Məhkəmə qərarları › İş №3(060)-2274/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2274/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2274/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnibati xəta haqqında ptotokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin baş inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Zəngilan rayonu, Babaylı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Y.Yaşayış massivi, məhəllə 1-də yerləşən fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli, İXP7418417 nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin X4 Şöbəsinin baş inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə saat 03:20-də Sumqayıt şəhəri, Niyazi küçəsində “Opel Astra” minik markalı, **-BG-*** minik markalı avtomobili idarə edərkən idarəetməni itirərək yolun kənarında olan şəhid plakatına çırpılmış və həmin plakata zərər vurmuşdur. Bundan sonra Şəxs şəhidin ailə üvləri ilə əlaqə saxlayaraq plakata dəymiş zərəri aradan qaldırmışdır. Göstərilən halları, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin peşman olmasını və azyaşlı uşaqlarını nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2025-ci il tarixdə gecə saatlarında qohumları ilə spirli içki qəbul etmiş və gecə saatlarında sərxoş halda Sumqayıt şəhəri, Niyazi küçəsində “Opel Astra” minik markalı avtomobil idarə edərkən qarşıda ani maneə görərərək yayınmaq istəmiş, həmin vaxt idarə etməni itirərək yolun kənarında olan şəhid plakatına çırpılmış və həmin plakata zərər vurmuşdur. Bundan sonra şəhidin ailə üvləri ilə əlaqə saxlayaraq plakata dəymiş zərəri aradan qaldırmışdır. Plakatın əvvəlki vəziyyətinə qaytarılması üçün 120 manat xərc çəkmişdir. Göstərilən halları, həmçinin sərxoş halda avtomobil idarə etdiyinə görə peşman olmasını, ailəli olmaqla iki azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şimal Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs təqsirini etiraf edir və əməlindən peşmandır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatları və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli, İXP7418417 nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə xx.xx.2025-ci il tarixdə saat 03:20-də Sumqayıt şəhəri, Niyazi küçəsində “Opel Astra” minik markalı, **-BG-*** minik markalı avtomobili idarə edərkən idarəetməni itirərək yolun kənarında olan şəhid plakatına çırpılmış və həmin plakata zərər vurmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi ilə bağlı xüsusi texniki vasitənin (alkotestr) çıxarışından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 03:57-də sərxoş olmuşdur (1,625 promilli). İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs evli olmaqla iki azyaşlı uşağı var. Müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2023-cü il təvəllüdlü uşaqlar. Məhkəmə hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən də onun barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməsini və iki azyşalı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, qeyd edilən əsas və əlavə inzibati tənbeh tədbirlərinin tətbiqi ilə inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 02 (iki) il müddətə məhdudlaşdırılmaqla, onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 11 sentyabr 2025-ci il tarixdən, saat 11:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 20 (iyirmi) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar