Məhkəmə qərarları › İş №3(060)-2303/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2303/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2303/2025 12.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə, Paşalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində fərdi evdə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokola əsasən Sumqayıt Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli A/2114 nömrəli protokoluna və Respublika Narkoloji Dispanserin xx.xx.2025 tarixli 5673 nömrəli rəyinə əsasən Şəxs Rafael oğlunun narkotik vasitə istifadəçisi olması müəyyən edilmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Rüstəm Zahidov protokola uyğun olaraq izahat vermiş və məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 11 sentyabr axşam saatlarında qızına əsəbləşmişdir. Daha sonra uşağın bibisi onu polis bölməsinə aparmış və qızı polisə şikayət etmişdir. Polis əməkdaşı həmin halı araşdırmaq üçün onu dəvət etmişdir. O, bir il olar ki, arada bir narkotik vasitə metamfetamin istifadə edir. Narkotik vasitəni qardaşıgildə istifadə etmişdir. Polis bölməsində onun narkotik istifadəçisi olduğu və satışı ilə məşğul olması ilə bağlı suallar verilmişdir. O, qızına əl qaldırmadığını, himayəsində üç uşağının olduğunu nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi şəxsin üç uşağı olduğunu bildirmiş və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı və işdə olan sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 5-ci PB-nin təhqiqatçısı, polis kapitanı Ramin Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Sumqayıt ŞPİ-ni 5-ci PB-də aparılan araşdırma ilə bağlı Sumqayıt şəhəri, Dəmir yolu Yük həyəli fərdi evdə yaşayan xx.xx.1982-ci il təvəllüdlü Şəxs Rəfail oğlu xx.xx.2025-ci il tarixdə bölməyə dəvət olunmuş, bölmənin əməliyyat müvəkkili Əli Abbasov raportla məruzə edərək bölməyə dəvət olunmuş Şəxs Rəfail oğlu ilə söhbət əsnasında sonuncunun narkotik vasitələrin təsiri altında olmasına onda əsaslı şübhələr yarandığından həmin şəxsin narkoloji dispanserdən tibbi müayinədən keçirilməsini xahiş elmişdir. Belə ki, araşdırma zamanı Şəxs Rəfail oğlunun narkotik vasitələrdən istifadəsi yoxlanılan zaman Sumqayıt şəhər Narkoloji Dispanserin xx.xx.2025-ci il tarixli A/2114 nömrəli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokoluna əsasən Şəxs Rəfail oğlunun sidiyində narkotik maddə qəbul etməsi faktını tapmışdır. МEТ (+) pozitivdir. Aparılmış araşdırma nəticəsində Şəxs Rəfail oğlunun əməlində cinayət tərkibi müəyyən edilməmiş, bu səbəbdən də müraciət əsasında aparılmış yoxlamanın nəticələri üzrə Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq xx.xx.2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, lakin naməlum şəxsin əməlində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkibi əlamətlərinin olması müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncunun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-yə göndərilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2025-ci il tarixli A/2114 nömrəli tibbi müayinə protokoluna əsasən Şəxs metamfetamin qəbulu faktı aşkar olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5673 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19.2) dioqnozu ilə qeydiyyatdadır. İnzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, tərtib edilmiş protokollar, məhkəmə-narkoloji ekspertizasının rəyi və digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilməsi üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 4-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:30dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.4-cümaddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin, iş üzrə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5673 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində (F19.2) dioqnozu ilə qeydiyyatdadır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5673 nömrəli rəyini nəzərə alaraq qeyd edir ki, barəsində icraat aparılan şəxsdə narkomaniya xəstəliyi aşkar edildiyindən onun barəsində məcburi müalicə təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən; 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Göstərilənlərdən əlavə məhkəmə hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:30-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o, inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs Şəxs məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar