Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-232/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs X2, Müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixdə X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt Regional Asan Xidmət Mərkəzinin xx.xx.2023-cü iltarixli, 8i-31399 saylı icra qeydini üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 bildirmişdir ki, Şəxs Sumqayıt Regional Asan Xidmət Mərkəzinin xx.xx.2023-cü iltarixli, 8i-31399 saylı icra qeydini üzrsüz səbəbdən icra etməmişdir. Hal-hazırda borclunun zərərçəkmiş şəxsə 6025 manat borcu var. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati həbslə bağlı olan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru ona verilmiş sullara cavab olaraq bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs icra sənədi üzrə heç bir ödəniş etməmiş, maddi vəziyyətini əsas gətirərək ödəniş edə bilməməsini göstərmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmişdir. Adına hər hansı bir əmlak aşkar olunmamışdır. Borclu icra idarəsində dəfələrlə rəsmi qaydada izahat yazaraq, həmçinin şifahi qaydada vəd verərək borcu qısa müddətə ödəyəcəyi bildirsə də, vədlərinə əməl etməmiş və ödəniş etməmişdir. Hazırda da ödəniş edə bilmədiyini bildirir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, işlədiyi yerdən üç aydır ki, əmək haqqı ala bilmir, ödənişdən boyun qaçırmır. Birdəfəlik ödəniş etməyə imkanı yoxdur. Ancaq sabah 100 manat ödəniş edə bilər. İndiyədək icra idarəsində verdiyi vədlərə əməl edə bilməməsinin səbəbi hər dəfə işlərinin alınmaması ilə bağlı olmuşdur. Əgər işləri düzələrsə bundan sonra hissə-hissə ödənişlər edəcək. Göstərilən halları nəzərə alaraq ona borcun ödənilməsi üçün möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 bildirmişdir ki, borclu icra qeydi üzrə heç bir ödəniş etməmişdir. İcra sənədi üzrə borcun tam ödənilməsini tələb edir. Göstərilən halların nəzərə alınmasını və borclu barəsində inzibati həbslə bağlı olan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirmişdir ki, şəxsin ödənişi tam icra etməməsi qərəzli yanaşma deyil, onun maddi vəziyyəti ilə bağlıdır. Bu yaxınlarda borclu da işlə bağlı xeyli miqdarda pul itirmişdir. Borclunun ailəli olmaqla himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq həbslə bağlı olmayan inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Regional Asan Xidmət Mərkəzinin xx.xx.2023-cü iltarixli, 8i-31399 saylı icra qeydinə əsasən borclu Şəxs 6025 manat məbləğində pul alınaraq tələbkar X4 ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama barədə qərardan görünür ki, 2023-cü iltarixli, 8i-31399 saylı icra qeydi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası barədə bildirişdən görünür ki, həmin bildirişi Şəxs xx.xx.2023-cü il tarixdə rəsmi qaydada imzalaqla qəbul etmişdir. İş materiallarında olan Şəxs icra idarəsində veriyi izahatlatların surətlərindən görünür ki, borclu hərə dəfə qısa müddətə ödənişlər edəcəyi barədə vədlər vermişdir. Elektron məhkəmə sistemində Şəxs qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Şəxs evli olmaqla himayəsində xx.xx.2016-cı il təvəllüdlü bir uşağı var. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Regional Asan Xidmət Mərkəzinin xx.xx.2023-cü iltarixli, 8i-31399 saylı icra qeydinə əsasən borclu Şəxs 6025 manat məbləğində pul alınaraq tələbkar X4 ödənilməlidir. İş üzrə xx.xx.2023-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş, borclu xx.xx.2023-cü il tarixdə tələbin könüllü icraı barədə bildirişi rəsmi qaydada qəbul etmiş, dəfələrlə icra idarəsində izahatlar yazaraq və şifahi qaydada vədlər verərək qısa müddətə ödənişlər edəcəyini bildirsə də, həm 10 günlük könüllü icra müddətində tələbi icra etməmiş, həmçinin ondan sonra da bu günə kimi heç bir ödəniş etməmişdir. Hazırda isə heç bir ödəniş edə bilmədiyini qeyd edərək yalnız bir gün sonra 100 manat ödəniş edə biləcəyini göstərmişdir. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi icra etməməsi, hazırda da ödəniş etməməsi və gələcəkdə ödənişlər etməsini isə yalnız işlədiyi halda edə biləcəyini bildirməklə ehtimallara əsasən bildirməsi icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən işdə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halın isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 3 saat görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-232/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-232/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver