Məhkəmə qərarları › İş №3(060)-2298/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2298/2022

07.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2298/2022 07.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxsin nümayəndəsi-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 500-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 701, mənzil 15-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin tərtib etdiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokolu əsasında inzibati xəta haqqında material daxil olmuşdur. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 8 nömrəli Araz marketə müştəri kimi daxil olub 2 ədəd hər biri 1 litr, hər biri 106 manat olmaqla cəmi 212 manat dəyərində Grey Goose arağı oğurlamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis bölməsinin polis sahə rəisi, polis baş leytenantı X2 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18 radələri olardı, o Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən Araz marketə müştəri kimi daxil olmuş və həmin marketdə olan spirtli içkilər yığılan vitrinə yaxınlaşıb oradan iki ədəd hər biri 1 litrlik olan GreyGoose adlı araq götürüb kassadan gizli mağzadan çıxmış və həmin içkilərin birini içmiş, digərini tanımadığı şəxsə 25 manata satmışdır. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, ziyanı ödəyəcəkdir, barəsində yüngül inziabti tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən zərərçəkmiş hüquqi şəxs 8 nömrəli “Araz” marketin nümayəndəsi Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2022-ci il tarixdə o marketdə sayım işi aparan zaman mağazadan içki və digər ərzaq məhsullarının yerində olmadığını aşkar etmişlər. Müşahidə kamerasına baxdıqda onlara məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə bir nəfər orta boylu, orta arıqlıqda, əynində qara paltarı olan, üzü tüklü, qarayanız, bir ayağı axsayan oğlan mağazaya daxil olaraq mağazadan 2 ədəd hər biri bir litrlik hər biri 106 manat olmaqla cəmi 212 manat məbləğində olan GreyGoose adlı araq götürüb oğurlamışdır. Hadisə nəticəsində mağazaya 212 manat maddi ziyan vurulmuşdur. Şəxs ziyanı tələb edir, barışmamışdır. Qanunauyğun qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 227ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə-yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, törədilən inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.1-28.3-1-ci maddələrinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. İctimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. İctimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Məhkəmə zərərçəkmiş şəxsin dəymiş ziyanı tələb etməsini, Şəxs ziyanı qəbul etdiyini, bununla bağlı mübahisə olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi də qərarda öz əksini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Tutma haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2022-ci il, saat 21:00-da tutulmuş, 07 sentyabr 2022-ci il tarixdə saat 16:00-da azad olunmuşdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və ona 180 (bir yüz səksən) saat ictimai işlər inzibati tənbehi təyin edilsin. Şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:00-dan tutularaq xx.xx.2022-ci il tarixə, saat 16:00-dək saxlanılması nəzərə alınsın və ona təyin edilən ictimai işlər növündə tənbehin həddi qəti olaraq 172 (bir yüz yetmiş iki) saat müəyyən edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün Şəxs 212 (iki yüz on iki) manat alınaraq Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən zərərçəkmiş hüquqi şəxs 8 nömrəli “Araz” marketə verilsin. Qərarın inzibati tənbehə aid hissəsinin icrası Sumqayıt şəhər Probasiya şöbəsinə, dəymiş ziyanın ödənilməsi hissəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar