Məhkəmə qərarları › İş №3(060)-2260/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2260/2021

14.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2260/2021 14.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin inzibati xəta haqqında iş üzrə 21 aprel 2021-ci il tarixli TP ******* №li qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin YPX-nin inspektoru polis, baş serjantı X3 inzibati tənbeh vermə haqqında iş üzrə TP ******* saylı, 21 aprel 2021-ci il tarixli qərarın ləğv edilməsi barədə və Barəsində İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, Sumqayıt Şəhər DYPŞ-nin Yol patrul xidməti inspektoru Polis baş serjantı X3 inzibati tənbeh vermə haqqında iş üzrə TP ******* saylı, 21.04.2021 -ci il tarixli qərarı ilə o, İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 (altmış) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında iş üzrə TP ******* saylı, 21.04.2021-ci il tarixli qərarın verilməsinə əsas olmuş İXP3911283 nömrəli protokola əsasən guya o, 21.04.2021-ci il tarixində, saat 10:00-da “X8” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirmiş, bununla da o, İXM-nin 327.2-ci maddəsi ilə olan inzibati xətanı törətmişdir. O, göstərilən tarixdə yəni, 21.04.2021-ci il tarixində, saat 10:00-da “X8” markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən heç bir qayda pozmadığını halda polis əməkdaşı onu saxladı və nəqliyyat vasitəsini idarə edərkən svetoforun və nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirdiyini bildirmişdir. O, buna etiraz etdib və kamera görüntüsünə baxılmasını tələb etmişdir. Lakin polis əməkdaşı barəsində protokol tərtib edəcəyini bildirmişdir. O, da cavabında etiraz etdiyini həmin protokolu və müvafiq qərarı verməsini tələb etmiş və barəsində veriləcək inzibati xəta haqqında iş üzrə qərardan şikayət edəcəyimi bildirmişdir. Həmin vaxt düşünmüş ki polis əməkdaşı haqlı olduğunu görüb barəsində hər hansı bir qərar qəbul etməyəcəkdir. Lakin 01.07.2021-ci il tarixdə avtomobili idarə edərkən AR DİN DYP-nin əməkdaşı onu saxlamış və avtomobilin üzərində həbs olduğunu və buna əsasın barəsində 21.04.2021-ci il tarixində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə qərarın olmasını bildirmişdir. Ona görə də o, 02.07.2021-ci il tarixində AR DİN Sumqayıt şəhər DYPŞ-nə müraciət etmiş və TP ******* saylı, 21.04.2021-ci il tarixli qərarı əldə etmişdir. Əməlində İXM-nin 327.2-ci maddəsinin tərkib əlaməti olmadığından həmin qərarı qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 05.07.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 14 iyul 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsindəki TP ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 21 aprel 2021-ci il tarixdə saat İXP ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 21 aprel 2021-ci il tarixdə TP ******* saylı qərar qəbul edilərək X5 barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 60,00 (altmış) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X5 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə X5 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin ayrıca məktub ilə mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə çəkilmiş foto, video və sair materialları) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən şöbə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin TP ******* №li 21 aprel 2021-ci il tarixli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar