Məhkəmə qərarları › İş №3(060)-2257/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2257/2021

02.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2257/2021 02.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) 02 iyul 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, vətəndaş Şəxs 01.07.2021ci il tarixdə 22:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, “Skazka” adlanan kafedə yığıncaq keçirdikləri üçün İXM-nin 211.1-ci maddəsinin tələbini pozmuşdur. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 02 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin sahə rəisi X3 tərtib etdiyi inzibati protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 30.06.2021-ci il tarixdə kiçik qardaşı Səmədin banket məclisin keçirilməsi üçün H.Z.Tağıyev qəsəbəsində “Skazka” adlı restoranda 01.07.2021-ci il tarixdə razılaşmışlar. O, restoran yiyəsinə təxminən 30-40 nəfər qonaqları olacağını bildirmişdir. Məclis keçirilən vaxt kafeyə aid olan müştərilər var idi. Restorana gələrkən həyətdə ayrıca besetkalarda çoxlu müştərilər oturmuş, orada olan kənar şəxslərin onların məclisinin qanaqlarına aidiyyati olmamışdır. Həmin vaxt restoranın həyətində çimərliyə gələnlərdə olmuşdur. Təxminən saat 21:40 radələrində polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdilər və onu təşkil olunmuş məclisin nümayəndəsi kimi, yəni səbəbkarın qardaşı olduğuna görə 2-ci polis bölməsinə araşdırılma aparılması üçün dəvət olunmuş və onlara etraz etmədən 2-ci polis bölməsinə polis əməkdaşları ilə birgə getmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolları tərtib etmiş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və işdə olan digər materialları tədqiq edərək hesab edir ki, Şəxs barəsində başlanmış İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. İXM-nin 211.1-ci maddəsinə əsasən pidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12.-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən Operativ Qərargah tərəfindən müəyyən edilən qaydalar pozulmalıydı. Məhz İXM-nin 211.1-ci maddəsində göstərilən tövsif edici əlamətlərin mövcudluğu onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin yuxarda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlər törədilməmiş və məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Məclis təşkil edilməsi özlüyündə inzibati xəta tərkibi yaratmır. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsi tərəfindən 02 iyul 2021-ci il tarixdə Şəxs barəsində MN №li ******* seriyalı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar