EQ 23608027 saylı, xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 tənbeh edilməsinə dair DİN Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23608027 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün DİN Baş X5 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2251/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2251/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver