Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2273/2025 10.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli protokolundan görünür ki, borclu Şəxs Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, borclu Şəxs Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin 8i-11437 nömrəli xx.xx.2025-ci il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün barəsində xx.xx.2025-ci il tarixli protokol tərtib edilərək məhkəməyə təqdim olunmuşdur. O, bildirmişdir ki, borclu məlumatsız olduğunu bildirsə də, şəxsən özü onunla əlaqə saxlamışdır. xx.xx.2025-ci il tarixdən icra üzrə icraata başlanılmış və borcluya elektron qaydada sms-bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixdə borclu barəsində axtarış elan edilmiş, mənzilinə də baxış keçirilmiş və bununla bağlı akt tərtib edilmişdir. Həmçinin, izahatında bildirmişdir ki, icra qeydi elektron qaydada icra edilməsi üçün icra idarəsinə göndərilsə də, səhvən icra sənədində tələbkar olaraq Şəxs və borclu qismində isə Zərərçəkmiş şəxs qeyd edildiyi üçün, tələbin könüllü icra edilməsi barədə bildirişdə borclu kimi Zərərçəkmiş şəxs göstərilmişdir. Lakin, daha sonra Zərərçəkmiş şəxs özünün tələbkar olduğunu bildirmiş və onun tələbkar olduğu müəyyən edildikdən sonra sistemə Şəxs borclu kimi əlavə edilmişdir. Bundan sonra isə xx.xx.20252-ci il tarixdə Şəxs tələbin könüllü icra edilməsi barədə sms-bildiriş göndərilmiş və sms-bildiriş ona çatmışdır. Bu səbəbdən də yazılı bildiriş göndərilməsinə lüzum görməmişdir. Qanunvericiliklə də sms-bildiriş çatdırıldığı vaxtdan həmin bildiriş təqdim edilmiş hesab edilir. Bundan başqa, borclunun "xxxx" KB ASC-də hesabının olması müəyyən edilmiş və həbs qoyulmuş, bu barədə banka icra edilməsi üçün məktub göndərilmiş, lakin qeyd edilən məktubun icrası barədə məlumat daxil olmamışdır. Borclu barəsində axtarış verildiyi üçün o, xx.xx.2025-ci il tarixdə polis əməkdaşlarının səyi ilə icra idarəsinə gəlmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə ona ev tikilməsi ilə bağlı razılığa gəlmiş, aralarında müqavilə bağlamışlar. 2025-ci ilin yanvar ayında Vüsalə ona 12000 manat məbləğində pul vermişdir. Daha sonra o, həmin məbləğin bir qisminə material almış və evin tikintisinə başlamışdır. Vüsalə apreldə ona yoldaşının tutulduğunu və evin tikintisini dayandırmağını bildirmiş, o isə Vüsaləyə ona vaxt verməsini, evi tikib başqasına satıb pulu ona qaytaracağını təklif etmiş, Vüsalə də razılaşmışdır. O, Vüsaləyə onun kirayə xərclərini ödəyəcəyini, ona vaxt verdiyi halda, əvəzində 12500 manat məbləğində pul qaytaracağını bildirmişdir. Lakin, sonradan Vüsalə onların evinə getmiş və pulunun qaytarılması üçün səs-küy salmışdır. Onun icra qeydinin verilməsindən, qeydin icraya yönəldilməsindən məlumatı olmamışdır. İcra məmuru ona zəng etmiş, tələbkar kimi icra idarəsinə dəvət etmiş, o da məsələnin nə olduğunu maraqlanmaq üçün icra idarəsinə gəlsə də, ona icra məmurunun idarədə olmadığını bildirmişlər. O, hansı səbəbdən çağırıldığını bilməmişdir. İstifadəsində olan telefon sadə telefon olduğundan ona göndərilmiş sms-bildirişdən məlumatı olmamışdır. Əgər onun borclu kimi çağırıldığını bilsə idi, o, idarəyə gələrdi. O, barəsində tərtib edilmiş aktda göstərilən ünvanda yaşayır və həmin ünvana heç kim baxış keçirilməmişdir. Polis əməkdaşı ona icra idarəsinə getməli olduğunu bildirdikdə o, idarəyə gəlmiş və icra sənədindən də orada məlumatı olmuş, icra məmurundan ona vaxt verilməsini xahiş etmişdir. Onun "xxxx" KB ASC-də bank hesabı olmuş, hazırda isə "xxxx" ASC-də hesabı var və həmin hesabda müəyyən qədər məbləğ mövcuddur. Qeyd edilənləri nəzərə alaraq barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, 2025ci ilin yanvar ayında Şəxs ilə müqavilə bağlamış və Tural ona məxsus olan Yaşıldərə bağlar massivində yerləşən torpaq sahəsində ev tikəcəyinə söz vermiş, o da Turala 12000 manat məbləğində pul ödəmişdir. O və əri mart ayında həmin torpaq sahəsinə ustaların işinə baxmaq üçün getsə də, orada heç bir tikinti işlərinin aparılmadığını görmüşlər. Daha sonra Turaldan evi tikməyəcəyi halda pulunu qaytarmasını istəmişdir. Tural ilk əvvəl havaların soyuq olduğunu daha sonra işə başlayacağını bildirsə də, lakin, heç bir tikinti işləri aparmamış, orada heç bir material olmamışdır. Onun əri aprel ayında tutulduqdan sonra o, Turaldan pulunu istəmiş, Tural isə müqavilənin iyun ayınadək vaxtının olduğunu və vaxtı gözləməsini bildirmişdir. Daha sonra o, 102 xidmətinə məlumat vermiş və ona məlum olmuşdur ki, evlə bağlı yox, borc müqaviləsi bağlamışdır. Müqavilənin vaxtı xx.xx.2025-ci il tarixdə bitmişdir. O, iyul ayından sonra Turalla həmişə əlaqə saxlamış, ona icra idarəsinə niyə getmədiyini bildirmişdir. Uşağının xəstə olduğunu, hazırda evi olmadığı üçün orda-burda yaşadığını bildirmiş və məhkəmədən borcun ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 bildirmişdir ki, tələb olunan pul borc deyil, tikinti işləri üçün verilən pul məbləğidir. Şəxs həmin pulun müəyyən hissəsinə material almış və tikinti işlərinə başlamışdır. Lakin, qarşı tərəf 2025-ci ilin aprel ayında zəng edərək tikintini dayandırmasını istəmişdir. Daha sonra müqavilənin vaxtı xx.xx.2025-ci il tarixdə bitməsinə baxmayaraq Şəxs icra qeydinin icraya yönəldilməsi və icraata başlamaq barədə bildiriş göndərilməmişdir. Tələbin könüllü icra edilməsi barədə bildiriş şəxsən borclunun ünvanına göndərilməli idi. Şəxs sadə telefon işlədir və həmin sms-bildirişdən məlumatı olmamışdır. Onun evində yaşamadığı barədə tərtib edilmiş akt icra məmurları tərəfindən tərtib edilmiş və heç bir qonşu və ya MİS-dən arayış alınmamışdır. İcra məmuru Şəxs ilkin olaraq tələbkar qismində dəvət etmiş, o da getmiş lakin, icra məmuru işdə olmamışdır. Bu günkü tarixdə borclu Şəxs səhər onunla birlikdə icra idarəsinə getmiş və orada icra sənədi barədə məlumatı olmadığını bildirmişdir. Vətəndaşın icra bildirişini almaması icra qeydinin ləğvinə səbəb olur, tələbin könüllü icra edilməsi barədə bildiriş şəxsən borclunun ünvanına göndərilməli olduğu halda, qərəzli olaraq protokol tərtib edilmişdir. Həmçinin, icra məmuruna 10 gün möhlət verilməsini, həm icra qeydindən, həm də icra sənədinin icraya yönəldilməsindən məlumatları olmadıqlarını bildirsələr də, onlara vaxt verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 61.5-ci maddəsinə əsasən inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdırıb, iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib və qanunvericiliyin yuxarıda göstərilən normalarına əsaslanaraq qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2326387 nömrəli protokol təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokola icra sənədi, icraata başlamaq haqqında qərar, tələbkara göndərilmiş bildiriş, borcluya göndərilmiş sms-bildiriş, borclu Şəxs axtarışı haqqında qərar və izahat əlavə edilmişdir. Borcluya tələbin könüllü icra edilməsi barədə yazılı bildiriş təqdim edilməmiş, yalnız sms-bildiriş göndərilmiş, borclu Şəxs "xxxx" KB ASC-də olan hesabına həbs qoyulması və hesabda olan məbləğ barədə məlumat verilməsinə dair qərar icra edilməsi üçün göndərilmiş, lakin icranın nəticəsi barədə məlumat əldə edilməmiş və xx.xx.2025-ci il tarixdə borclunun izahatı alınmaqla protokol tərtib edilmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, protokol tərtib edən şəxs xx.xx.2025-ci il tarixli qərarla borclu Şəxs "xxxx" KB ASC-də olan hesabına həbs qoyulması barədə tədbir görsə də, qeyd edilən qərarın icrasına dair məlumat əldə etmədən protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı Elektron Məhkəmə İnformasiya Sisteminə baxış keçirilmiş və müəyyən edilmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs "xxxx" ASC-də aktiv hesabı mövcuddur. Məhkəmə iclasında "xxxx" ASC-də aktiv hesabının mövcud olması və həmin hesabda müəyyən qədər məbləğin olması borclu Şəxs tərəfindən də təsdiq edilmişdir. Göstərilən hal ilə əlaqədar məhkəmə qeyd edir ki, barəsində icraat aparılan şəxsin "xxxx" ASC-də hesabı olmasına baxmayaraq, qeyd edilən xüsusat araşdırılmamış və məcburi icra tədbirləri tam həyata keçirilmədən protokol tərtib edilmişdir. Göründüyü kimi hazırki iş üzrə tərtib edilmiş inzibati materialda natamamlıq mövcuddur və protokol düzgün tərtib olunmamışdır. Protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir, həmçinin, natamamlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 3 may 2019-cu il tarixli Plenum qərarında qeyd olunmuşdur ki, protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz“prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Vəkil Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2273/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2273/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver