Məhkəmə qərarları › İş №3(060)-228/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-228/2025

23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-228/2025 23.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, ali təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Meyvəli Bazarın yanında fərdi evdə yaşayan İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən xx.xx.2025-ci il tarixdə İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-335/2024 saylı icra sənədinə əsasən İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızından 4302,40 manat pul tutularaq X5 ödənilməlidir. Borclu üzürsüz səbəbdən heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 bildirmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-335/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Bu barədə borclunun adına olan mobil telefon nömrələrinə SMS göndərilmiş, həmçinin borclu xx.xx.2024-cü il tarixdə İcra İdarəsinə dəvət olunaraq izahatı alınmış və borcun ödənilməsi barədə xəbərdar edilmişdir. Borclu izahatında yenidən məhkəməyə müraciət edəcəyini bildirmiş, lakin bildirişə imza etməkdən imtina etmişdir. Bundan sonra tələbkar ərizə ilə İcra İdarəsinə müraciət edərək borcun tam ödənilməsini tələb etdiyini, əks təqdirdə borclunun barəsində məhkəməyə inzibati xəta haqqında protokol verilməsini bildirmişdir. Borclu ilə əlaqə saxlanılsa da, o, İcra İdarəsinə gəlməmiş, onun barəsində xx.xx.2024-cü il tarixdə axtarış elan olunmuş və qərarın icrası müvafiq orqana həvalə edilmişdir. Bu gün Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq İcra İdarəsinə təhvil verilmişdir. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızı bildirmişdir ki, qətnamənin olmasından məlumatı olmamış, Zeynəb xanım onu çağırdıqda onun çağırışı ilə İcra İdarəsinə gedərək izahat vermişdir. İcra məmuru bildirişə imza etməsini bildirən zaman qətnamədən xəbəri olmadığı üçün imza etməkdən imtina etmişdir. Uşağı xəstə olduğu üçün qətnamədən apellyasiya şikayəti verə bilməmişdir. İcra məmuru onun mobil telefon nömrələrinə SMS göndərdiyini bildirsə də, onun telefonuna mesaj gəlməmiş, gəlsə belə görməmişdir. Qubadlı RPŞ-dən ona zəng gələrək barəsində axtarış elan edildiyi bildirilmiş, o, hansı işlə bağlı axtarış verildiyini soruşan zaman İcra İdarəsi tərəfindən axtarışa verildiyi bildirilmişdir. Zeynəb xanım onun yaşadığı ünvanı tanısa da, onun yaşadığı ünvana bildiriş göndərmədən, onunla telefon əlaqəsi saxlamadan barəsində axtarış elan etmişdir. Qətnamədən apellyasiya şikayəti verilməsi üçün ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 bildirmişdir ki, borcluya 4000 manat pul vermişdir. 2024-cü ilin iyul ayında məhkəmə iclası keçirilən zaman məhkəmədən borclu ilə əlaqə saxlanılaraq məhkəməyə gəlməsi bildirilmişdir. Daha sonra borclu ona zəng edərək 15-20 dəqiqə gecikəcəyini bildirərək onu gözləmələrini demişdir. Lakin, dediyi vaxt məhkəmə iclasına gəlməmiş, məhkəmə onun iştirakı olmadan keçirilmiş və qətnamə çıxarılmışdır. Borclu qərəzli olaraq heç bir ödəniş etmir. Borcun tam şəkildə ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq borclunun barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X9 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır. Belə ki, qətnamə ona rəsmi qaydada təqdim edilməmişdir. Hazırda o, qətnamənin rəsmi qaydada ona təqdim olunması üçün məhkəməyə ərizə yazmış, məhkəmə iclasından sonra təqdim edəcəkdir. Himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, qətnaməni rəsmi qaydada alaraq qətnamədən apellyasiya şikayəti vermək hüququnun olduğunu nəzərə alaraq vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-335/2024 saylı icra sənədindən görünür ki, İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızından 4302,40 manat pul tutularaq X5 ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cu il tarixli icraata başlama haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-335/2024 saylı sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli izahatlarından görünür ki, qətnamə ilə razı olmadığını, qətnamənin rəsmi qaydada ona təqdim edilməməsini və qətnamədən apellyasiya şikayəti verəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, borclu xx.xx.2024cü il tarixdə İcra İdarəsinə çağırılmış, izahatı alınmış, lakin bildiriş və qərarla tanış olmaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının adına qeydiyyatdan keçirilən 077 ***-**-** və 055 ***-**-** mobil telefon nömrələrinə SMS göndərilərək barəsində olan işlə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(028)-335/2024 saylı icra sənədinə əsasən İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızından 4302,40 manat pul tutularaq X5 ödənilməlidir. İş üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş, borclu Sumqayıt şəhəri üzrə İcra idarəsinə dəvət olunmuş, xx.xx.2024-cü il tarixdə izahatı alınmış, lakin qətnamə ilə razı olmadığını, qətnamənin rəsmi qaydada ona təqdim edilməməsini və qətnamədən apellyasiya şikayəti verəcəyini bildirmişdir. Lakin, qətnamədən apellyasiya şikayəti verməmişdir. Sonra borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və yalnız axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Borclu qətnamədən apellyasiya şikayəti verəcəyini qeyd edərək heç bir ödəniş etmədiyini göstərmişdir. Tələbkar isə şikayət edərək ödənişin təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının izahatı özünümüdafiə xarakteri daşıyır, Şəxs İcra idarəsində icra sənədi ilə tanış olmaqdan imtina etməsi, indiyədək icra sənədini icra etməməsi, həmçinin İcra idarəsinə çağırılması barədə SMS bildirişlərə məhəl qoymaması, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Bundan başqa borclu İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının barəsində qəbul edilən qətnamədən apellyasiya şikayəti vermək barədə istəyi onun hüququ olmaqla, həmin qətnaməni icra etmək öhdəliyindən azad etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının hamilə olmaqla himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızının məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, vəkilin iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi vaxta müvafiq pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İsayeva (Zülfüqarzadə) Mehriban Əzizağa qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X9 tərəfindən göstərilmiş 4 (dörd) saat hüquqi yardıma görə cəmi 24 (iyirmi dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar