Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2261/2021 23.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Hacıyev sədrliyi, X3 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi – X1, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 23 iyun 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 23.06.2021-ci il tarixində Sumqayıt Novxanı yolunda yerləşən Şəxs MMC-nin ərazisində aparılan ölçmə işləri zamanı ətrafa yayılan səs-küyün miqdarı normadan artıq olmuşdur. Məhkəmə iclasında çıxış edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsi X2 izahatında göstərdi ki, 23.06.2021-ci il tarixdə Şəxs MMC-nin ərazisində xüsusi ölçmə cihazı ilə aparılan ölçmə analiz işləri zamanı ətrafa yayılan səs-küyün səviyyəsinin miqdarının ətraf mühit üçün yol verilən faktiki normadan həddindən artıq olduğu müəyyən edilmişdir (norma 60 DBA, faktiki 63,6 DBA). Ona görə də Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirdi ki, 23.06.2021-ci il tarixdə Şəxs MMC-yə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gələrək ətrafa yayılan səs-küyün səviyyəsinin miqdarının artıq olub-olmaması barədə yoxlama edəcəklərini bildirmişlər. Əməkdaşlar ölçmə analiz işləri apararaq səs-küyün həddən artıq olduğunu bildirərək MMC barəsində inzibati xəta haqqında protokol tərtib emişlər. Barələrində tərtib olunmuş inzibati xəta haqqında protokolla razı deyillər. Belə ki ilk olaraq ölçmə işləri aparılan zaman həmin cihazın düzgün işləyib-işləməməsi barədə texniki sənədləri təqdim etməmişlər. Ölçmə zamanı aparat normal işləməmişdir. Belə ki adi aparatın göstəricisində 50 DBA göstərdiyi halda yanında danışıqlar gedən zaman aparat 60 DBA-dan artıq səviyyə göstərmişdir. Ona görə də aparatın nasaz olmasından şübhələnib onun uyğunluq sertifikatını və ya cihazın nə vaxt yoxlamadan keçdiyini təsdiq sənədləri təqdim etməyi tələb etmişlər. Lakin onlara heç bir sənəd təqdim edilməmişdir. Həmçinin ölçmə işləri əyləncə mərkəzinin daxilində aparılmışdır. Əgər ətrafa yayılan səs-küydən şikayətlər olmuşdusa ölçmə işləri də kənardan aparılmalı idi. Qeyd olunanları nəzərə alaraq Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən şahid X8 izahatında bildirdi ki, 23.06.2021-ci il tarixdə Şəxs MMC-nin ərazisində monitorinq müşahidəsinin aparılmasında o da iştirak etmişdir. Xüsusi ölçmə cihazı ilə aparılan ölçmə analiz işləri zamanı ətrafa yayılan səsküyün səviyyəsinin miqdarının ətraf mühit üçün yol verilən faktiki normadan həddindən artıq olduğu müəyyən edilmişdir (norma 60 DBA, faktiki 63,6 DBA). Əyləncə Mərkəzinin inzibatçısı X9 aparılan monitorinq analiz ölçmə işlərində iştirak etməsinə baxmayaraq aktla bağlı izahat verməkdən və akta imza etməkdən imtina etmişdir. Həmçinin MMC tərəfindən tələb edilən uyğunluq sertifikatını da üzərində olmadığından təqdim edə bilməmişdir. Məhkəmə iclasında çıxış edən şahid X6 da X8 ilə oxşar məzmunlu izahat vermişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.2-ci maddəsinə əsasən Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normalarının pozulmasına görəfiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. İş materiallarında olan 01 ədəd diskə və təqdim edilmiş fotoşəkillərə baxış zamanı Məhkəmə tərəfindən müəyyən edildi ki, ətrafa yayılan səs-küyün səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılmış monitorinq müşahidəsi və ölçmə işləri Şəxs MMC-nin daxilində aparılmışdır. Belə olan halda ölçmə cihazının normadan artıq göstərməsi normal hal kimi qiymətləndirilməlir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci tarixli 796 saylı fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”na əsasən kafe, restoran və yeməkxanaların zallarında səs təzyiqinin maksimal səviyyəsi 65 DBA-dır. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib olunarkən qanunvericiliyin tələbinə düzgün riayət edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 275.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən ətrafa yayılan səs-küyün miqdarının normadan artıq olması hər hansı mötəbər sübutla təsdiq edilmir. Şəxsin təqsirli bilinməsinə dair məhkəmə qərarı ehtimallara əsaslana bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2261/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2261/2021
23.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver