Məhkəmə qərarları › İş №3(060)-2311/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2311/2022

09.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2311/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu, Əfəndilər kəndində doğulmuş, işləməyən, subay, orta təhsilli, İİİ qrup əlil, Qubadlı rayonu, Əfəndilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 12/23, mənzil 31 ünavnında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında protokollara və ona əlavə olunmuş materiallara Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) 09 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* №li və 09 sentyabr 2022-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollar tərtib olunmuşdur ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ünvansız nalayiq küçə söyüşləri söyüb hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində ünvansız nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq törətmişdir. Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 09 sentyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2022-ci il tarixli qərardadı ilə Şəxs İXMnin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-2311/2022 və 3(060)- 2312/2022 №li işlər bir icraatda 3(060)-2311/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X7 tərtib etdiyi inzibati xəta haqqında protokollara uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü qismən təqsirli bilərək göstərdi ki, Niva mrkalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. xx.xx.2022-ci il tarixdə dostu X3 ilə Sumqayıt şəhər 17-ci mikrorayon ərazsində avtomaşında oturan vaxt polis əməkdaşları onlara yaxınlaşıb şüphəli olduqları üçün avtomaşından düşmələrini tələb etdilər. Polis əməkdaşları onlardan üzərlərində qeyri qanuni nəsə olub-olmadığını soruşduqda dostu Əkbər polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu bildirdi. Əkbərin üzərində narkotik vasitə olmasını bildikdə o, qorxmuş və qaçmağa başlamışdır. Bu zaman polis əməkdaşlarından biri onun arxasınca qaçmağa başlamış və onu tutmuşdur. Onu polis maşınına mindirmək istədikdə o buna etiraz etmiş və polislərlə aralarında müəyyən dartışma olmuşdur. O ünvansız söyüşü özünə aid söymüşdür ki, nəyə görə gecə vaxtı Əkbərlə maşında olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Şahid1 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 00:10 radələrində postaçı yoldaşı polis kiçik serjantı Şahid2 ilə birlikdə 91-77 çağrışlı AP maşınında 17-ci mikrorayon daxilində xidmət apararkən “İsmət Qayıbov” küçəsində terləşən “Səda Store” marketin arxasında yerləşən binanın qarşısında Niva markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobildə iki nəfər vətəndaşın olduğunu gördülər. Avtomobildə olan həmin vətəndaşlar özlərini çox şübhəli aparmış və onları görən zaman avtomobilin mühərrikini işə salaraq həmin yerdən uzaqlaşmaq istəyərkən, dərhal onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Söhbət əsanasında onlardan üzərlərində qeyri qanuni nəsə olub-olmadığını soruşduqda Əkbər adlı şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Digər vətəndaş isə olardan uzaqlaşaraq qaçmağa başlamışdır. Digər postaçı yoldaşı Şahid2 onun arxasınca qaçaraq onu saxlamışdır. Həmin vətəndaş adını sonradan bildiyi Şəxs ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Onu nizam intizama dəvət etsələr də o polisin qanuni tələbinə qəstən tabe olmayaraq ünvansız küçə söyüşləri söyməsinə davam etmişdir. Onu avto patrula mindirdikdə o buna öz etirazını bildirmiş və ayağı ilə avtopatrulun yan şüşəsini vurmuşdur. Daha sonra onları ərazi üzər 1-ci PB-nə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında Şahid2 Şahid1 izahatına uyğun izahat vermişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 01:05-də inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, şahidləri və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Eyni Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən hal kimi məhkəmə Şəxs İİİ qrup əlilliyini nəzərə alır, məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətaların xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alır və hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrinin sanksiyası həddində İXMnin 34.3-cü maddəsinə əsasən inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalarla bağlı həmin maddələrnin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh edilməlidir. İnzibati həbsin əvvəli 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi nəzərə alınmaqla o, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 09 sentyabr 2022-ci il tarixdən, saat 01:05-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar