Məhkəmə qərarları › İş №3(060)-2322/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2322/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2322/2025 02.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi baş məsləhətçi X7, Şikayət verən şəxs Emre Yalçının nümayəndəsi və müdafiəçisi Nümayəndə1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Emre Yalçının nümayəndəsi və müdafiəçisi Nümayəndə1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Emre Yalçının nümayəndəsi və müdafiəçisi Nümayəndə1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 xx.xx.2025-ci il tarixli, MN1870970 nömrəli inzibati inzibati tənbeh vermə haqqında qərarı ilə Emre Yalçın vəzifəli şəxs kimi İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 1.000 (bir min) manat məbləğində cərimə edilmişdir. Qərarda qeyd edilir ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin işçisi X4 xəsarət alması barədə X8 Xidmətinə məlumat verilməyib. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbələri pozulmuşdur. Nəticədə "xxxx" MMC-nin direktoru Emre Yalçın tərəfindən İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə (İşəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir) nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Aşağıda qeyd olunanlara əsasən, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı qanunsuz və əsassız hesab etmişdir. "xxxx" MMC ölkə ərazisində yol xətlənməsi və nişanların quraşdırılması işlərini həyata keçirir. "xxxx" MMC-nin hüquqi ünvanı və əsas faəliyyət göstərdiyi yer Sumqayıt şəhəri olsa da, o, qeyd olunan işləri bütün ölkə ərazisində yerinə yetirir. X3 digər işçilərlə birlikdə Gəncə-Göygöl yolu üzərində işlərin görülməsi üçün həmin əraziyə göndərilmişdir. X3 xx.xx.2025-ci il tarixdə Gəncə-Göygöl yolu üzərində işlərin görülməsi zamanı özünün xəsarət alması barədə işəgötürənə və ya hər hansı məsul şəxsə məlumat verməyib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən Regional şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-64027/2025 nömrəli məktubu "xxxx" MMC-yə daxil olanədək işəgörütən baş vermiş hadisədən xəbəri olmayıb. Yalnız yuxarıda qeyd olunan məktub vasitəsilə "xxxx" MMC-yə məlumat daxil olub və bundan sonra X3nun izahatı alınmış və hadisənin baş verməsi məlum olmuşdur. X6 izahatında bildirmişdir ki, xx.xx.2025 il tarixdə Gəncə-Göygöl yolunda yol xətlənməsi işlərini yetirən qrupda işləyir və həmin qrup saat təxminən 13:00 radələrində nahar fasiləsi zamanı işi dayandırmışdı. O, nahar fasiləsi zamanı qolu ilə tərini silmək istəyərkən geyimin üzərində olan boya onun üz və göz nahiyəsinə təmas etmişdir. Biraz keçdikdən sonra o, üz nahiyəsində göynəmə hiss etmiş və nahar fasiləsi olduğu üçün heç kəsə məlumat vermədən yaxınlıqdakı Xəstəxanaya müraciət etmişdir. Xəstəxanada onun üz və göz nahiyəsi silinmiş (təmizlənmiş) və tibb işçisi tərəfindən ona bildirimişdir ki, səhhətində narahat olacaq hər hansı bir problem yoxdur. Xəstəxanadan ayrıldıqdan sonra o, yenidən iş yerinə qayıtmış və əmək fəaliyyətinə davam etmişdir. Səhhətində hər hansı kəskin pozulma olmadığı və nahar fasiləsi olduğu üçün o, bu barədə iş icraçısına və işəgötürənə məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli, 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının” 1.3-cü bəndinə görə istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət — əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən, istirahət və nahar fasilələrinin müddəti iş vaxtına daxil edilmir. İstirahət və nahar fasilələrindən işçi öz mülahizəsi ilə istədiyi kimi istifadə edə bilər. İşin hallarından və qanunvericiliyin tələbindən göründüyü kimi hadisə iş vaxtında baş verməmiş və eyni zamanda işçinin səhhətinin kəskin pozulması halı baş vermədiyindən istehsalatda baş vermiş bədbəxt hadisə kimi qiymətləndirilə bilməz. Əmək Məcəlləsinin 216-cı maddəsinə əsəsən, əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək əməyin mühafizəsi üzrə işçinin vəzifəsidir. Əmək Məcəlləsinin tələbindən göründüyü kimi baş vermiş bədbəxt hadisə ilə işəgötürənə məlumat vermək işçinin başlıca vəzifəsidir. Lakin, işçi baş vermiş hadisə ilə bağlı iş icraçısına və işəgötürənə məlumat vermədiyi üçün işəgötürənin bu hadisədən xəbəri olmamışdır. Bundan əlavə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs olan Emre Yalçın xx.xx.2025-ci il tarixdə ölkə xaricində olmuşdur. Belə ki, o, 11-17 iyul tarixlərində Türkiyə və İtaliya Respublikalarında işgüzar səfərdə olduğu üçün hadisədən ümumiyyətlə məlumatsız olmuşdur. Həm işçi baş vermiş hadisə ilə bağlı məlumat vermədiyindən, həm də işəgötürən ölkə xaricində olduğundan X8 Xidmətinə və ya onun yerli bölmələrinə məlumat vermək iqtidarında olmamışdır. Nəticə etibarilə hadisə nahar fasiləsi zamanı baş verdiyindən (qeyri-iş vaxtı), həmçinin işçi baş vermiş hadisə ilə bağlı işəgötürənə məlumat vermədiyindən işəgötürənin əməlində inzibati xəta tərkibi mövcüd deyildir. Bundan əlavə qeyd olunmalıdır ki, inzbati xəta üzrə protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Emre Yalçın lazımi qaydada məlumatlandırılmamış və onun öz müdafiəsinin həyata keçirməsinə şərait yaradılmamışdır. Belə ki, Xidmət tərəfindən göndərilmiş xx.xx.2025-ci il tarixli bildiriş ilə Emre Yalçın xx.xx.2025-ci il tarixdə saat 11:00-da dəvət olunmuş, lakin Xidmət həmin bildirişin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə çatmasını gözləmədən protokol tərtib etmişdir. Şikayətə əlavə olunan Azərpoçt MMC-nin internet səhifəsindən çıxarışdan görünür ki həmin məktub (bildiriş) barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə xx.xx.2025-ci il tarixdə saat 13:51-də (əslində isə 16:00 da) çatıb. Həmçinin, "xxxx" MMC-nin və Emre Yalçının ƏMAS alt sistemində olan kabinetlərinə də protokola dəvətlə bağlı hər hansı bildiriş daxil olmamışdır. Bu da onu təsdiq edir ki, inzibati işin araşdırılması formal qaydada aparılmış, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə lazımi qaydada məlumat verilməmiş və onun özünün hüquqi müdafiəsini həyata keçirməsi üçün şərait yaradılmamışdır. Məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti X2 xx.xx.2025-ci il tarixli, MN1870970 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs Emre Yalçının nümayəndəsi və müdafiəçisi Nümayəndə1 izahatında bildirmişdir ki, "xxxx" MMC-nin qeydiyyat ünvanı Sumqayıt şəhəri ərazisində yerləşsə də, bütün ölkə ərazisində yol nişanlanmasını, xətlənməsini həyata keçirir. Hadisə də Göygöl-Gəncə yolunda baş vermişdir. Belə ki, həmin ərazidə boya ilə yol xətlənməsini icra edən işçinin paltarının qol hissəsinə boya dəymiş, işçi də nahar fasiləsi zamanı tərini silmək istəyərkən boya onun göz nahiyəsinə təmas etmiş və gözündə göynəmə olmuşdur. Bundan sonra işçi yaxınlıqda olan tibb məntəqəsinə müraciət etmiş və gözündə olan boya həkim tərəfindən təmizlənmişdir. Daha sonra işçi işə qayıtmış və işini icra etməyə davam etmişdir. Bu barədə işçi nə baş ofisə, nə rəhbərinə məlumat verməmişdir. Müəssisəsinin direktorunun hadisədən məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə X5 Daşkəsən Regional şöbəsinin məktubu nəticəsində hadisədən məlumat almışlar. Müfəttişliyə də xəstəxana məlumat vermişdir. Daha sonra onlar işçinin izahatını almışlar. Həmçinin, işçi özü də müfəttişliyə gedərək izahat vermiş və hadisə barədə rəhbərliyə məlumat verilmədiyini bildirmişdir. Bundan başqa, işçinin səhhətində hər hansı kəskin pozulma baş verməmiş və o, həmin gün işinə də davam etmişdir. Bundan savayı bildirmişdir ki, bu hadisə bədbəxt hadisə deyildir. Belə ki, işçinin bədənində, toxumalarında kəskin pozulma baş verməmişdir. Əmək Müfəttişliyi inzibati tənbeh vermə haqqında qərarında qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin tələblərinin pozulduğunu qeyd etmişdir. ƏM-nin 216-cı maddəsində də hadisənin baş verməsinin işçi tərəfindən işəgötürənə məlumat verilməsi vəzifəsinin olduğu qeyd edilmişdir. İşçi ilk növbədə hadisənin baş verməsi barədə işəgötürənə məlumat verməlidir ki, işəgötürən də bu barədə vəzifəsini icra etsin. Bundan başqa, bildirmişdir ki, iş üzrə inzibati araşdırma zamanı da direktorun hüquqları pozulmuşdur. Belə ki, DƏMX-nin Abşeron-Xızı Regional şöbəsi xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilmiş protokolun tərtibinə direktoru dəvət etsələr də, məktub onlara xx.xx.2025-ci il tarixdə saat 16:00-da çatmış, sistem üzərindən bildiriş göndərildiyini bildirsələr də, sistemdən onlara heç bir bildiriş göndərilməmişdir. O, protokola dair irad bildirdikdən sonra onlara qərara baxılması ilə bağlı bildiriş göndərilmiş və o, qərara baxılması zamanı DƏMX-nin Abşeron-Xızı Regional şöbəsində iştirak etmişdir. Bütün bunlar araşdırmanın düzgün aparılmadığını göstərir. Həmçinin, qeyd etmişdir ki, Emre Yalçın hadisəsinin baş verdiyi vaxtda -xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək Türkiyə və İtaliya Respublikalarında olmuş və onun baş verənlərdən məlumatı olmamışdır. Bundan başqa, DƏMX-nin məlumatında saatın 15:45 olaraq qeyd edilməsinə münasibətdə bildirmişdir ki, hadisə həmin saatda baş verməmişdir. Həmin vaxt işçi xəstəxanaya müraciət etdikdən sonra, xəstəxana tərəfindən hadisə barədə məlumatın verildiyi vaxtdır. Məlumatda boya şlankının partlamasının qeyd edilməsi ilə bağlı bildirmişdir ki, orada əgər şlank partlasa idi, işçinin gözünün yanması xəsarəti ilə nəticələnməz, daha böyük xəsarət almış olardı. O, qeyd edilən hal ilə əlaqədar işçi və orda olan digər şəxslərlə də söhbət aparılmış və şlank partlaması barədə ona heç bir məlumat verilməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən şikayətin təmin edilməsini, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, hadisə barədə məlumat verməmə hərəkətsizliklə törədilmiş inzibati xətadır. Qeyd edilən xəta həm qəsdən, həm də ehtiyatsızlıqdan törədilə bilər. Şikayətin protokol tərtib edilərkən bildirişin gec çatması dəlilinə münasibətdə bildirmişdir ki, protokola dəvət qanunvericilikdə konkret olaraq göstərilməmişdir. Qanunvericilikdə inzibati xəta aşkarlanan zaman protokolun tərtib olunması qeyd edilmişdir. Lakin, təcrübədə iş üzrə hər hansı sənədlərin təqdim edilməsi, icraatı rədd edən hər hansı halların olub-olmamasının aydınlaşdırılması üçün protokola dəvət edilir. Bu hal ilə əlaqədar direktorun hər hansı hüququ pozulmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarında qeyd edilmişdir ki, iş zamanı və fasilələr zamanı (nahar da fasilədir) baş verən hadisələr araşdırılmalıdır. Qanunverici bir halda nahar fasiləsi zamanı işçilərin idman oyunları təşkil edərək, həmin oyunlar zamanı xəsarət almasını bədbəxt hadisə hesab etmir. Qalan bütün hallarda baş verən hadisə barədə işəgötürən məlumat verməlidir. Bundan başqa, qanunverici işəgötürən dedikdə müəssisəni nəzərdə tutur. Müəssisə dedikdə isə, həm işçilər, həm onun vəzifəli şəxsləri nəzərdə tutulur. Direktor ona görə cərimə edilir ki, o, işəgötürənin səlahiyyətlərini, vəzifələrini həyata keçirən vəzifəli şəxsdir. Direktorun özü məlumat verməsə belə, o, müəssisənin adından məlumat verilməsini təmin etməlidir. Hadisə barədə müəssisəsinin hər hansı işçisi də məlumat verə bilərdi. Əksər hallarda da rəhbər yox, müəssisənin işçilərindən zəng edib hadisənin baş verməsi barədə məlumat verilir. Məlumatın həmin gün verilməsinin məqsədi odur ki, həmin anda izlər itməmiş təhqiqat aparılsın və istehsalatla əlaqəli olub-olmaması məsələsi aydınlaşdırılsın. Bundan başqa, qanunverici hadisənin istehsalatla əlaqədar bədbəxt hadisə olarsa məlumat verilməsini qeyd etmir, hadisə barədə məlumat verilməlidir ki, hadisənin istehsalatla əlaqədar bədbəxt hadisə olub-olmaması müəyyən edilsin. Hazırki halda, direktor ona görə məsuliyyətə cəlb edilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar direktorun və ya müəssisənin adından DƏMX-yə məlumat daxil olmamışdır. Qeyd edilənlərə əsasən şikayətin təmin edilməməsini, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi X10 izahatında şikayət verən şəxsin hadisənin nahar vaxtı baş verməsini bildirməsinə münasibətdə qeyd etmişdir ki, hadisə nahar fasiləsində baş versə də müəssisə bu barədə məlumat verilməli idi, lakin, hadisə nahar fasiləsi zamanı baş verməmişdir. Belə ki, DƏMXnin Gəncə-Daşkəsən Regional şöbəsinə daxil olan məlumatda və “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxsin məktubundan da görünür ki, hadisə iş vaxtı baş vermişdir. İşçi X1 izahat verərkən direktoru müdafiə etmək üçün gözünü silərkən boyanın dəydiyini bildirsə də, hadisə iş vaxtı boya şlankı partlaması nəticəsində olmuşdur. Şlank partlamasından işçinin gözü yanmış və onu həkimə aparmışlar. DƏMX-yə də xəstəxanadan məlumat verilmişdir. İşçi xəstəxanaya daxil olarkən həkimə nə deyibsə onu da qeyd etmişlər. İşçinin nahar fasiləsi zamanı gözünü boya ilə silməsi nəticəsində hər iki gözünün yanması necə baş verə bilər?! Bundan başqa, işçinin naharda gözünü silərkən boyanın gözünə dəyməsi nəticəsində gözündə yanma baş verməsi və xəstəxanaya müraciət etdikdən sonra yenidən işə qayıdıb işinə davam etməsi heç bir məntiqə uyğun deyildir. İşçi xəstəxanaya nə zaman müraciət edirsə, xəstəxanadan da qəbulda işləyən hər hansı texniki əməkdaş DƏMX-yə məlumat verir. Xəstəxananın naharda işçiyə tibbi yardım göstərdikdən iki saat sonra DƏMX-yə məlumat verməsi mümkün deyildir. İşçi izahatlarında da direktoru müdafiə etmək üçün gözünü silərkən boyanın dəyməsini bildirmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında “Whatsapp” tətbiqi vasitəsi ilə video-görüntülü olaraq şahid qismində izahatı alınmış X6 bildirmişdir ki, o, "xxxx" MMC-də operator köməkçisi işləyir. O, xüsusi aparat vasitəsilə yola xətlər çəkir. Hadisə iyul ayında Göygöl rayonunda nahar fasiləsi zamanı baş vermişdir. O, nahara gedərkən qolunda boya olduğu üçün qolunu yaxınlaşdıran zaman sol gözünə toxunmuş və gözü göynəmişdir. Xəstəxanaya müraciət etdiyi vaxtı dəqiq xatırlamasa da, təxminən günorta saat 1-3 arası olmuşdur. O, xəstəxanaya müraciət edərkən orada gözünə qolundakı boyanın dəydiyini və gözünü yandırdığını bildirmişdir. Xəstəxanada onun gözünü silib təmizləmişlər. Bundan sonra o, həmin xəstəxanadan çıxıb göz xəstəxanasına getmişdir. O, xəstəxanada boya şlankının partlaması nəticəsində gözünün yanması barədə deyil, gözünə boya dəyməsi barədə məlumat verdiyini bildirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası X8 Xidmətinin 08 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin işçisi X4 xəsarət alması barədə DƏMX-yə məlumat verilməmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbi pozulmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş X8 Xidmətinin istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar daxil olan xx.xx.2025-ci il tarixli, 13 nömrəli məlumatından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 15:45-də Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ Z.Məmmədov adına xəstəxanadan "xxxx" MMC-nin işçisi X6 xx.xx.2025-ci il tarixdə iş vaxtı Gəncə şəhərində yol boyayan zaman şlank partlaması nəticəsində hər iki gözünün yanığı xəsarəti alması barədə məlumat verilmiş, məlumatı DƏMX-nin Gəncə-Daşkəsən Regional şöbəsinin baş mütəxəssisi-böyük inspektor qəbul etmişdir. Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrinin idarəetmə birliyi” publik hüquqi şəxs “Gəncə şəhər birləşmiş xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü, A.V.Məhərrəmli xx.xx.2025-ci il tarixdə Z.Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə “Göz nahiyəsinin 1-ci dərəcəli yanığı diaqnozu ilə daxil olmuşdur. (Deməsinə görə məqbərənin yanında yolu cızlayanda boya şlanqının partlaması nəticəsində xəsarət alıb). A.E.Məhərrəmliyə həkim M.Seyidov tərəfindən tibbi yardım göstərilmişdir. Yara təmizlənmiş, TƏZ-0,5s259 vurulmasından imtina etmişdir. A.E.Məhərrəmliyə göz xəstəxanasına müraciət etməsi məsləhət olunmuşdur. xx.xx.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, "xxxx" MMC ilə X3 arasında əmək müqaviləsi imzalanmışdır. Şikayətə əlavə edilmiş Emre Yalçına məxsus pasportun və təyyarə biletlərinin surətindən görünür ki, Emre Yalçın xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş, xx.xx.2025-ci il tarixdə Bakı şəhərinə geri qayıtmışdır. Beləliklə də məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, X6 "xxxx" MMC-nin işçisi olmuş, xx.xx.2025-ci il tarixdə iş prosesi zamanı gözünün yanması ilə əlaqədar “Gəncə şəhər birləşmiş xəstəxanası” publik hüquqi şəxsin Z.Məmmədov adına xəstəxananın təcili tibbi yardım şöbəsinə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ona “Göz nahiyəsinin 1-ci dərəcəli yanığı diaqnozu qoyulmuş, ora müraciət edən zaman məqbərənin yanında yolu cızlayanda boya şlanqının partlaması nəticəsində xəsarət aldığını bildirmişdir. Lakin, daha sonra xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının ƏƏSM-nin yanında DƏMX-də, eyni zamanda məhkəmə araşdırması zamanı verdiyi izahatlarında isə qolunda olan boyanın nahar vaxtı gözünə dəyməsi nəticəsində gözündə yanğı baş verdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, şikayətin təmin edilməsi və həmin qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Belə ki, şikayət vermiş şəxsin şikayətində qeyd etdiyi kimi Əmək Müfəttişliyi Xidmətinə hadisə barədə məlumat verməməsi işin mübahisəsiz halı olmaqla, şikayət vermiş şəxsin şikayətdə göstərdiyi kimi həmin hal barədə məlumatının olmaması səbəbindən xəbər verilməməsi, onu inzibati qaydada məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və onlara hüquqi qiymət verilməsi səlahiyyəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə məxsusdur. Əmək Məcəlləsi və Nazirlər Kabinetinin müvafiq qərarları ilə müəyyən edilmiş tələblərə əsasən, işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş verməsi barədə DƏMX-nə dərhal məlumat verilməsi öhdəliyi nəzərdə tutulur. Bu öhdəlik hadisənin başvermə faktı qeydə alındığı andan etibarən işəgötürənin üzərinə düşür. Məhkəmə şikayət verən şəxs "xxxx" MMC-nin direktoru Emre Yalçının xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixinədək ölkə ərazisində olmamasına münasibətdə qeyd edir ki, müəssisənin direktorunun ölkə xaricində olması işəgötürəni öz vəzifəsini icra etməkdən azad etmir. Belə ki, işəgötürən özü şifahi qaydada səlahiyyətli orqanın qaynar xəttinə zəng edərək və ya elektron poçtuna yazılı məlumat verə bilərdi, eləcə də onun tapşırığı əsasında hüquqi şəxsin hər hansı əməkdaşı tərəfindən yazılı və ya şifahi qaydada səlahiyyətli orqana məlumat verilməsi təmin oluna bilərdi. Bundan başqa, şikayət verən şəxs mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, X3 xx.xx.2025-ci il tarixdə nahar fasiləsində olarkən, tərini silmək istəyərkən qolundakı boya gözünə dəymişdir və qeyd edilən hal bədbəxt hadisə deyildir. Məhkəmə qeyd edilən dəlilə münasibətdə qeyd edir ki, göstərilən dəlil əsassızdır belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndi imperativ norma olaraq təsbit edir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına əsasən hadisənin bədbəxt hadisə olubolmaması qiymətləndirilir. İşçinin xəsarət alıb-almaması faktı hadisənin təhqiqatı nəticəsində müəyyən ediləcək hallardan biridir və işəgötürəni məlumat vermək kimi ilkin və mütləq vəzifədən azad etmir. Hadisənin “istehsalatla əlaqədar bədbəxt hadisə” olubolmamasına hüquqi qiyməti məhz səlahiyyətli orqan, bu halda X8 Xidməti aparılmış təhqiqat nəticəsində qiymət vermək səlahiyyətinə malikdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Normanın mənasından da göründüyü kimi, işəgötürən istehsalatda baş vermiş bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması qaydaları”nın 1.1-ci bəndinə əsasən bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Həmin qaydaların 1.2-ci bəndinə əsasən işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan Emre Yalçının nümayəndəsi və müdafiəçisi Nümayəndə1 tərəfindən verilən şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Emre Yalçının nümayəndəsi və müdafiəçisi Nümayəndə1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin X2 xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar