Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2289/2023 25.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X3, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1975-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt ŞPİ-nin 1-ci PB-dən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* və ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Həmin protokollara əsasən Şəxs xx.xx.2023cü il tarixdə saat 23:20 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində nəlayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq əməli törətmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib edən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat saat 23:00 radələrində X6 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zang edərək Corat qəsəbəsində yaşayan bacısı Aygüngildə münaqişə olması və bir nəfər şəxsin bacısına bıçaqla hücum etməsi barədə məlumat vermişdir. Məlumatla bağlı Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat qrupunda olan sahə rəisi Müsabi Cabbarov və əməliyyat müvəkkili Umudlu Aypər həmin ünvana getmişlər. Orada Sahil adlı şəxsin nəlayiq ifadələr işlətdiyi bildirilmişdir. Əməliyyat qrupunun üzvləri Sahilin yaşadığı həyətin qapısını döymüşlər, qapı açılanda Sahilin əlində yaba ilə dayandığını görmüşlər və o, onların ünvanına nəlayiq ifadələr işlətmişdir. Onlar Sahili nizam intizama dəvət etsələr də, o, onların xəbərdarlığına məhəl qoymayaraq nəlayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onun əlindən yabanı almışlar və əllərinə xüsusi vasitə olan əl qandalı vuraraq PB-nə gətirmişlər. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat saat 23:00 radələrində içkili vəziyyətdə həyətdə oturan zaman qonşuluqda yaşayan Mehriban adlı qadın onun həyətinə gəlmişdir. Mehriban və yoldaşı evlərində it saxladıqlarını, itlərin səsinin onu narahat etdiyini və bu badərə dəfələrlə onlara xəbərdarlıq etdiyini bildirmişdir. O, Mehribana onunla işi olmadığını, yoldaşı ilə danışacağını bildirmişdir. Bir müddət sonra o həyətdə oturan zaman hasarın üstündə kiminsə gəzdiyini görmüş, kim olduğunu soruşmuş və həmin şəxsə qarşı nəlayiq ifadələr işlətmişdir. Həmin zaman onun əlində lapatkanın taxtası olmuşdur. Hasarın üstündə olan adamın polis olduğunu bilməmişdir. Sonradan qapı döyülmüş, polis olduqlarını bildirmişlər və o qapını açmışdır. Bu zaman polis əməkdaşları onu yerə yixaraq əliə qandal vurub Polis Bölməsinə aparmışlar. O, hasarın üstündə olan şəxsin polis əməkdaşı olduğunu bilməyərək ona qarşı nəlayiq ifadələr işlətmiş, digər polis əməkdaşlarına qarşı nəlayiq idalərə işlətməmiş, Mehribanın üzərinə bıçaq çıxarmamış və ona qarşı nəlayiq ifadələr işlətməmişdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:25 radələrində evdə bacısı Aygünlə telefonla danışan zaman qonşuluqda yaşayan Sahilin nəlayiq ifadələr işlətdiyini eşitmiş və buna məhəl qoymamışdır. Həyət evində yaşadıqları üçün həyətlərində it saxlayırlar. Bir müddət sonra Sahil itləri saxalayanlara qarşı və onun adını çəkərək onun ünvanına nəlayiq ifadələr işlətdikdə onların həyətinə getmiş, qapını açaraq Sahilə iradını bildirərək niyə belə hərəkətlər etdiyini demişdir. Həmin zaman Sahilin əlində bıçaq olduğunu görmüş və qorxaraq onun həyətindən çıxaraq öz həyətləri tərəfə qaçmışdır. Bacısı onunla telefonda danışan zaman Sahilin söyüşlərini eşitmiş və Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zang edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş, Sahilə qapını açmağını bildirmiş, Sahil isə onlara qarşı nəlayiq ifadələr işlətməkdə davam etmişdir. Sonra qapını aşmış və polis əməkdaşları onu aparmışlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru X8 bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən 1-ci Polis Bölməsinin növbətçi hissəsinə 102 Qaynar xətt zəng mərkəzindən vətəndaş X2 “münaqişə olması və bir nəfər şəxsin onun bacısına bıçaqla hücum etməsi” məzmunlu müraciəti daxil olmuşdur. Müraciət əsasında dərhal əməliyyat qrupu ilə baş vermiş hadisəyə müdaxilə etmək, baş verə biləcək cinayətin qarşısını almaq məqsədi ilə hadisə yerinə çıxmışdır. Yolda ərizəçi Aygün Dadaşova ilə onun müraciət etdiyi mobil nömrəyə zəng edilərək hadisə yeri ilə bağlı əlavə məlumat istənərkən sonuncu hadsə yerinin Corat qəsəbəsində “Al” market yaxınlığında baş verməsini bildirib polisin təcili gəlməsini yenidən xahiş etmişdir. Hadisə yerinə gəldikdə ərazinin post patrul xidməti də hadisə yerində olmuşdur və A.Dadaşova bacısının qorxudan qonşuda olmasını bildirib baş verə biləcək cinayətin qarşısının alınması məqsədi ilə bacısı ilə qonşuluqda yaşayan Sahil adlı şəxlə ən azından profilaktik söhbətlər aparılmasını və ya ondan heç bir cinayə törətməyəcəyi ilə bağlı iltizam alınmasını tələb etmişdir. Bundan sonra Sahil adlı şəxsin yaşadığı evə yaxınlaşılmış və darvazadan qapısı döyülmüşdür. Bir müddət sonra Sahil, yaşadığı evin həyətində gələnlərin kim olmasını soruşduqdan sonra ona gələnlərin polis olması bildirilmiş və barəsində şikayət olunduğu onun nəzərinə çatdırılmışdır. Bundan sonra onlara məlum olmayan səbəbdən Sahil hiddətlənərək uca səslə ictimai qaydanı poza biləcək səslə ucadan nəlayiq ifadələr işlədərək etdiklərinin doğru olmasır bağırmağa, polisin və şikayətçinin ünvanına nalayıq ifadələr işlətməyə davam etmişdr. Ondan hərəkətlərinə son qoyması tələb edilsə də, Sahil öz nəlayiq həərəkətlərinə davam edib uca səslə söyüşlər, nalayiq ifadələr işlədərək daha çox insanın oraya toplaşmasına səbəb olmaq istəmişdir. Ona dəfələrlə polisi qanuni təlbinə tabe olması ilə bağlı şifahi xəbərdarlıq edilsə də, o əlində yaba olduğunu və kiminsə ondan nə isə tələb edəcəyi halda yaba ilə həmin şəxslərə xəsarət yetirəcəyini bildirmişdir. Sahil adlı şəxs yaşadığı evin darvazasından küçəyə əlində yaba ilə çıxıb polis əməkdaşlarının küçədən getməsini tələb etmiş, əks halda onlara xəsarət yetirə biləcəyini bildirmişdir. Bundan sonra Sahil adlı şəxsə doğru bir neçə polis əməkdaşı yaxınlaşmış və Sahil əlindəki yabanı xəsarət verə biləcək halda tutaraq evinin həyətyanı sahəsi doğru geri çəkilmişdir. Polis əməkdaşları bir neçə istiqamətdə ona yaxınlaşmış və Sahilin fikri yayındırmağa müvəffəq olduqdan sonra ani olaraq Sahilə müdaxilə edərək fiziki qüvvə tətbiq edilmiş, onun əlindəki soyuq silah qismində istifadə edə biləcəyi yaba əlindən alınaraq kənara atılmışdır. Bundan sonra polis maşınına oturdularaq PB-nin inzibati binasına gətirilmişdir. Sahil müayinədən keçirilərkən sərxoş olması müəyyən edilmişdir Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı X9 da X5 göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, cinayət işinin başlanılması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri yarandığından, onun barəsində həmin maddələrin tələbinə əsasən tədbir görülməsi üçün qərarın sürəti ərazi aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan A/1723 nömrəli, xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:20 radələrində müayinə zamanı Şəxs orta dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxsin və şahidlərin izahatlarını, vəkilin çıxışını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən tənbeh tətbiq edilməli və ona həmin maddənin sansiyasında olan inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən 535.1-ci maddəsi ilə 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 24 sentyabr 2023-cü il tarixdən, saat 00:10-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-2289/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2289/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver