Məhkəmə qərarları › İş №3(060)-2280/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2280/2021

16.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2280/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – X6, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X2 iştirakları ilə, 26.06.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Vətəndaş Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 06 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, o, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2685/2016 saylı, 02.03.2016-ci il tarixli icra sənədinə əsasən 25.03.2002-ci il təvəllüdlü X1 və 22.01.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs Elburs oğlundan iddiaçı X6 xeyrinə 03.02.2016-cı il tarixdən başlayaraq ayda hər birinə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin icra sənədi üzrə 12942 manat aliment borcunu üzrsüz səbəbdən icra etməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün aidyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 Məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2685/2016 saylı, 02.03.2016-ci il tarixli icra sənədinə əsasən 25.03.2002-ci il təvəllüdlü X1 və 22.01.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs Elburs oğlundan iddiaçı X6 xeyrinə 03.02.2016-cı il tarixdən başlayaraq ayda hər birinə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. İcra sənədi üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə Şəxs 12942 manat aliment borcu yaranmışdır. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. İcra sənədi üzrə borclu Şəxs bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2 (060)-2685/2016 saylı, 02.03.2016-ci il tarixli icra sənədinə əsasən 25.03.2002-ci il təvəllüdlü X1 və 22.01.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh ondan iddiaçı X6 xeyrinə 03.02.2016-cı il tarixdən başlayaraq ayda hər birinə 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulmalıdır. Hazırda sənədi sənədi üzrə 12942 manat aliment borcu yaranmışdır. Borcundan hazırda 2000 manat ödəniş edir. Qalan 10880 manat aliment borcunu hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürür. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs 15.07.2021-ci il tarixdə 200 manat, 15.07.2021-ci il tarixdə 1000 manat, 12.07.2021-ci il tarixdə 860 manat, 23.05.2021-ci il tarixdə 150 manat, 10.05.2021-ci il tarixdə 200 manat, 05.06.2021ci il tarixdə 150 manat, 05.07.2021-ci il tarixdə 500 manat, 02.04.2021-ci 2000 manat ödənişlər etmişdir. İcra sənədi üzrə tələbkar şəxs X8 icra sənədi üzrə borclu şəxs Şəxs ilə razı olmadığını, ondan şikayətçi olduğunu bildirərək, borcunu tam ödəməsini tələb edərək sonuncu barəsində ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil icra sənədi üzrə borclu şəxsin əvvəllər də borcundan ödəniş etdiyini, hazırda da 2000 manat ödəniş etdiyini nəzərə alaraq hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin izahatı və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, protokol tərtib olunan dövrə Şəxs adına qeydə alınmış əmlak və onunla bağlanmış əmək müqaviləsi yoxdur. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs aliment borcu üzrə ödənişlərini 2021-ci il tarixdə etmişdir. 2020-ci il üzrə ödənişlər yoxdur. Onun əvvəlki illərdə ödəniş etməməsi məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə borclu şəxs Şəxs məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, aliment borcu üzrə yaranmış 10880 manat məbləği aylıq 500 manat olmaqla ödəməyi öhdəsinə götürür və hər ayın sonuncu günü 500 manat məbləği tələbkarın bank hesabına ödəməyə söz verir. İş materiallarına əlavə edilmiş icra sənədi üzrə tələbkar X6 məhkəmə iclas zalında təqdim etdiyi ərizəsindən görünür ki, cavabdehlə razılaşmır və qalıq borcun tam həcmdə ödənilməsini Məhkəmədən xahiş edir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq, barəsində protokol tərtib olunmuş şəxsin, icra sənədi üzrə tələbkarın və protokolu tərtib etmiş şəxsin izahatlarını, müdafiəçinin çıxışını dinləyərək və icra sənədi üzrə tələbkar şəxsin şikayətçi olduğunu nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği üzrlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 16 iyul 2021-ci il tarixdən, saat 12:00-dan hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar