Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2296/2025 09.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 böyük məsləhətçi-müfəttişi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidməti tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli protokola əsasən xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri Sumqayıt stansiyası Şəxs MMC-də formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkarlanmışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulan xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş Azərbaycan Dövlət X8 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 nümayəndəsi X11 bildirmişdir ki, xx.xx.2025-ci il tarixində Sumqayıt şəhəri Sumqayıt stansiyası Şəxs MMC-də formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması faktı aşkarlanmış və bu barədə akt tərtib edilmişdir. Həmin tarixdə müəssisənin içərisinə daxil olaraq su sayğacına da baxış keçirmiş və video çəkiliş etmişlər. Belə ki, onlar suların itkisi ilə bağlı su uçotunu apardıqları və çirkab suların axıdılmasını yoxladıqları üçün onların su sayğaclarına baxmaq səlahiyyətləri vardır. Onlar Sumqayıt şəhəri Sumqayıt stansiyası ərazisində gölməçə və qamışlığın olduğunu görmüş və həmin çirkab suyunun Şəxs MMC tərəfindən axıdılmasını müəyyən etmişlər. Şəxs MMC-nin “Azərsu” ilə çirkab sularının axıdılması ilə bağlı müqaviləsinin olmadığını, boruya qoşulduğunu, şambo qurğusu olmadığını bildirmişdir. Sular şambo vasitəsi ilə axıdılmalı olduğu halda ətrafa axıdılmışdır. MMC-nin nümayəndəsi inzibati araşdırmada iştirak etmiş və protokolun tərtibi ilə bağlı dəvət edilmiş, bununla bağlı onlara poçt vasitəsilə məktub göndərilmiş və iştirakı tələb edilmişdir. Lakin, nümayəndə protokolun və aktın tərtibində iştirak etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış etirazda qeyd edilmişdir ki, 08 sentyabr 2025-ci il tarixində Suların İstifadəsinə və X4 Xidməti 2 saylı X1 əməkdaşları Sumqayıt şəhəri, Stansiya Sumqayıt ünvanında fəaliyyət göstərən Şəxs MMC-də formalaşan tullantı sularını kənara (çölə) təyinatsız axıdılması faktını aşkar etmiş və buna dair müvafiq akt tərtib etmişlər. Daha sonra, yəni 11 sentyabr 2025-cü il tarixdə Xızı şəhərində, sözügedən qurumun sələhiyyətli şəxsi M.İmanov tərəfindən MMC-nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əsasən Xidmətin 2 saylı X1 rəisi F.Haqverdiyev tərəfindən Şəxs MMC-yə “inzibati xəta haqqında protokolun və aktın nüsxəsinin göndərilməsinə dair” xx.xx.2025-ci il tarixli 3-53-1-2/2-200/2025 №-li məktub ünvanlanmışdır. xx.xx.2025-ci il tarixində Xidmət tərəfindən Şəxs MMC-də aparılan nəzarət tədbirində və tərtib edilən akt imzalayan əməkdaşlar - Mahir İmanov və B.Xıdırov olmuşlar. xx.xx.2025-cü il tarixdə Xızı şəhərində, protokolu tərtib edən səlahiyyətli vəzifəli şəxs - Mahir İmanov olmuşdur. Xidmətin əməkdaşı Mahir İmanovun həm nəzarət tədbirində, həm də protokolun tərtib edilməsində səlahiyyətli vəzifəli şəxs kimi iştriak etməsi maraqların toqquşmasıdır. Azərbaycan Respublikasının İXM-nin 101.1-ci maddəsinin tələblərinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Hazırki halda inzibati xətanın törədilməsi faktının xx.xx.2025-ci il tarixdə aşkar edildiyini nəzərə alsaq, protokol dərhal deyil, yalnız 3 gündən sonra, yəni xx.xx.2025-ci il tarixdə tərtib edildiyi bəlli olur. Xidmət, bunu inzibati araşdırmanın (monitorinq) aparılması ilə izah edir və inzibati araşdırmaya başlanılması və aparılması barədə Xızı şəhərində çıxarılmış xx.xx.2025-ci il tarixli qərardad olduğunu qeyd edir. Lakin, Azərbaycan Respublikasının İXM-nin 102.1-ci maddəsinin tələbləri inzibati araşdırma aparılmasının zərurətini, inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması ilə bağlayır. Hazırki işdə isə heç bir ekspertiza və ya digər prosessual hərəkətlər aparılmamış, Xidmət tərəfindən məsələyə formal yanaşılmış və nəticə olaraq inzibati araşdırma barədə formal qərardad qəbul edilmişdir. Növbəti pozuntu inzibati araşdırmanın keçirilmə yeri ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 102.4-cü maddəsinin tələblərinə əsasən inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. Xidmətin, məhkəməyə təqdim etdiyi sənədlər sırasında Xidmətin “inzibati araşdırmada nümayəndənizin iştirakının təmin edilməsi ilə bağlı” xx.xx.2025-ci il tarixli 3-53-1- 2/2-192/2025 №-li məktubu var. Həmin dəvət məktubunda aparılan inzibati araşdırmada iştirak edilməsi üçün xx.xx.2025-ci il tarixində, saat 12:00-da səlahiyyətli nümayəndənin Xidmətin 2 saylı X2 (Xızı şəhəri H.Əliyev küçəsi ünvanına) gəlməsi xahiş olunur. Yuxarıda qeyd olunanlardan isə artıq məlumdur ki, inzibati xətanın aşkar edilən yeri - Sumqayıt şəhəri, Stansiya Sumqayıt ünvandır. Növbəti pozuntu - inzibati araşdırmanın baxılmasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş aparılan hüquqi şəxsin lazımi qaydada məlumatlandırılması ilə bağlıdır. Belə ki, Xidmətin məhkəməyə təqdim etdiyi sənədlər sırasında Xidmətin “inzibati araşdırmada nümayəndənizin iştirakının təmin edilməsi ilə bağlı” xx.xx.2025-ci il tarixli 3-53-1-2/2-192/2025 №-li məktubu və onun göndərilməsinə poçt qəbzi yer alsa da, çatdırılmaya dair qəbz yoxdur. Xidmətin sözügedən bildiriş məktubu xx.xx.2025-ci il tarixdə saat 17.00 radələrində Şəxs MMC-nın ünvanına çatdırılmış və yalnız həmin vaxtdan sonra inzibati araşdırmanın baxılmasının yeri və vaxtı barədə məlumatlı olmuşlar. Lakin, inzibati araşdırmanın xx.xx.2025-ci il tarixinə, saat 12:00-ə təyin edilməsini və keçirilməsini nəzərə aldıqda məktubu gecikmiş saymaq olar. Bu baxımdan nümayəndənin inzibati araşdırmada iştirakı təmin edilməmişdir. Beləliklə, məlumatlandırma ilə də bağlı Xidmətin tərtib etdiyi materiallar Azərbaycan Respublikasının İXM-nin müvafiq tələblərinə cavab vermir. İXM-nin 100.0.3-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsə, onların prosessual hüquq və vəzifələrinin elan edilməsinə dair məlumatlar daxil edilir. Xidmətin, məhkəməyə təqdim etdiyi sənədlər sırasında buna dair heç bir sübut yoxdur. Xidmətin, məhkəməyə təqdim etdiyi sənədlər sırasında protokolu tərtib etmiş səlahiyyətli vəzifəli şəxsin fərdi identifikasiya nömrəsi və iş yeri haqqında elektron (çıxarış) arayış əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 100.3-ci maddəsinin tələblərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İş materiallarına əsasən inzibati icraatda hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş və bu səbəbdən də verilməmişdir. Belə olan halda Xidmət protokolun surətinin hüquqi şəxsə göndərilməsini təmin etməli və buna dair sübutu məhkəməyə təqdim etdiyi sübutlarına daxil etməli idi. Xidmətin, məhkəməyə təqdim etdiyi sənədlər sırasında buna dair heç bir sübut yoxdur. Şəxs MMC-nin fəaliyyət növü un və un məlumatlarının istehsalıdır. Profilə uyğun olaraq da, istehsal prosesində sudan minimum səviyyədə istifadə olunur, yəni sudan istifadə işçilərin məişət təlabatını ödəmək ilə bağlıdır. Bundan başqa, Müəssisə ilə Sumqayıt Sukanal İdarəsi arasında “içməli su və kanalizasiya xidmətlərinə dair” xidmət müqaviləsi bağlanmışdır. Qeyd edilənlərə əsasən inzibati xəta haqqında protokolun ləğv edilməsini və inzibati icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi və müdafiəçisi Vəkil etiraza uyğun izahat vermiş və bildirmişdir ki, protokol əsassız tərtib edilmişdir. Belə ki, protokol dərhal tərtib edilməli idi, lakin akt və protokol eyni gündə tərtib edilməmişdir. Bundan başqa, inzibati araşdırma zamanı MMC-nin iştirakı təmin edilməmiş, məktub göndərilsə də, məktub onlara gec gəlib çatmışdır. Araşdırma birtərəfli qaydada aparılmışdır. Bundan başqa, Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikasının Qaununun tələbləri pozulmuşdur. Belə ki, Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 nümayəndəsi Şəxs MMC-yə yoxlama aparılması barədə qərar olmadan, Ədliyyə Nazirliyinin saytında yoxlama aparılmasına dair reyestr qeydiyyatına alınmadan daxil olmuş və bununla da qeyd edilən Qaununun tələblərinə riayət edilməmişdir. Çəkilmiş video görüntülərdən də görünür ki, protokol tərtib edən şəxs MMC-nin içərisinə daxil olmuşdur. Bundan başqa, video görüntülərdə çirkab sularının MMC tərəfindən axıdılması ilə bağlı hər hansı görüntü mövcud deyildir. Həmçinin, Şəxs MMC-nin Sumqayıt şəhər Su kanal idarəsi ilə müqaviləsi mövcuddur və mütəmadi olaraq ödənişlər həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən tərtib edilmiş protokol üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Şəxs MMC-nin direktoru X9 bildirmişdir ki, o, 50 ildir istehsalatla məşğuldur. xx.xx.2025-ci il tarixdə Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 nümayəndəsi gəlmiş və özlərini təqdim etmişlər. Onlara heç bir yoxlama barədə çıxarış təqdim etməmişlər. Müəssisəyə daxil olaraq sayğaca və kanalizasiya qurğusuna baxmışlar. Ondan sayğaca və kanalizasiya qurğusuna qoşulub-qoşulmadıqlarını soruşmuşlar, o da kanalizasiya qurğusunun onun həyətindən keçdiyi, Sumqayıt şəhər Su kanal idarəsi ilə müqaviləsinin olduğunu və kanalizasiya xəttinə qoşulduğunu bildirmişdir. Ondan heç bir sənəd istəməmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 11 sentyabr 2025-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt stansiyası Şəxs MMC-də formalaşan tullantı sularının kənara (çölə) təyinatsız axıdılması nəticəsində MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan xətanın törədilməsi müəyyən edilmişdir. 08 sentyabr 2025-ci il tarixli 000423 nömrəli aktdan görünür ki, Suların İstifadəsinə və X5 Xİdmətinin 2 saylı X1 08 sentyabr 2025-ci il tarixli 00017 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının “Su Məcəlləsinin” Su təchizatı və tullantı suları haqqında qanunun tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində yerləşən Şəxs MMC-yə məxsus istehsalat müəssisəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının təyinatsız axıdılması faktına rast gəlinmişdir. Keçirilən baxış zamanı Şəxs MMC-yə məxsus istehsalat müəssisəsinin fəaliyyəti zamanı formalaşan tullantı suları ərazidən keçən zaman magistral DN250 mm boruya DN 110 mm pvc boru ilə birləşərək heç bir təmizlənmə prosesindən keçmədən kənara (çölə) birbaşa axıdılması müəyyən edilmişdir. Şəxs MMCnin nümayəndəsi X9 onlarla birlikdə araşdırmada iştirak etmişdir. Tullantı sularının ətraf mühitə (çölə) ərazidən keçən magistral DN 250 mm boruya DN 110 mm pvc boru ilə birləşərək ətraf mühitə (çölə) təmizlənmədən axıdılması faktına şahid olmuşdur. Şəxs MMC-nin tullantı sularının axıdılmasına dair rəsmi icazə sənədinin olmadığını bildirmişdir. Bununla da Şəxs MMC-yə məxsus istehsalat müəssisəsinin fəaliyyəti zamanı formalaşan tullantı sularının heç bir təmizlənmə prosesindən keçmədən kənara (çöllərə) birbaşa axıdılması zamanı Azərbaycan Respublikasının Su Məcəlləsinin 16 və 103-cü maddələrinin “Su təchizatı və tullantı suları” haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03 mart 1992-ci il tarixli 122 nömrəli qərarından irəli gələn tələblər pozulmuşdur. Məhkəmə iclasında təqdim edilmiş “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilədən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 ilə Şəxs MMC arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin 6.3-cü bəndində qeyd edilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu Müqavilənin müddəti növbəti 3 (üç) il üçün uzadılmış hesab olunur. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsinin təqdim etdiyi "xxxx" MMC-nin qəbzindən görünür ki, məktub xx.xx.2025-ci il tarixdə saat 14:29-da çatdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, Suların İstifadəsinə və X5 Xİdmətinin 2 saylı X1 müfəttiş və mühəndisləri xx.xx.2025-ci il tarixdə 00016 nömrəli Sərəncama uyğun olaraq Sumqayıt şəhəri Stansiya Sumqayıt ərazisində Şəxs MMC-yə məxsus müəssisənin ərazisindən keçən 200 mm-lik tullantı su borusuna 110 mm-lik plastmas boru ilə çirkab suyu axıdaraq ətraf mühitin çirklənməsinə səbəb olduğunu bildirir. Görüntülərdə kanalizasiya qurğusunun açılması və həmin qurğuya axan çirkab suyu müşahidə edilir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, video və foto görüntülərə baxış keçirib hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Suların İstifadəsinə və X5 Xidmətinin 2 saylı X3 tərəfindən Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda xx.xx.2025-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan xətanın törədilməsi göstərilsə də, məhkəmədə aparılan araşdırma zamanı Şəxs MMC-nin əməlində həmin xətanın tərkib əlamətlərinin olmasını təsdiq edən sübutlar müəyyən edilməmişdir. Belə ki, protokol tərtib edən şəxsin təqdim etdiyi videogörüntülərdə tullantı sularının axıdıldığı boru göstərilməklə həmin boruya Şəxs MMC tərəfindən çirkab sularının axıdılması və nəticədə ətraf mühitin çirklənməsi halının baş verməsi qeyd edilmiş və İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə-fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün içməli məişət, texniki və tullantı sularının konkret olaraq - kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması göstərilmişdir. Lakin, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan görünür ki, Şəxs MMC tərəfindən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına dair hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iclasında təqdim edilmiş “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilədən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X15 ilə Şəxs MMC arasında xx.xx.2020-ci il tarixdə müqavilə bağlanmış və müqavilənin 6.3-cü bəndində müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 (bir) ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, müqavilənin müddətinin növbəti 3 (üç) il üçün uzadılmış hesab olunması qeyd edilmişdir. Bundan savayı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X8 yanında Suların İstifadəsinə və X4 Xidmətinin 2 saylı X1 tərtib etdiyi protokolda və 000423 nömrəli aktda inzibati xətanın xx.xx.2025-ci il tarixdə aşkar olunduğu göstərilsə də, materiala əlavə edilmiş video görüntü zamanı protokol tərtib etmiş şəxs xətanın xx.xx.2025-ci il tarixində aşkar edildiyini bildirmişdir. Göstərilənlərlə yanaşı məhkəmə iclası zamanı protokol tərtib etmiş şəxs izahatında monitorinq apararkən Şəxs MMC-nin fəaliyyət göstərdiyi müəssisəyə daxil olmaqla su sayğacına baxış keçirdiyini, eyni zamanda foto və video çəkiliş apardığını bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, sahibkarlıq subyektində aparılmış yoxlama zamanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə də riayət edilməmişdir. Belə ki, həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci il tarixli Qanunu ilə “Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2026-cı il yanvarın 1-dək dayandırılmışdır. Həmin qanunun 2-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, “Cinayət yolu ilə əldə edilmiş pulvəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş əlavədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində aparıla bilən yoxlamaların siyahısı göstərilir. Həmin Fərmanla təsdiq edilmiş əlavədə qeyd edilir ki, Siyahının 1-ci hissəsində nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti yoxlayıcı orqanın əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlama həmin Nazirliyin əməkdaşının iştirakı ilə aparılır. Yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərindən də göründüyü kimi, sahibkarlıq subyektində yoxlamaların aparılması müvafiq qanunla tənzimlənir. Həmin Qanuna və tətbiqi barədə Fərmana nəzər saldıqda məlum olur ki, Azərbaycan Respublikası Azərbaycan Dövlət X8 yanında Suların istifadəsinə və X4 Xidməti orada qeyd edilməmişdir. Belə olan halda hazırki iş üzrə yoxlayıcı orqan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410İVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 26 oktyabr 2015-ci iltarixli 660 saylı Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə sahibkarlıq subyektində yoxlamanı həyata keçirməli idi. Məhkəmə araşdırması zamanı həmin razılığın olmasını təsdiq edən sübut müəyyən edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 13.5-ci maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrini aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun tələblərinə uyğun olaraq təqdim edilmiş yoxlamaları reyestrdə qeydiyyata almalıdır. Qeyd edilənlərə əsasən məhkəmə Şəxs MMC tərəfindən İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində həmin maddədə göstərilən inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs MMC MMC-nin əməlində İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 105, 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-2296/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2296/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver