Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2252/2025 25.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Qərarından şikayət verilən Sumqayıt Şəhər Dövlət X7 nümayəndəsi, polis kapitanı X1, Zərərçəkmiş şəxs X2, Şikayət verən şəxs Quluzadə Nicat Vəli oğlunun, Sumqayıt Şəhər Dövlət X10 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan Quluzadə Nicat Vəli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quluzadə Nicat Vəli oğlu Sumqayıt Şəhər Dövlət X10 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Quluzadə Nicat Vəli oğlu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat məbləğində cərimə olunmuşdur. O, Sahil küçəsi ilə hərəkətdə olarkən qarşısında hərəkətdə olan avtomobil anidən sola dönmə işığını yandırmadan sola onun qarşısına çıxmışdır və nəticədə qəza olmuşdur. Polis əməkdaşı X3 hadisəni araşdırmadan, heç bir kamera görüntüsü olmadan onu təqsirli bilmişdir. xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs Quluzadə Nicat Vəli oğlu şikayətini müdafiə edərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixində baş vermişdir. Hadisəyə səbəb onun qarşısındakı maşının tormoz verməsi olmuşdur. Hadisənin sonra o, xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-yə getdikdə orada ona araməsafəsini saxlamadığını bildirmişlər. O, hadisə yerində kamera olmadığını, ona göstərilən video görüntü ilə razı olmadığını, hadisənin sxemi ilə tanış olduğunu bildirmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməsini, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən Sumqayıt Şəhər Dövlət X7 nümayəndəsi, polis kapitanı X3 bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 17:23-də Sumqayıt şəhəri, Sahil küçəsində baş vermişdir. Nəqliyyat vasitələrinin toqquşma yerinə baxan zaman məlum olmuşdur ki, qəza araməsafəsi gözlənilmədiyi üçün baş vermişdir. Hadisədən sonra nəqliyyat vasitələrinin toqquşma yerinə baxış keçirən zaman müəyyən edilmişdir ki, toqquşma avtomobilin tən orta hissəsindən baş vermişdir. Şikayət verən şəxs X5 qarşıdakı avtomobilin yerdəyişməsi nəticəsində hadisənin baş verdiyini bildirsə də, avtomobillərin toqquşma nöqtələrindən, həmçinin video görüntüdən də görünür ki, avtomobillər eyni zolaq üzrə hərəkət etmişlər. Hadisə zamanı “Toyota-Hi Lux” pikap markalı avtomobilin qarşısında olan maşın dönmə hərəkəti etdiyi üçün o, əyləcə basmış və arxadan gələn “Ford Tranzit” markalı avtomobil arxa tərəfdən “Toyota-Hi Lux” pikap markalı avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Ford Tranzit” markalı avtomobilin qabaq tərəfdən tən orta hissəsi və “Toyota-Hi Lux” pikap markalı avtomobilin arxa tərəfdən tən orta hissəsi əzilmişdir. İnzibati icraat aparılarkən hər iki sürücünün izahatı alınmış, hadisə yerinin sxemi tərtib edilmiş və şikayət verən şəxs də həmin sxemlə tanış olub imza etmişdir. Hadisənin uzaqdan da olsa video görüntüləri mövcuddur. Videodan da avtomobillərin eyni zolaqda hərəkət etməsi görünür. O, şikayətin təmin edilməməsini, tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:20-də işdən gələn zaman onun qarşısına avtomobil çıxmış, o, əyləcə basan zaman “Ford Tranzit” markalı avtomobilin sürücüsü onun avtomobili ilə arxadan toqquşmuşdur. O, zolaqda yerdəyişmə etməmiş və bu səbəbdən də dönmə işığının yandırılmasına ehtiyac olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərardan görünür ki, Quluzadə Nicat Vəli oğlu xx.xx.2025-ci il tarixdə, saat 17:23-də Sumqayıt şəhər Sahil küçəsində “FORD TRANSİT YÜK” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta haqqında İXP ******* nömrəli xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Quluzadə Nicat Vəli oğlu tərəfindən xx.xx.2025-ci il tarixdə saat 17:23-də “FORD TRANSİT YÜK” markalı **-XJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt ŞPİ-nin Dövlət X7 inspektoru X3 tərəfindən xx.xx.2025-ci il tarixli yol nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və sürücülər X4 və Quluzadə Nicat Vəli oğlu və hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmə iclasında qərar qəbul etmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin polis kapitanı X3 tərəfindən təqdim edilmiş video görüntüyə baxış keçirilmiş, qeyd edilən video çəkilişdə avtomobillərin görüntüləri uzaq məsafədən qeydə alınsa da, xx.xx.2025-ci il tarixdə “FORD TRANSİT YÜK” markalı və “Toyota-Hi Lux” pikap markalı avtomobillərin eyni zolaq üzrə hərəkət etmələri müşahidə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət X7 inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununun 50-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 50-ci maddəsinin 3-cü bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin Dövlət X7 inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan Quluzadə Nicat Vəli oğlunun verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quluzadə Nicat Vəli oğlunun şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin Dövlət X7 inspektoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2252/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2252/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver