Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-2328/2023 27.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Orxan Məmmədov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)-2884/2012 saylı icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Orxan Məmmədov izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2884/2012 saylı, xx.xx.2012-ci il tarixli məhkəmə əmrinə əsasən Şəxs 1107,62 manat borc və 10 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq kreditor X1 verilməlidir. Sumqayıt şəhəri üzrə icra idarəsinin sabiq icra məmuru tərəfindən 13 iyul 2012-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borclununun icra idarəsində iştirakını təmin etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, xx.xx.2013-cü il tarixdə polis əməkdaşları tərəfindən borclunun icra idarəsində iştirakı təmin edilmişdir. Həmin vaxt borclu məhkəmə əmri üzrə borcundan 200 manat ödəniş etmiş, sonradan borclu ilə əlaqə saxlamaq mümkün olmamışdır. Bundan sonra tərəfindən borclunun axtarılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, barəsində axtarış elan edilmiş, 21 sentyabr 2023-cü il tarixdə borclunun icra idarəsində iştirakı təmin edilmişdir. Borclu 21 sentyabr 2023-cü il tarixdə icra idarəsinə gəldikdən sonra çağırışlara vaxtı vaxtında yəni dediyi vaxtlarda 25 və 27 sentyabr 2023-cü il tarixlərdə icra idarəsində olmuşdur. Borcluya vaxt verilsə də o, borcundan heç bir ödəniş etməmişdir. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Borclu fərdi əməklə məşğul olur, hesab edir ki, əgər istəsə idi məhkəmə əmri üzrə ödənişləri edə bilərdi. Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə əmri qanunla müəyyən edilmiş vaxtda tam olaraq icra edilməmiş və hazırda qalıq olaraq ödənilməmiş 657 manat 62 qəpik borcu qalmışdır. Bu səbəbdən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, onun Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(060)- 2884/2012 saylı məhkəmə əmrindən 21 sentyabr 2023-cü il tarixdə məlumatı olmuşdur. O, ilk dəfə xx.xx.2013-cü il tarixdə icra idarəsində olan zaman 200 manat ödəniş etmiş, uzun müddət keçdiyi üçün artıq borcun ödənildiyini zənn etmişdir. O, bu yaxınlarda telefon almış, 20-21 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları onu icra idarəsinə gətirilən zaman aldığı telefonun borcu ilə əlaqədar icra idarəsinə aparıldığını zənn etmişdir. Bu səbəbdən həmin borcundan 100 manat ödəniş edib, icra məmuruna təqdim etmiş,lakin icra məmuru ona "xxxx" MMC-ə borcu olduğunu söyləmişdir. O, "xxxx" MMC-ə borcu qaldığını həmin vaxt bilmişdir. O, ödəniş etməkdən yayınmır. Qeyd edilən borc ona məxsusdur və ödənilməlidir. Hazırda fərdi əməklə məşğul olur, bu həftənin sonunadək borcundan daha 200 manat ödəniş edəcəyinə, qalanını isə hissə-hissə ödəyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2884/2012 saylı, xx.xx.2012-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs borcundan qismən ödəniş etmiş hal-hazırda ödənilməmiş 657 manat 62 qəpik borcu qalmışdır. Buna görə də, icra məmuru tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Subyektiv cəhətin zəruri elementi olan qəsdən borcun ödənilməməsi icra məmuru tərəfindən sübuta yetirilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında məhkəmə əmri üzrə 1117,62 manat borc məbləğində borcunun olduğunu, həmin borcun müəyyən hissəsini ödədiyini, hazırda 657 manat 62 qəpik ödənilməmiş borcun qaldığını bildirmişdir. Bundan başqa borcundan 200 manatı həftə sonuna qədər, digər qalan borcunu isə hisə-hissə ödəyəcəyinə söz vermişdir. Bundan başqa borclu uzun illər ərzində qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün borcun ödənilib-ödənilməməsindən məlumatlı olmamış və zənn etmişdir ki, artıq borc adına kredit götürən şəxs tərəfindən ödənilmişdir. Hətta ona mobil telefon vasitəsilə belə xəbərdarlıq edilməmişdir. Və yalnız polis tərəfindən icra idarəsinə gətirildikdən sonra qalıq borcunun ödənilməməsindən xəbər tutmuşdur. Borcun ödənilməsindən yayınmır. Ona müəyyən vaxt verilməsini xahiş etmişdir. Məhkəmə borclu tərəfindən qalıq borcun uzun müddət keçməsinə baxmayaraq ödənilməməsini üzrlü hesab edir, belə ki, o qeydiyyatda olduğu ünvanda yaşamadığından İcra İdarəsi tərəfindən göndərilmiş məktublar ona çatmamış, sənədləri qəbul etməmiş və ya qəbul etmişdirsə icra məmuru tərəfindən bu faktları təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Bundan sonra məhz Polis əməkdaşları təfərindən xx.xx.2023-cü il tarixdə Şəxs İcra İdarəsinə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim edilmiş, izahatı alınmış, qalıq borcun ödənilməsi ondan tələb edilmişdir. İş materiallarının tədqiqi zamanı icra məmuru tərəfindən borcluya qalıq borcun ödənilməsi üçün xəbərdarlıq müddətinin verilmədiyi müəyyən edilmişdir. Odur ki, qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-2328/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-2328/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver