Məhkəmə qərarları › İş №3(060)-2294/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2294/2024

04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2294/2024 04.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Elnur Muradov şikayətlə məhkəməyə müraciət edərək inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Elnur Muradov şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi **-ES-*** dövlət nömrə nişanlı, “X9 111 CDİ yük” markalı avtomaşınla park zolağına daxil olmaq istəyərkən **-BH-*** dövlət nömrə nişanlı, “Mercedes 190” markalı avtomobil sol zolaqdan gəlib sağdan ötmə əməliyyatı etmək istəyərkən idarə etdiyi maşını sağ tərəfdən vurmuşdur. Qəza nəticəsində idarə etdiyi “X9 111 CDİ yük” minik markalı avtomaşına maddi zərər dəymişdir. Qəzadan dərhal sonra o, DİN-nin 102 qaynar xəttinə zəng edərək məlumat vermiş və hadisə yerinə DYPŞ əməkdaşlarının gəlməsini xahiş etmişdir. Hadisə yerinə gələn DYPŞ əməkdaşları hadisədən 5 gün sonra yəni xx.xx.2024cü il tarixdə, İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərar qəbul etmiş, İXM-nin 327.1-ci maddəsi ilə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. Bildirir ki, bu iş üzrə qəbul edilmiş qərar ona 19 sentyabr 2024-cü il tarixində təqdim edilmişdir. O, həmin qərardan narazıdır. Belə ki, 13 sentyabr 2024-cü il tarixdə polis əməkdaşı İXM-nin 327.1-ci maddəsinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarının pozulmasına görə guya barəsində qərar və protokol tərtib edilmiş və həmin qərar və protokola əsasən 40 manat cərimə edilmişdir. Yuxarıda qeyd etdiyi kimi DYPŞ əməkdaşları hadisəyə düzgün hüquqi qiymət verməmiş, hadisə törədən şəxs “Mercedes 190” markalı avtomaşının sürücüsü olduğu halda, onun barəsində qərar qəbul edilmişdir. O, buna etiraz edərək protokolun qanunsuz tərtib edildiyini polis əməkdaşına demiş, polis əməkdaşları təqsirin onda olmasını və bu səbəbdən də barəsində qərar qəbul edildiyini bildirmişlər. Məhkəmə iclasında qərardan şikayət verən X2 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Sumqayıt şəhər Dövlət X8 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Sumqayıt şəhər Dövlət X8 polis mayoru X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:24 radələrində Sumqayıt şəhəri, Qayıbov küçəsində yerləşən “Sədastore” mağazasının qarşısında yol nəqliyyat hadisəsi baş vermişdir. Ona məlumat daxil olduqdan sonra o, hadisə yerinə getmiş, hadisə yerini müayinə etmiş, lakin qərardan şikayət vermiş Elnur Muradovun bildirdiyi kimi əyləc izlərini görməmişdir. Hadisə barədə məlumat alanda Elnur Muradov bu barədə ona heç bir söz deməmiş və heç bir sübut təqdim etməmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, **-ES-*** dövlət nömrə nişanlı, “X9 111 CDİ yük” markalı avtomaşının X7 “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, həmin Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Həmin Maddənin 6-cı bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. X7 həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmadan sağa dönüş etmişdir. O, avtomobilinin qabaritinin böyük olması ilə əlaqadar kənar vəziyyəti tutmadan sağa döndüyünü bildirmişdir. Bununla əlaqar bildirir ki, “X4” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 8-ci bəndinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Lakin sürücü həmin istiqamətdə hərəkət hissəsində kənar vəziyyəti tutmadan sağa dönmə zamanı digər avtomobillərin təhlükəsizliyini təmin etmədən sağa dönüş etmiş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin baş vermə anı şəhərin təhlükəsizlik kamerası ilə qeydə alınmışdır və həmin görüntüləri də məhkəməyə təqdim edir. Buna görə də, X7 barəsində əks yola çıxmamaqla manevr qaydasının pozulması barədə protokol tərtib olunmuş, həmin protokol əsasında qərar qəbul olunaraq Elnur Muradov İXM-nin 327.1-ci maddəsi ilə 40 manat inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Elnur Muradov İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan baş vermiş yol nəqliyyat hadisəsinin əks etdirən diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, X7 idarə etdiyi **-ES-*** dövlət nömrə nişanlı, “X9 111 CDİ yük” markalı avtomaşınla sağa dönərkən həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmamış, manevr qaydasını pozaraq sağa dönmüş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq orqanlar tərəfindən inzibati tənbeh tətbiq edilməsi haqqında qərar qəbul edilərkən inzibati tənbeh tətbiq etmənin ümumi qaydalarına, habelə bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqelərə ciddi riayət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında göstərilmişdir ki, “İnzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibatidelikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Səlahiyyətli orqan (vəzifəli şəxs) və ya hakim şəxs barəsində inzibati tənbehi inzibati xəta haqqında işin həlli üçün bütün zəruri məlumatları özündə əks etdirən protokol əsasında tətbiq edir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokol ciddi hesabat sənədi kimi müəyyən edilərək tərtib olunmasının qaydası, müddəti, əks etdirməli olduğu məlumatlar dəqiq göstərilmişdir.” Həmin Qərarda həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İnzibati xəta haqqında protokola baxaraq iş üzrə qərar qəbul edən məhkəmə bu protokolu İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq qiymətləndirir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakimin və ya səlahiyyətli şəxsin həll etməli olduğu məsələlərin dairəsini müəyyən edən 106.0.3-cü maddəsinə müvafiq olaraq, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini yoxlayır. Burada vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir.” Azərbaycan Respublikası İXM-nin 327.1-cü maddəsinə görə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X4” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. “X4” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 6-cı bəndinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin maddənin 8-ci bəndinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu, digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Məhkəmə Elnur Muradovun şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş baş vermiş yol nəqliyyat hadisəsinin əks etdirən diskə baxış zamanı da görünür ki, X7 idarə etdiyi **-ES-*** dövlət nömrə nişanlı, “X9 111 CDİ yük” markalı avtomaşınla sağa dönərkən həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmamış, manevr qaydasını pozaraq sağa dönmüş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İXM-nin 130.1-ci maddəsinə görə Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 138.1.2-ci maddəsinə görə qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün həmin qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Beləliklə məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanıldı. Müəyyən olundu ki, işə baxılarkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbəbdən Elnur Muradovun inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün İXM-nin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsidə qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilməsin. X1 Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməsi barədə inzibati xətaya dair iş üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər X8 xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar