Məhkəmə qərarları › İş №3(060)-2255/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2255/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2255/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis baş-leytenantı Ziyad Nuraliyevin iştirakları ilə, xx.xx.1985-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 qəsəbəsi, Xəzri yaşayış massivi, fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 2-ci PBdən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt şəhər Məhkəməsinə 02 iyul 2021-ci il tarixdə vətəndaş Şəxs barəsində Sumqayıt ŞPi-nin 2-ci PB-nin sahə rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xətaya dair MN № ******* saylı, 02.07.2021-ci il tarixli protokol daxil olmuşdur. Protokoldan görünür ki, vətəndaş Şəxs 01.07.2021-ci il tarixdə saat 22:30 radələrində Sumqayıt şəhəri H.zeynalabdin qəsəbəsi ərazisində “Skazka” adlanan kafedə yığıncaq etdikləri üçün Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi, polis baş-leytenantı Ziyad Nuraliyev bildirdi ki, 01.07.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-yə raport daxil olmuşdur. Belə ki, Sumqayıt şəhəri, dəniz kənarı ərazidə yerləşən “Skazka” adı altında fəaliyyət göstərən restorana yaxınlaşan zaman çöldə qurulmuş çadır altında təxminən 70-80 nəfərin toy məclisində iştirak etdiyi aşkar olunmuşdur. Həmin obyektin sahibinin müvafiq icazəsinin olub-olmadığını soruşarkən heç bir icazəsinin olmadığını bildirmişdir. Buna görə də əməkdaşlar toyun təşkilatçısı və 2 nəfəri aidiyyəti üzrə 2-ci PB-nə aparmışlar. Bölmədə məlum olmuşdur ki, həmin şəxslər Şəxs, X1 və X2r. Buna görə də toyun təşkilatçısı Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, artıq 2 ildir ki, ona məxsus olan “Skazka” restoranını işlədir. 01 iyul 2021-ci il tarixdən banket və toy məclislərinə icazə verildiyindən müştərilərdən birinin istəyinə uyğun olaraq 40 nəfərlik banket məclisinin keçirilməsinə razılıq vermişdir. Həmin tarixdə həmin məclisə aid olmayan müştərilər olduğundan ümumilikdə banketdən əlavə təqribən 5 “besetkada” 30 nəfər kafeyə gələn müştərilər də olmuşdur. Məclisdə iştirak edən qonaqlarla besetkada olan müştərilərin bir-birilə heç bir əlaqəsi olmamışdır. Bu səbəbdən polis əməkdaşları kafedə olan şəxslərin sayının çoxluğun irad bildirib onu obyekt sahibi kimi 2-ci polis bölməsinə dəvət etmişlər. Məhkəmə iclasında çıxış edən şahid X3 izahatında göstərdi ki, yəni 01.07.2021-ci il tarixdə sözügedən restoranda toy məclisi təşkil edilməmişdir. Həmin vaxt orada adi ad günü keçirilmiş, şirniyyat və çay süfrəsi açılmışdır. Cəmi 30-40 nəfər dost-tanış olmuşdur. Həmçinin karantin qaydaları, eləcə də masa arxasında əyləşənlər arasında sosial məsafə gözlənilmişdir. Məhkəmə iclasında çıxış edən şahid X1 izahatında göstərdi ki, “Skazka” restoranında təşkilatçı kimi işləyir. 01 iyul 2021-ci il tarixdə banket və toy məclislərinin keçirilməsinə icazə verildiyindən orada müştərilərdən birinin istəyinə uyğun olaraq 40 nəfərlik banket məclisinin keçirilməsinə razılıq verilmişdir. Bundan əlavə orada həmin banketə daxil olmayan müştərilər də olmuşdur. Məclisdə iştirak edən qonaqlarla besetkada olan müştərilərin bir-birilə heç bir əlaqəsi olmamışdır. Həmçinin karantin qaydaları, eləcə də masa arxasında əyləşənlər arasında sosial məsafə gözlənilmişdir. Müdafiəçi Vəkil barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarını araşdıraraq, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi, şahidləri və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Məhkəmə tərəfindən iş materialları araşdırılarkən məlum oldu ki, Şəxs barəsində səthi araşdırma aparılmaqla barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarına Şəxs təqsirini sübuta yetirən hər hansı material – inzibati xəta hadisəsinin baş verməsini sübuta yetirən foto və videogörüntü əlavə edilməmişdir. Onun sözügedən inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunmur. Belə ki iş materiallarında inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübut yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 105.1-ci maddsəinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddsəinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 211-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddsəinə əsasən xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil Vəkil oğlu tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar