Məhkəmə qərarları › İş №3(060)-2306/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2306/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2306/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı İdris Tahirovun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəh., anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-də təmirçi-çilingər qaynaqçı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Özbək mağazasında işləyən qadınları söyüb səs-küy salaraq ictimai qaydanı pozması səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci PB-nin sahə rəisi, polis kapitanı İdris Tahirov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, Özbək mağazasında baş vermiş hadisənin əsas səbəbkarı Şəxs ilə birlikdə orada olan əmisi oğlu 52 yaşlı Eldar Heydərov olmuşdur. X11 aqresiv davrandığı üçün həm Şəxs həm də zərərçəkmiş xanımlar mübahisə etmişlər. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə əmisi oğlu X7 ilə birlikdə paltar almaq üçün Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Özbək mağazasına getmişlər. Orada 50 ölçüdə şalvar almaq istəmişlər, lakin tapa bilmədikləri üçün satıcını çağırmışlar. Satıcı şalvarların onların durduğu yerdə olduğunu bildirən zaman o, satıcıya şalvar tapmağın onun işi olduğunu bildirərək iradını bildirmişdir. Bu zaman satıcı xanım ona “sizə madmazel xanım lazımdır” dedikdən sonra o, satıcıya buraya evlilik üçün deyil paltar almaq üçün gəldiyini söyləmişdir. Bu zaman onların olduğu yerə mağazanın müdiri, sonradan adının Könül olduğunu bildiyi xanım gəlmişdir. Könül xanım onlara heç bir mal satmayacaqlarını bildirmiş, o isə aldığı paltarların dəyərini kassaya ödədikdən sonra çıxıb getmişdir. Əməlindən peşmandır, təqsirini etiraf edir. Hadisə zamanı onun hərəkətləri nəticəsində həm Könül xanıma həm də Naibə xanıma hansısa narahatlıq yaratmışdırsa onlardan üzr istəyir. Bir daha belə halların baş verməyəcəyinə söz verir. Evlidir, himayəsində 2 yaş və 10 yaş olmaqla iki övladı var. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 15:00 radələrində tanımadığı 2 nəfər şəxs müdür kimi işlədiyi Özbək malları mağazasına gəlmişlər. O, içəri daxil olan zaman həmin şəxslərdən daha yaşlı olanı satıcı Naibənin üzərinə qışqırdığını, ona təkidlə şalvarın onun əyninə olan ölçüsünü verməsini tələb etmişdir. Satıcı Naibə dəfələrlə həmin şalvarın onun bədən ölüsünə uyğun olmadığını bildirmişdir. Bu dialoq dəfələrlə təkrarlanmışdır. Bu zaman həmin yaşlı kişi qışqıraraq Naibə xanımın ona müştəri olduğu üçün qulluq etməli olduğunu, mağaza müdirinin çağırılmasını tələb etmişdir. O, bundan sonra oraya yaxınlaşaraq nə baş verdiyini soruşmuşdur. Həmin yaşlı kişi ona baxaraq onun müdir olub-olmadığını soruşmuş, cavabında isə həmin kişiyə mağazanın müdiri olduğunu söyləmişdir. Bundan sonra həmin kişi ona cavab olaraq “sənin kimi müdirin belə satıcısı olar” ifadəsini işlədərək ona burdan cəhənnəm olmasını söyləmişdir. Onların bu hərəkətlərinə qarşılıq olaraq həmin şəxslərin mağazadan çıxmalarını, o cümlədən digər müştəriləri narahat etməmələrini söyləmişdir. Bu zaman həmin yaşlı kişinin yanında olan, araşdırma dövründə adının Şəxs olduğunu bildiyi şəxs ona öz iradını bildirərək “sənin acığına elə burdan mal alacam” söyləmişdir. Bundan sonra o, hadisə ilə bağlı hüquq mühafizə orqanlarına şikayət edəcəyini bildirən zaman həmin şəxslər kimə istəyirsən şikayət et, heç nədən qorxuruq deyə cavab vermişdir. O, kişilərin qadınlara qarşı belə rəftar etməsinə narazıdır, ümid edir ki, bu hallar bir daha təkrarlanmayacaqdır. Heç kəsin dolanışığına maneə olmaq istəmir, bu səbəbdən əgər Şəxs məhkəmə tərəfindən təqsirli bilinərsə barəsində cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında digər Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid X4 bildirdi ki, xx.xx.2023-cü ildə saat 15:00 radələrində Özbək mağazasında olarkən iki nəfər kişi mağazaya daxil olmuşlar. Onlar uca səslə qışqıraraq mağazada satıcının olmaması barədə irad bildirmişlər. Bu vaxt orada satıcı olan Naibə xanım onlara yaxınlaşmış və kişinin əlindəki şalvara baxıb həmin şalvarın onun ölçüsü olmadığını demişdir. Yaşlı kişi yüksək səslə müdirin gəlməsini tələb etmişdir. Bu vaxt mağazanın müdürü Könül xanım onlara yaxınlaşmışdır. Bundan sonra onlar Könül xanımla da kobud danışmış və Könül xanım onlardan mağazanı tərk etmələrini xahiş etmişdir. Həmin şəxslərdən cavan olanı (Şəxs nəzərdə tutur) kassaya yaxınlaşarkən Könül xanıma qarşı kobud ifadə işlətmişdir Məhkəmə iclasında digər şahid X5 da şahid X3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarından görünür ki, baş vermiş hadisə ilə bağlı Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə ərizə ilə Sumqayıt ŞPİ 5-ci PB-ə müraciət etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri, şahidləri və protokolu tərtib etmiş şəxsi, dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində AR İXMnin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Özbək mağazasında işləyən qadınları söyüb səs-küy salaraq ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı İdris Tahirov ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən Şəxs əməlindən peşman olmasını, davranışını, ədalət məhkəməsi qarşısında da bir daha zərərçəkmiş şəxslər üzr istəməsini, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X2 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdəki tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:30-da tutulmuş, xx.xx.2023-cü il tarixdə azad edilmişdir. Bu nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22:30-da tutularaq, xx.xx.2023-cü il tarixədək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar