Məhkəmə qərarları › İş №3(060)-2255/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2255/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2255/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Şəxs (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli 00700-00130/25 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin və Sumqayıt Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, 00700-00130/25 nömrəli protokoldan görünür ki, Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-33- 1800/012/002357 nömrəli raportun araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən alqı-satqı yolu ilə xx.xx.2024-cü il tarixli **********8712 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 8622,70 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti ixracatçının müvəkkil bankdakı hesabına köçürülməmişdir. Faktla bağlı Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Azərbaycan Respublikası vətəndaşı X2 və təhqiqat şöbəsində verdiyi izahatında göstərmişdir ki, Şəxs MMC ilə Rusiya Federativ Respublikasında fəaliyyət göstərən “OOO Guten Morgen” şirkəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2023-0167 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə xx.xx.2024-cü il tarixli **********8712 sorğu nömrəli gömrük bəyannaməsi ixrac edilən malların müqabilində 3350 ABŞ dolları xx.xx.2025-ci il tarixində, yəni 180 gün ərzində müvəkkil bank hesabına köçürülmüşdür. Milli valyutaya nisbətdə 8963,59 AZN təşkil edən 5272,70 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti isə müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində, yəni 270 gün sonra köçürülmüşdür, 180 günlük müddət xx.xx.2025-ci il tarixində tamamlanmışdır. 5272,70 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində qaytarılmamışdır. Səbəb isə odur ki, “OOO Guten Morgen” şirkəti ödənişi gecikdirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən malların bəyan olunduğu gündən xarici valyuta vəsaitlərini 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilməli olduğu halda, xx.xx.2024-cü il tarixli **********8712 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində milli valyutaya nisbətdə 8963,59 (səkkiz min doqquz yüz altmış üç manat, əlli doqquz qəpik) AZN təşkil edən 5272,70 (beş min iki yüz yetmiş iki dollar, yetmiş sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində, yəni 270 gün sonra köçürülmüşdür. 180 günlük müddət isə xx.xx.2025-ci il tarixində tamamlanmışdır. 5272,70 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində qaytarılmamışdır. Sumqayıt Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzinin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli Qərarına görə, 21 oktyabr 1994-cü il tarixli 910 nömrəli “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması məsuliyyət yaradır. Şəxs MMC (VÖEN:**********) tərəfindən xarici valyuta vəsaitlərinin qaytarılmaması ilə əlaqədar müəssisənin ünvanına müvafiq bildiriş göndərilmişdir. Bununla yanaşı Gömrük Xidmətinin Vahid X1 (VAİS) banklarla gömrük orqanları arasında olan elektron hesabat formasından (FORMA 3.9.2.1) əldə edilmiş məlumata əsasən Şəxs MMC tərəfindən rəsmiləşdirilən **********8712 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 8622,70 ABŞ dolları məbləğində olan vəsait sözügedən hesabatda bu günədək öz əksini tapmamışdır. Barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin sorğu-sual edilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs MMC-də baş hüquqşünas vəzifəsində işləyən X3 izahatı alınmışdır. O, izahatında bildirmişdir ki, Şəxs MMC ilə Rusiya Federativ Respublikasında fəaliyyət göstərən “OOO Guten Morgen” şirkəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli 2023-0167 nömrəli alqı-satqı müqaviləsinə istinad etməklə xx.xx.2024-cü il tarixli **********8712 sorğu nömrəli gömrük bəyannaməsi ixrac edilən malların müqabilində 3350 ABŞ dolları xx.xx.2025-ci il tarixində, yəni 180 gün ərzində müvəkkil bank hesablarına köçürülmüşdür. Milli valyutaya nisbətdə 8963,59 AZN təşkil edən 5272,70 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti isə müvəkkil bank hesablarına xx.xx.2025-ci il tarixində, yəni 270 gün sonra köçürülmüşdür, 180 günlük müddət xx.xx.2025-ci il tarixində tamamlanmışdır. 5272,70 ABŞ dolları məbləğində xarici valyuta vəsaiti 180 gün ərzində qaytarılmamışdır. Səbəb isə odur ki, “OOO Guten Morgen” şirkəti ödənişi gecikdirmişdir. Gömrük Xidmətinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursundan çıxarışdan görünür ki, 5272,70 (beş min iki yüz yetmiş iki dollar, yetmiş sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaiti müvəkkil bank hesabına xx.xx.2025-ci il tarixində köçürülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 5272,70 (beş min iki yüz yetmiş iki dollar yetmiş sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 1581,81 (bir min beş yüz səksən bir dollar səksən bir sent) ABŞ dolları məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar