Məhkəmə qərarları › İş №3(060)-229/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-229/2025

21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-229/2025 21.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə3, Barəsində inzibati icraat aparılan “Sumqayıt Dövlət Universiteti” X3 nümayəndələri X1 və Nümayəndə2 iştirakı ilə, Sumqayıt Dövlət Universiteti X5 (VOEN 2********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 253.3.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi “Sumqayıt Dövlət Universiteti” X6 barəsində İXM-in 253.3.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 16 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən “Sumqayıt Dövlət Universiteti”nin 3-cü korpusunun inzibati binasının fasadının rənglənməsi zamanı yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşdirilmiş köküstə yarı 6 ədəd palma ağacının STSN-nin nümayəndəsinin müvafiq rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllıqların götürülməsi vərəqəsi almadan kəsilərək məhv edilmişdir. Nəticədə, Sumqayıt Dövlət Universiteti X6 tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə3 bildirdi ki, xx.xx.2025-ci il tarixdə protokolun tərtib olunmasına əsas həmin tarixdə aparılmış inzibati araşdırma, o cümlədən 88119 nömrəli akt və akta əlavə olunmuş digər materiallar olmuşdur. Həmin araşdırma materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən Sumqayıt Dövlət Universitetinin 3-cü korpusunun inzibati binanın fasadının rənglənməsi zamanı yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşdirilmiş köküstə yarı 6 ədəd palma ağacının STSN-nin nümayəndəsinin müvafiq rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllıqların götürülməsi vərəqəsi almadan kəsilərək məhv edilmişdir. Sözügedən material əməldə cinayət məsuliyyətinin olubolmaması hissəsində araşdırılması məqsədi ilə prokurorluğa göndərilmiş, lakin təbiətə vurulmuş ziyan məbləğinin 5000 manatdan az olması, cinayət məsuliyyəti yaratmaması səbəbindən material inzibati məsuliyyət hissəsinin araşdırılması məqsədi ilə onlara geri qaytarılmışdır. Müəyyən edilmişdir ki, Sumqayıt Dövlət Universiteti X5 STSN-nin nümayəndəsinin müvafiq rəyi alınmadan ağaclar kəsilmiş və təbiətə dəymiş ziyanın məbləği 4320 olmuşdur. Əlavə olaraq bildirir ki, tərəflərindən Universitetin nümayəndələrinə inzibati araşdırmanın aparılmasında podratçı şirkətin adlarını bildirərək araşdırmaya onlarında cəlb edilməsi təklif edilmiş, lakin qarşı tərəf şifahi olaraq ərazinin Universitetin ərazisi olduğunu, podratçı şirkətin fəhləsinin bu əməli onların tapşırığı əsasında ağacların tikintiyə maneə olmaması səbəbindən etdiyini bildirmişdir. Onlar inzibati araşdırmada qarşı tərəfin nümayəndəsinin yazılı izahat verərək iştirak etməsini təklif etsələr də, buna məhəl qoyulmamışdır. Universitetin prorektoru Nümayəndə1 4-5 dəfə idarəyə gedib-gəlsə də izahat verməkdən imtina etmişdir. Həmçinin, Nümayəndə3 əlavə olaraq bildirdi ki, “Yaşıllıqların Mühafizəsi haqqında” qanuna əsasən yaşıllıqların mühafizəsi qaydalarının tələblərinin pozulması ilə bağlı mülkiyyətçi birbaşa cavabdehdir. Onlar yaşıllıqlarla bağlı hər bir orqandan reyestr məlumatları alırlar. Barəsində protokol tərtib edilmiş hüquqi şəxsin təhsil müəssisəsi olmasını nəzərə alaraq məsələyə həssas yanaşmışlar. Hesab edir ki, indiki halda barəsində protokol tərtib edilmiş X5 İXM-nin 235.3.1-ci maddəsi məsuliyyətə cəlb etmək məqsədə müvafiqdir. Odur ki, Sumqayıt Dövlət Universiteti X3 barəsində qanunamüvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Sumqayıt Dövlət Universiteti X3 nümayəndəsi X2 bildirdi ki, qeyd olunan ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı təmir-tikinti işləri aparılmış, bu səbəbdən palma ağaclarının yanında çıxan tikanlı kollar budanmış və kəsilmişdir. Qeyd olunanların ağac deyil, kollardır. Sözügedən əraziyə özünün baxış keçirdiyini, orada kökdən çıxarılmış ağacın olmadığını, vaxt olmadığından həmin ağacın zibilliyə atılmadığını bildirmişdir. Ağacın kəsilməsinə şahid olmamış, yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gəldikləri zaman orada olmuşdur. Güman edir ki, sözügedən ağacların kəsilməsini podratçı şirkətin əməkdaşları edib. O, fasadın təmiri işlərinə deyil, universitetinin 3-cü korpusunun təmirinə nəzarət etmişdir. Hazırda podratçı şirkətin təmir işlərini bitirmiş və ərazini tərk etmişdir. Universitetin mühafizə xidmətinin mövcud olduğunu, kənar şəxslərin əraziyə daxil olaraq kolları kəsməsinin inandırıcı olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Sumqayıt Dövlət Universiteti” X3 nümayəndəsi Nümayəndə2 bildirdi ki, “Sumqayıt Dövlət Universiteti” PHŞ və "xxxx" MMC arasında tədris binasının fasadının əsaslı təmir işlərinin 100 gün müddətində görülməsi ilə bağlı razılığa gəlinmiş və müvafiq müqavilə bağlanılmışdır. Həmin müqavilənin 21-ci maddəsinə əsasən təmir işlərinin görülməsi zamanı ətraf mühitə dəymiş ziyanla bağlı "xxxx" MMC-nin məsuliyyət daşıması nəzərdə tutulmuşdur. Nümayəndə2 sözügedən ərazidə kolların kəsilməsi faktını inkar etmədiyini, lakin məhz kim tərəfindən kəsildiyini bilmədiyini qeyd etmişdir. Lakin, həmin ərazidə “X7” MMC-nin əməkdaşları fəaliyyət göstərmişlər. Onların əməkdaşlarının həmin ərazidə olmamasını, müqaviləyə əsasən qeyd olunan pozuntuya görə podratçı şirkətin məsuliyyət daşımasını bildirirək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “Sumqayıt Dövlət Universiteti” X6 tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Sumqayıt Dövlət Universiteti X6-nin tikinti sahəsində aparılan yoxlama zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 13 dekabr 2024-cü il tarixli, 88119 nömrəli monitorinq aktından görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən Sumqayıt Dövlət Universitetinin 3-cü korpusunun inzibati binanın fasadının rənglənməsi zamanı yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşdirilmiş köküstə yarı 6 ədəd palma ağacının STSN-nin nümayəndəsinin müvafiq rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllıqların götürülməsi vərəqəsi almadan kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Araşdırma müddətində sözügedən əraziyə keçirilən baxış zamanı ərazidə mövcud olan köküstə yaş halda diametrləri 12 sm-dən 04 ədəd palma ağacının kökündən çıxarıldığı və 2 ədədinin kökboğazından kəsilib götürülməsi faktı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş təbiətə dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə 4320 (6x240x3) manat ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan T 2024/05 nömrəli müqavilədən görünür ki, Sumqayıt Dövlət Universiteti və Progress İnşaat MMC arasında tədris binasının fasadının əsaslı təmir işləri görülməsi ilə bağlı razılığa gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinin dispozisiyasına əsasən inzibati məsuliyyət hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə müəyyən edilmişdir. Hazırkı iş materiallarında mövcud olan şəkillərdə cəmi 1 (bir) palma ağacının kökündən kəsildiyi öz təsdiqini tapır. Digər oxşar bitkilərin isə ayrıca ağac olması və ya həmin kəsilən ağaca aid budaq olmasını fərqləndirmək mümkün deyil. Yaşıllığın mühafizəsi haqqında Qanunun 1.0.8-ci maddəsinə əsasən yaşıllıqların məhv edilməsi dedikdə bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik) başa düşülür. İXM-in 253.3.1-ci maddəsi isə inzibati məsuliyyəti ağacı və ya kolun məhv edilməsinə görə müəyyən etmişdir. Yaşıllıqların zədələnməsi dedikdə isə həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsi başa düşülür. Zədələnməyə görə inzibati məsuliyyət müəyyən edilmir. İş materiallarında olan təmir işləri aparılan divarın çəkilmiş şəkillərindən məlum olur ki, tikinti avadanlıqları divarda quraşdırılmış, həmin ərazidə üzərində budaqlar olan palma ağacları mövcuddur. Bu səbəbdən Sumqayıt Dövlət Universiteti PHŞ 1 (bir) ağacın kəsilməsinə görə inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndələrinin izahatlarında ağac kəsilməsinin satınalma müqaviləsi əsasında təmir işlərini aparan hüquqi şəxs tərəfindən törədilməsi barədə bildirdikləri özünümüdafiə xarakterlidir. Belə ki, Yaşıllıqların mühafizəsi haqqında qanunun 10-cu maddəsinə əsasən yaşıllığın mühafizəsi vəzifəsi hüquqi şəxsin üzərinə qoyulmuşdur. Sumqayıt Dövlət Üniversitetinin balansında olan ərazidə təmir işləri aparan digər hüquqi şəxsin təmir işləri aparması “SDU” PHŞ-ni inzibati məsuliyyətdən azad etmir. “Sumqayıt Dövlət Universiteti” PHŞ-nin nümayəndəsi tərəfindən təqdim edilmiş T 2024/05 nömrəli müqavilə razılaşmasında da, təmir işləri aparan hüquqi şəxs “X7” MMC-ni məsuliyyətə cəlb edilməsinə əsas verəcək hər hansı müddəa öz əksini tapmamışdır. Qeyd olunan ərazi isə “Sumqayıt Dövlət Universiteti” PHŞ-in istifadəsindədir. xx.xx.2016-ci il tarixli 321 nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarınən (Yaşıllıqların götürülməsi qaydası) 2.4-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslər istifadəsində olan torpaq sahələrində müvafiq müraciətləri edə bilər. Hüquqi əsaslandırma: “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.8-cü maddəsinə əsasən yaşıllıqların məhv edilməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına səbəb olan hərəkət (hərəkətsizlik); 1.0.9-cu maddəsinə əsasən yaşıllıqların zədələnməsi – bitkilərin boy artımının və inkişafının dayanmasına gətirib çıxarmayan fiziki və digər təsirlər nəticəsində bitkilərin çətirinin, kök sisteminin, gövdəsinin və ya torpaqüstü canlı hissəsinin tamlığının pozulması, həmçinin yaşıllıq ərazisində torpağın, su və hava mühitinin zəhərli maddələrlə çirklənməsi; 3-cü maddəsinə əsasən bu Qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir; 13.1-ci maddəsinə əsasən dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə, şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda, ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda, texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda, ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis kommunikasiya təminatı sistemlərinə mane olduqda yaşıllıqların götürülməsinə yol verilir; 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır; 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi) rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının (bu halda bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla yerli icra hakimiyyəti orqanları) və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Rəyin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) müəyyən edir. Yaşıllığın götürülməsi haqqında qərar müraciətin daxil olmasından sonrakı on təqvim günü ərzində qəbul edilir. Yaşıllığın götürülməsi barədə müraciət bu Qanunun 13.1.5-ci və 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda daxil olduqda isə qərar üç təqvim günü ərzində qəbul olunur. Qərarda yaşıllığın kimin hesabına götürülməsi, götürülən yaşıllığın bərpa dəyərinin məbləği və ödənilməsi, bərpa olunma müddəti və qaydası əks olunmalıdır; 13.5-ci maddəsinə əsasən qərar qəbul olunan gün qərarı qəbul edən orqan müraciət edən şəxsə yaşıllığın götürülməsinin məqsədini, götürülmə haqqında qərarın tarixini, nömrəsini və digər məlumatları əks etdirən, forması və tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yaşıllığın götürülməsi vərəqi verməlidir. Yaşıllığın götürülməsi vərəqi olmadan yaşıllığın götürülməsi qadağandır; 13.6-cı maddəsinə əsasən yaşıllığın götürülməsi vərəqi yaşıllıqlara dövlət nəzarətini həyata keçirən orqanın və ictimai nəzarəti həyata keçirən şəxslərin tələbi ilə yaşıllığı götürən şəxs tərəfindən maneəsiz təqdim edilməlidir. Yaşıllığın götürülməsi vərəqi yaşıllığın götürüldüyü ərazidə hamının tanış ola biləcəyi yerdə yerləşdirilməlidir; 13.7-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci maddəsində göstərilən halda yaşıllıqların götürülməsi bunu zəruri edən layihənin hesabına həyata keçirilir; 13.8-ci maddəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan respublikasının Nazirlər Kabineti) müəyyən edir; Həmin Qanunun 19-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görmək, yaşıllıqların mühafizəsi sahəsində inzibati xətalar haqqında işlərə baxmaq, şəxslərin əməlində daha ciddi qanun pozuntusu faktları müəyyən etdikdə onları aidiyyəti üzrə göndərmək hüququna malikdir; Həmin Qanunun 24-cü maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinə uyğun olaraq hazırlanmış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016- cı il 30 avqust tarixli 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqların götürülməsi mexanizmini müəyyən edir. Sözügedən qaydalarda yaşıllıqların götürülməsinə rəyin verilməsi, yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydaları müəyyən edilmişdir. Həmin Qaydaların: 1.2-ci bəndinə əsasən yaşıllıqların götürülməsi bu Qaydanın 2.2-ci bəndində göstərilən hallarda ağac, kol və digər bitkilərin yerinin dəyişdirilməsinə (kökündən çıxarılmasına) və ya bərpa edilməsi şərtilə kəsilməsinə yönəldilmiş tədbirdir; 2.2-ci bəndində yaşıllıqların götürülməsinə yol verilən hallar göstərilmişdir ki, həmin hallar “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsində nəzərdə tutulmuş hallarla eyniyyət təşkil edir; 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər; 2.9-cu bəndinə əsasən istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin yaşıllığın götürülməsi haqqında qərarı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaşıllıqların götürülməsinə dair rəyi nəzərə alınmaqla, rəyin verilməsi ilə əlaqədar müddət də daxil olmaqla 10 (on) təqvim günündən gec olmayaraq qəbul edilir və bu Qaydanın əlavəsində göstərilən formada yaşıllığın götürülməsi vərəqəsi ilə birlikdə ərizəçiyə verilir. Yaşıllıqların götürülməsi Qaydasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 2.4-cü bəndinə əsasən fiziki və hüquqi şəxslər (bundan sonra - ərizəçi) bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 253.3.1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Sadalananlardan göründüyü kimi, qanunvericiliklə yaşıllıqların götürülməsinə yol verilən halların dairəsi dəqiq müəyyən olunmuş və bu hallardan başqa yaşıllıqların götürülməsi qadağan olunaraq həmin hərəkətlərə görə qanunla məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, qanunvericilikdə yaşıllıqların götürülməsinə dair müraciət olunacaq və buna dair müvafiq qərar qəbul etmə səlahiyyəti olan qurumların siyahısı və həmin qərarın qəbul edilməsi proseduru dəqiq müəyyən olunmuşdur. Hazırki iş üzrə qanunvericiliyin sadalanan tələblərinin Sumqayıt Dövlət Universiteti X5 tərəfindən pozulması müəyyən edilmişdir ki, həmin hallara görə adı çəkilən hüquqi şəxs məsuliyyətə cəlb olunmalıdır. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “Sumqayıt Dövlət Universiteti” X6-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt Dövlət Universiteti X6 tərəfindən İXM-in 253.3.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi öz təsdiqini tapdığından, hüquqi şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 253.3.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 25, 40.0.1, 43, 48-51, 53, 55, 114,115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sumqayıt Dövlət Universiteti X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 35.000 (otuz beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar