Məhkəmə qərarları › İş №3(060)-2295/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-2295/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-2295/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə 11 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 106-cı maddəsinə müvafiq olaraq inzibati xəta haqqında materialın baxılması üçün hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında material natamamdır və inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında materiallara əsasən protokol "xxxx" MMC-yə məxsus fermanın fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması fatına görə fermanın müdiri Şəxs barəsində tərtib edilmişdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs fiziki şəxs olaraq qeyd edilmişdir. Lakin, materiallara əsasən Şəxs barəsində protokol "xxxx" MMC-yə məxsus fermanın müdiri kimi tərtib edilmişdir. Belə olan halda isə protokol Şəxs barəsində fiziki şəxs kimi deyil, vəzifəli şəxs kimi tərtib edilməli idi. Belə ki, Azərbaycan Respublikası İXM-in 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin Qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Bundan əlavə elektron məhkəmə sistemindən və Dövlət Vergi Xidmətinin rəsmi saytından çıxarışlara əsasən müəyyən edilmişdir ki, "xxxx" MMC-nin direktoru (qanuni təmsilçisi) X2r. Şəxs isə həmin MMC-də əmək müqaviləsi əsasında işçidir (mal qara yetişdirən feremr kimi) və aylıq əmək haqqı 840 manat təşkil edir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin fəaliyyəti üzrə hər hansı vəzifəli şəxsin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanması üçün həmin şəxs inzibati xəta olması iddia edilən müvafiq hərəkətin (hərəkətsizliyin) edilməsində məsul şəxs olmalıdır. İndiki halda Şəxs "xxxx" MMC-də fermer kimi, yaxud ferma müdiri kimi işçi statusunda olması həmin MMC-nin fəaliyyəti üzrə tullantı sularının idarə edilməsinə məsul şəxs olmasını müəyyən etmir. Şəxs işçi kimi vəzifə təlimatında tullantı sularının idarə edilməsinə məsul şəxs olması göstərildiyi halda onun barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilə bilərdi. İş materiallarına isə Şəxs "xxxx" MMC-nin işçisi kimi vəzifə təlimatı əlavə edilməmişdir. Yuxarıda göstərildiyi kimi Şəxs "xxxx" MMC-nin işçisi kimi vəzifə təlimatında tullantı sularının idarə edilməsinə məsul şəxs olması göstərildiyi halda onun barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol yenidən məhkəməyə göndərilə bilər (vəzifə təlimatı materiallara əlavə edilməklə). Əks halda protokol MMC-nin həmin məsələyə məsul digər vəzifəli şəxsi və ya direktoru barəsində tərtib edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarına əsasən hüquqi şəxsin inzibati xəta üzrə məsuliyyətinin yaranması hər bir halda onun vəzifəli şəxslərinin və ya işçilərinin hüquqazidd davranışı nəticəsində baş verir, təqsiri isə İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsində sadalanan şəxslərin təqsirinin törəməsidir. İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: - hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; - bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə müvafiq olaraq, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Göründüyü kimi, vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində, hüquqi şəxs isə məhz onun xeyrinə və ya maraqlarının qorunması üçün onu təmsil etmək, adından qərarlar qəbul etmək və fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxslərinin və ya sonuncular tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində işçisinin törətdiyi inzibati xətalara görə məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxılmağa hazırlanması zamanı işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələsini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İXM-in 106 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X1 daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar