Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2261/2022 07.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair 29 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X5 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən qəbul edilmiş 29 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və həmin qərar əsasında yazılmış 11.000 ABŞ dolları məbləğində cərimənin silinməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən şikayətçi X2 nümayəndəsi və vəkili Vəkil yazılı çıxış edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs ilə X6 A.Ş arasında 02.01,2020-tarixində ***-**** nömrəli müqavilə imzalanmış və müqaviləyə görə X5 tərəfindən 110.000,00 ABŞ dolları göndərilmişdir. COVİD-19 (pandemiya) ilə əlaqədar olaraq mallar vaxtıdan təhvil verilməmişdir. Mallar yalnız 2022-ci ilə təhvil verilmişdir. Bu barədə X6 A.Ş tərəfindən rəsmi qaydada arayış da verilmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, mallar pandemiya ilə bağlı vaxtında göndərilməmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar' Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə,xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s. Malların gətirilməsi və xidmətlərin göstərilməsi hüquqlarını müdafiə etdiyi şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilib və bu barədə rəsmi arayış da var. Bundan əlavə işdə olan sənədlərdən görünür ki, şəxsin barəsində tərtib olunmuş protokol da qanunverciliyin tələbinə ziddir. Şəxsin izahatı alınsa da, tərtib olunmuş protokol tam olaraq doldurulmamışdır. Qanunsuz protokolun əsasında isə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində qeyd olunub ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə ( burada müddət yox, müddətlər yazıldığına diqqət edin) müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə cərimələr tətbiq olunur. Məcəllədə dəqiq müddət göstərilmir. Belə bir müddətlər məhdudiyyəti heç bir hüquqi normativ aktda yoxdur. X7 İdarə heyətinin 28 noyabr 2017-ci il tarixli, 45/1 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması qaydaları”nın 4.3.1.3-cü bəndində bu barədə qeyd var. Həmin bənddə qeyd olunur ki, 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks ətdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azerbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Əvvəla, Mərkəzi Bankın azad sahıbkarlıq hüququ haqqında Azərbaycan Respublikasının Konstitusiyasının 15 və 59 -cu maddələrinə qarşı çıxan qərar verməsi əsas qanunu saymamazlıqdır. İkinci tərəfdən Azərbaycan Respublukası Mülki Məkəlləsinin 954.4 cü maddəsinə əsasən, bank müştərinin pul vəsaitindən istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Habelə, müştərinin pul vəsaitinə dair öz istədiyi kimi sərəncam vermək hüququ üzərində bank hesabı müqaviləsi ilə nəzərdə tutulmamış digər məhdudiyyətlər qoya bilməz. "Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli qanununun 36.5-ci maddəsinə əsasən, bank müştərinin öz pul vəsaitindən istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz pul vəsaiti barəsində öz isdədiyi kimi sərəncam vermək hüququ üzərində qarıunla və ya müqavilə ilə nəzərdə tutulmayan məhdudiyyətlər qoya bilməz. Bir daha vurğulayır ki, heç bir qanunda 270 günlük məhdudiyyət müddəti yoxdur. Əslində, olsa idi bu Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalari” haqqında 10 fevral tarixli, 1233 saylı fərmanında olmalı idi. Orada isə belə bir norma yoxdur. Hər bir halda, bu sahədə məhdudiyyətlər ancaq dövlət müəssisələrinə qoyula bilər. Mərkəzi Bank “Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında” qanununa əsasən fəaliyyət göstərir. Həmin qanunun 22.0.17-ci maddəsində qeyd olunub ki, “Mərkəzi Bank normativ xarakterli aktlar təsdiq edir” Deməli, Mərkəzi Bankın təsdiq etdiyi qaydalar normativ hüquqi akt deyil, normativ xarakterli aktdır, yəni ancaq xarakterinə görə normativ hüquqi akta oxşayır. “Normativ hüquqi aktlar haqqında”kı Konstitusiya Qanunda (maddə 1.0.3) qeyd olunur ki, normativ xarakterlı akt məhdud subyektlər dairəsi üçün məcburi davranış qaydalarını əks etdirən rəsmi sənəddir. Yəni, hamı üçün məcburi davranış qaydaları deyil. Bir az da xırdalasaq, deyilir ki, Mərkəzi Bank (və digərləri) normativ hüquqi aktla ancaq öz tabeçiliyində olan, struktur bölmələri üçün qaydalar yarada bilər. Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun digər 4.2-ci maddəsində isə qeyd olunur ki, “Normatıv xarakterli aktların icra olunmasına görə məsuliyyət müəyyən oluna bilməz”. Deməli, Maljyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bankın normativ xarakterli hüquqi aktı əsasında cərimə protokolları tərtib etməsi Konstitusiya Qanununun kobud surətdə pozulmasıdır. Yenə də, Normativ hüquqi aktlar haqqında Konstitusiya Qanununun başqa bir, 4.3-cü maddəsinə baxaq. Orada qeyd olunur ki, “Normativ xarakterli aktlar müvafiq normativ akt əsasında qəbul edilməlidir və onun normasına əsaslanmalıdır”. X9 bəhs olunan qaydarı yaradarkən heç bir akta əsaslanmamışdır. Çünki, əsaslanmağa belə bir akt yoxdur. Daha doğrusu, Prezidentin “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi haqqında” bəyaq qeyd etdiyim, fərmanına əsaslanmalı idi, lakin orada belə bir norma yoxdur. İdxal-ixrac qaydaları Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarci ticarətin daha da liberallaşdırılması haqqında”kı 609 saylı, 24 iyun 1997-ci il tarixli fərmanı ilə təsdiqlənmişdir. Həmin qaydaların “İdxalda hesablaşmalar” bölməsində (13-cü bənd) belə norma, yəni 270 gün və ya hər hansı müddət nəzərdə tutulmayıb. Əgər tutulsaydı, liberallaşdırma sözü fərmanın adından çıxarılmalı idi. Nəticədə, X10 heyətinin qərarı, nəinki bu qaydalara əsaslanmır, hətta ona qarşı çıxır. Yuraxıda o, məhkəmənin diqqətini İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsindəki, müddətlər sözünə çəkmişdi. Maddədə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən olunmuş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, ödənilmiş valyuta geri qaytarılmadıqda cərimələr nəzərdə tutulur. Müəyyən olunmuş müddətlər dedikdə, müqavilədəki hissə-hissə idxal müddətlərindən bəhs olunur. Belə olmasaydı, müddətlər yox, müddət yazılardı “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli, 96-VG nömrəli Qanununun tətbiqi haqqında 15 fevral 2016-cı il tarixli, 795 saylı və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında”kı Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli fərmanının tələblərinə müvafiq olaraq, həmin məcəllənin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati işlərə, bu işlər üzrə inzibatı icraatı başlamiş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxılır. Yenə də qeyd edir ki, burada söhbət müqavilədəki müddətin ötməsindən gedir. Başqa cür ola bilməz, əgər olsa idi bu İnzibati Xətalar Məcəlləsinin 3- cü maddəsinə zidd olardı. Belə ki, Məcəllənin bu maddəsinə əsasən yalnız Məcəllə ilə nəzərdə tutulmuş inzibatı xətanın törədilməsində təqsirli hesab edilən və inzibatı xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkəti və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Mal almaq üçün xarici şirkətə pul ödəmək təqsirli hərəkət sayıla bilməz. Heç pulun müqabilində malın gecikmə ilə gəlməsində də, ödəyəni təqsirli saymaq ağlabatan deyil. Çünki burada mal satanın təqsirindən başqa digər hallar, məsələn daşıyıcının təqsiri, fors-major (qarşısıalınmaz təbiət hadisələri, sel.zəlzələ, yanğın və ya satanın ölkəsində qiyam və sr) halları ola bilər. Bu hadisələrdə satıcının təqsiri olmadığından, onun inzibati məsuliyyətə cəlb olunması absurddur. Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsdir və onun nizamnaməsi Prezidentin 10 mart 2016-cı il tarixli, 828 saylı fərmanı ilə təsdiqlənib. Nizamnamənin 1.1-ci maddəsində Palatanın hansı məqsədlərlə yaradıldığı sadalanmışdır. Bunlar nədən ibarətdir: Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırıİması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə yaradılıb. Ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət. Aydındır ki, burada xaricdən mal almaq üçün olan ödənişdənmi söhbət getmir, elə olsaydı daxili ödənişlərə də tətbiq olunmalı idi. Digər bəndlərin isə alqı-satqıya heç bir aidiyyatı yoxdur. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin və ya digər əmlakın leqallaşdırılması dedikdə artıq cinayətdən bəhs olunur, inzibati xətadan yox. Belə olan halda, deməli nizamnamədən kənara çıxılır, bu isə qanun pozuntusudur. “Publik hüquqi şəxslər haqqında” 97 VQ saylı, 29 dekabr 2015-ci il tarixli qanunda qeyd olunur ki, publik hüquqi şəxs dövlət və bələdiyyə orqanı olmayan təşkilatdır və o yalnız nizamnaməsində nəzərdə tutumuş fəaliyyətlə məşğul ola bilər. (2.2 və 2.5-ci maddələr). Məlum məsələdir ki, xarıcə pul, əvəzində mal almaq və ya qaytarmaq məqsədi olmadan köçürülərsə, gömrük rüsumu ödənilməlidir. Bundan yayınma hallarının qarşısının alınması dövlətin marağındadır. Ancaq, bu maraq qanunların pozulması, sahibkarın fəaliyyətini məhdudlaşdırılması yolu ilə olmamalıdır. Sahibkarın satıcı ilə bağladığı müqavilədəki müddətlərə əməl edib-etməməsinə baxıla bilər. Hər halda, sahibkarın rüsumdan yayınmaq məqsədi, məhkəmədə sübuta yetirilməlidir. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, malları üzürlü səbəbdən gec gəlib və mallar gələndən sonra hesabatlar verilib. Belə olan halda şəxsin cərimə olunması tamamilə qanunsuz və əsassızdır. Qeyd olunanları nəzərə alıb məhkəmədən Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin qərarın əsasında yazılmış 11 000 00 ABŞ dolları məbləğində cərimənin silinməsinə dair qərar çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mərkəzi Bankınin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, X5 110.000.00 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 14 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 110.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən X5 11.000.00 ABŞ dolları məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 saylı Fərmanı ilə Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə hüquqi şəxslər barəsində inzibati xəta haqqında işlərə baxılması səlahiyyəti məhkəmələrə, vəzifəli şəxslər barəsində isə Mərkəzi Banka verilmişdir. Hal-hazırda barəsində işə baxılan şəxs vəzifəli şəxs olduğundan işə Mərkəzi Bank tərəfindən baxılmışdır. Vəzifəli şəxsə bidirişlər göndərilmiş, sübutları vardırsa təqdim edilməsi bildirilmişdir. O da izahatında bildirmişdir ki, həmin mallar idxal olunmamışdır, vəsait geri qaytarılmamışdır. Həmin şəxsin və səlahiyyətli şəxslərin iştirakı ilə qərar çıxarılmışdır. Qərar çıxarılan zaman da humanist yanaşılmış, minimum şəkildə, yəni vəsaitin 10 faizi məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, 2 il müddət keçdikdən və Mərkəzi Bank tərəfindən qərar çıxarıldıqdan sonra, yəni 11 aprel 2022-ci il tarixdə köçürülmüş 110.000.00 vəsaitin cəmi 17406,60 hissəsini təsdiq etmişdir. İstənilən halda xəta mövcuddur. Məhkəmədən inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını və şikayətin təmin edilməməsini Məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, X5 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 04 mart 2022-ci il tarixli, EP 032494 saylı protokol əsasında tərtib edilmiş 29 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən 11.000.00 ABŞ dolları məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 039/1 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən avans ödəmələr üzrə 720 gün ərzində gömrük bəyannamələri, aktlar və ya pul vəsaitləri geri qaytarılmasını təsdiq edən müvafiq sənədləri təqdim etməyən şəxslərin siyahısı və aparılan əməliyyatları təsdiq edən sənədlərin surəti təqdim edilmişdir. Həmin siyahının 7-ci bəndindən görünür ki, X2 bəyan olunmayan 110000.00 ABŞ dolları məbləğində vəsait vardır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, X5 (VÖEN **********) 2 saylı Ərazi Vegilər Baş İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İş materiallarında olan “X3 Nakliyat” A.Ş-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “X3 Nakliyat” A.Ş ilə X5 arasında xx.xx.2020-ci tarixində ***-**** nömrəli müqavilə imzalanmış və müqaviləyə əsasən X5 tərəfindən hesaba 110.000.00 USD göndərilmişdir. Ancaq müqavilənin Covid-19 səbəbi ilə pandemiya dövrünə düşməsi ixrac olunacaq malların təslim edilmə müddətinin uzanmasına səbəb olmuşdur. Müqavilədə qeyd olunan mallar 2022-ci il tarixdə təslim edilə bilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gömrük Bəyannaməsindən görünür ki, köçürülmüş 110.000.00 ABŞ dolları vəsaitin 17406,60 hissəsi təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş“ Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, X5 110.000.00 ABŞ dolları məbləğində olan vəsaiti 14 yanvar 2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 110.000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Buna görə də X1 Bank tərəfindən cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş gömrük bəyannaməsindən görünür ki, X5 11 aprel 2022-ci il tarixdə, yəni ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçdikdən və Mərkəzi Bank tərəfindən qərar çıxarıldıqdan sonra 110.000.00 ABŞ dolları məbləğində vəsaitin 17406,60 məbləği hissəsi üzrə mal gəlmişdir. Özü-özlüyündə xaricə köçürülmüş vəsaitin bir hissəsinin dəyəri qanunla müəyyən olunmuş müddətdən artıq 3 aya yaxın vaxt keçdikdən sonra qaydığından inzibati xətanı aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Buna görə də X2 barəsində qəbul olunmuş 29 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X2 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Odur ki, X5 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 29 mart 2022-ci il tarixli MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X5 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən X5 barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə qəbul olunmuş 29 mart 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-2261/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2261/2022
07.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver