Məhkəmə qərarları › İş №3(060)-2287/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2287/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2287/2025 11.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PBnin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" MMC-də kəsici-cilalayıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Kimyaçılar qəsəbəsi, fərdi evdə yaşayan yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur, ona görə ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt Şəhər DYPİ-nin qarşısında Sumqayıt ŞPİ-nin əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək tabesizlik göstərmiş, uca səslə nalayiq ifadələr işlətmiş, təhqir etmiş və xırda xuliqanlıq hərəkətləri edərək ətrafda vətəndaşları özünə cəlb etmişdir. Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-2287/2025 və 3(060)-2288/2025 nömrəli işlər bir icraatda birləşdirilmiş və işə 3(060)-2287/2025 nömrəsi ilə baxılmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi X6 tərtib edilmiş protokollara uyğun izahat verərək bildirmişdir ki, hadisə xx.xx.2025-ci il tarixdə saat 04:00-da baş vermiş, Şəxs Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşlarına qarşı nalayiq iafdələr işlətmiş və onların tələbinə tabe olmamışdır. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd etmiş və izahatında bildirmişdir ki, Sumqayıtın girişində maşın bazarından gələrkən Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları onun saxlamışlar. O, içkili olduğu üçün aqressiv davranmışdır. Yol polisinin idarəsinin qarşısında iki nəfər polis əməkdaşı onun avtomobilini duracağa yerləşdirmək istədikdə maneə olmaq istəmiş, daha sonra isə onun avtomobilini duracağa yerləşdirdikləri üçün nalayiq ifadələr işlətmişdir. O, hadisə zamanı sərxoş olduğunu, əməlindən səmimi peşman olduğunu və məhkəmədən cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 izahatında bildirmişdir ki, Şəxs səhər saat 04:00 radələrində, reyddə olan zaman manevr qaydalarını pozduğu üçün Sumqayıt şəhərinin girişində saxlamışlar və o, saxlanılan zaman qışqıra-qışqıra danışmış, avtomobili duracağa yerləşdirdikləri üçün nalayiq ifadələr işlətmiş və onlara tabe olmamışdır. Duracağın qarşısında söyüş söymüşdür. Məhkəmə iclasında iştirak edən şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X7 şahid Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahatına uyğun eyni məzmunlu izahat vermiş və bildirmişdir ki, Şəxs manevr qaydalarını pozduğu üçün saxlanılmış, alkotesterlə yoxladıqda onun sərxoş olduğu məlum olmuşdur. Avtomobili duracağa qoyduqdan sonra Şəxs onlara qarşı nalayiq ifadələr işlətmiş və müqavimət göstərmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 izahatında hüquqlarını müdafə etdiyi şəxsin törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olmasının, zavodda işləməsinin nəzərə alınaraq barəsində cərimə tənbeh tədbirinin təyin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 04:00 radələrində Sumqayıt Şəhər DYPİ-nin qarşısında Sumqayıt ŞPİ-nin əməkdaşlarının qanuni tələblərinə riayət etməyərək tabesizlik göstərmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə, Sumqayıt Şəhər DYPİ-nin qarşısında uca səslə nalayiq ifadələr işlətmiş, təhqir etmiş və xırda xuliqanlıq hərəkətləri edərək ətrafda vətəndaşları özünə cəlb etmişdir. Nəticədə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli A/2101 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcədə alkoqol sərxoşluğu aşkar edilmişdir. Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, o və Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis baş serjantı X5 ilə birgə 2025 çağırışlı avtopatrulda xidmət aparan zaman Sülh küçəsi giriş istiqamətində VAZ 2107 DQN **-FG- *** olan avtomaşın onları görərək istiqmatətini dəyişmiş və bu onlarda şübhə yaratdığı üçün tərəflərindən saxlanılmışdır. Sürücünün sənədlərini yoxlama zamanı sürücüdən kəskin spirt qoxusu gəlmişdir. Onlar alkotester vasitəsi ilə yoxlayıb sərxoşluq dərəcəsi aşkar etdikdən sonra nəqliyyat vasitəsini duracağa təslim etmişlər. Duracağın qarşısında sürücü hədə-qorxu gəlməyə başlayaraq onlardan maşının buraxılmasını tələb etmişdir. O, sürücüyə gedib sabah gəlib maşınını götürməyi dedikdə, sürücü ona ünvansız küçə söyüşləri söyərək təhqir etmişdir. Həmin vətəndaşı 4-cü PB-nə gətirib təhvil vermişlər. Həmin vətəndaşın 1991-ci il təvəllüdlü Şəxs olması müəyyən edilmişdir. Raporta aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 07:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il saat 15:00-da azad edilmişdir. Beləliklə, Şəxs tərəfindən polis işçiləri ictimai qaydanın mühafizə edilməsi vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarında olan inzibati qaydada tutma barədə protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 07:00-da inzibati qaydada tutulmuş, xx.xx.2025-ci il tarixdə saat 15:00-da azad edilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 150 (bir yüz əlli) manat məbləğində cərimə edilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar