Məhkəmə qərarları › İş №3(060)-2297/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2297/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2297/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1980-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Xaçmaz rayonu, Manapova kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Ceyranbatan bağları, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 157-ci maddəsi ilə 26 sentyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri Ceyranbatan bağlarında evdə qızı Nərmin Məmmədovanı döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 26 sentyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Sumqayıt şəhəri Ceyranbatan bağlarında evdə qızı Nərmin Məmmədovanı döymüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı X4 HK- 1/874 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində yaşadıqları evdə anası xx.xx.1980-ci il təvəllüdlü Şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncu əl zərbələri ilə üzündən, sol qolundan vuraraq ona xəsarət yetirmiş, o, mübahisə zamanı anası Elnarəni vurmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyərək göstərdi ki, Nərminin onun qeyri rəsmi olaraq ər arvad kimi bir yerdə yaşadığı İsmayılın (Rəşad) mobil telefonu ilə başqa başqa oğlanlarla danışdığını bilib sonuncuya öyüd nəsihət verərək birdə belə etməməsini zəmanənin pis olduğunu onu aldada biləcəklərini dediyini, lakin Nərminin onun sözünə əhəmiyyət verməyib öz hərəkətlərinə davam etdiyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində yaşadıqları evdə Nərmin ilə yenidən söhbət edərək hərəkətlərinə fikir verməsini dedikdə Nərminin yaxşı elədiyini, öz həyatı olduğunu və onların qarışmamaqlarını deyib evdən çıxıb gedmək istədikdə sol qolundan tutub gedməməsini deyib içəri salmaq istədikdə Nərminin onun əlində olan mobil telefonu alıb özü öz başına vurmağa başladığını, bundan sonra onun heç bir şey etməyib buraxdığını, Nərminində evdən çıxıb naməlum istiqamətdə getdiyini bildirmişdir. O, mübahisə zamanı Nərmini vurmadığını sonuncunun dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib və işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə olunmuş MTE-nin xx.xx.2023-cü il tarixli, 1347 saylı ekspert rəyində görünür ki, X1 bədəni üzərində - sol yanaq nahiyənin, sol burun-yanaq büküşünün və sol bazunun sıyrıqları xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əl ilə yetirilə bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 5-ci polis bölməsinin təhqiqatçısı polis kapitanı X4 HK-1/874 saylı, xx.xx.2023-cü il tarixli yoxlama materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə də öz təsdiqini tapır. Ona görə də Şəxs İXM-nin 157-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18,00 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və o, 300,00 (üç yüz) manat məbləğində cərimə olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18,00 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar